Əlaqə Arxiv
news Image
2013.01.19
07:35
| A A A
İri ticarət mərkəzlərində istifadəsiz qalan kassa aparatları
Vüqar Bayramov: "Xərclər artdığı təqdirdə satıcılar qiymətləri artırmaq məcburiyyətində qalacaqlar Azərbaycanda tədricən satış məntəqələrində kassa aparatlarının quraşdırılması prosesi genişlənir. Artıq belə aparatlar "Sədərək" və "Binə" kimi ticarət mərkəzlərində peyda olmağa başlayıb. Kassa aparatlarının quraşdırılması prosesi qanunvericiliyin tələbidir.
Belə aparatların olması fonunda bəzi fiziki və hüquqi şəxslərin vergidən yayınması hallarına da son qoyulur. Amma nədənsə "Sədərək" Ticarət Mərkəzində mal sahibləri kassa aparatlarının qoyulmasına etiraz ediblər. Sözügedən aparatlar hər iki böyük ticarət mərkəzlərində qoyulsa da, onlardan hələ ki, istifadə olunmur. İki gün əvvəl isə "Sədərək"də çalışan işçilər kassa aparatları quraşdırılacağı halda hətta işə çıxmayacaqlarını da bəyan ediblər. Sahibkarlar kassa aparatlarının qoyulması fonunda xərclərinin artdığını iddia edir. Ona görə də bunun müqabilində yer pulu kimi alınan icarə haqqlarının azaldılmalı olduğunu deyirlər. Qeyd edək ki, "Sədərək" ticarət mərkəzində sahibkarlar 1 kv.m görə 15 manat yer haqqı ödəyir. Onların fikrincə, kassa aparatlarının qoyulması fonunda yer pulu da sadələşdirilmiş vergi əsasında olmalıdır. Rəhbərlik isə hələlik susur. Bütün hallarda əsas məsələ odur ki, nə obyektin sahibləri, nə də satıcılar vergidən yayınmamalıdırlar.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da kassa aparatlarının quraşdırılmasının qanuna müvafiq olduğunu diqqətə çatdırdı: "Sədərək" və "Binə" ticarət mərkəzlərində quraşdırılan kassa aparatlarından istifadə olunması sahəsində yaranmış problem birbaşa olaraq onunla bağlıdır ki, bu obyektlərdə ticarətlə məşğul olanların ödənişləri çoxdur. Ödənişlərlə bağlı onlarla rəhbərlik arasında müqavilə bağlanan zaman "Sədərək" rəhbərliyi tərəfindən qeyd olunub ki, kassa aparatlarına görə vergilər rəhbərlik tərəfindən ödəniləcək. Deməli, ticarətlə məşğul olanlar kassa aparatına görə şəxsən vergi ödəməməli idilər. Buna rəğmən, kassa aparatları qoyulduqdan sonra ola bilsin sahibkarlar artıq razılaşmadan kənar olaraq vergi ödəmək məcburiyyətində qalıblar. Bu da təbii ki, onların xərcinin artması anlamına gəlir. "Sədərək" və "Binə" kimi ticarət mərkəzlərində kassa aparatlarının Vergilər Nazirliyi tərəfindən quraşdırılması tamamilə qanunvericiliyə uyğundur. Qanunvericilik satış məntəqələrində kassa aparatlarının quraşdırılmasını tələb edir. Bu baxımdan Vergilər Nazirliyinin kassa aparatlarının qoyulması ilə bağlı həyata keçirdiyi fəaliyyətdə hər hansı bir qanun pozuntusu yoxdur. Vergilər Nazirliyi bu addımı birbaşa qanun çərçivəsində edib. Amma satıcıların narazılığı kassa aparatları quraşdırıldıqdan sonra daha çox vergi ödəmək məcburiyyətində qalmaları ilə bağlıdır. Belədə isə onların xərcləri də artacaq. Xərclər artdığı təqdirdə isə satıcılar qiymətləri artırmaq məcburiyyətində qalacaqlar. Bu isə "Sədərək" ticarət mərkəzində qiymətlərin artması demək olacaq. Azərbaycanda xeyli sayda pərakəndə satış məntəqələri mallarını topdansatış olaraq məhz "Sədərək"dən alır. Belə olan halda qiymətin artması fonunda satışın həcmi aşağı düşəcək, hətta sözügedən ticarət mərkəzindən kənardakı pərakəndə satış məntəqələrində qiymətlərin artması baş verəcək. Problem satıcıların ödədiyi vəsaitin həcminin çox olmasından yaranır. Bura vergi daxil deyil. Söhbət burada yer pulu adlandırılan icarə haqqı və digər xərclərdən gedir. Təbii ki, kasa aparatları quraşdırıldıqdan sonra satıcılar dövriyyəyə uyğun olaraq vergilərini ödəyəcəklər. Belə olan halda onların satış obyektinin rəhbərliyinə ödədiyi vəsaitin həcmi azalmalıdır ki, satıcılar bütövlükdə xərcləri kompensasiya edə bilsinlər".
Sizin Reklam Yeriniz