Əlaqə Arxiv
news Image
2013.01.19
07:41
| A A A
Ermənilər Qarabağda təhlükəli demoqrafiya oyununa başlayıblar
Natiq Miri: “Azərbaycan bu məsələni ATƏT və BMT səviyyəsində qaldırmalıdır” Qabil Hüseynli: “Məsələ ATƏT və BMT səviyyəsində həll edilməsə, Beynəlxalq Hüquq Məhkəməsinə müraciət etməliyik” Xəbər verildiyi kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonuna Suriyadan gəlmiş 200-ə yaxın erməni yerləşdirilib. Bu, azmış kimi, köçkünlərə ev tikintisi və kənd təsərrüfatı işləri üçün kredit də verilməsi barədə məlumatlar var. Onların çoxu ermənicə bilmədiyindən məktəblilər üçün yerli məktəbdə dərnək də yaradılıb.
Bundan öncə də analoji hal baş vermişdi. Həm Suriyadan, həm də digər bölgələrdən Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilərin məskunlaşdırılması prosesi həyata keçirilib. Təbii ki, Azərbaycan tərəfi də buna öz etirazını bildirib. Siyasi şərhçilər artıq məsələnin tək ATƏT yox, BMT səviyyəsində müzakirə olunmasını təklif edirlər.
Politoloq Natiq Miri bildirir ki, Suriya ermənilərinin Azərbaycan torpaqlarına yerləşdirilməsi, nəticəsindən asılı olmayaraq xoşagələn bir hadisə deyil: "Amma bunun heç bir perspektivi yoxdur. Çünki, Suriyada ermənilərinin Qarabağdakı məhrumiyyətlərə uzun müddət davam gətirəcəkləri ağlabatan deyil. Görünür, bu addımlar konkret məcburiyyət qarşısında atılır. Ancaq Ermənistan hakimiyyətinin bütün istəklərinə rəğmən onun baş tutacağına inanmıram. Ola bilsin ki, sadəcə olaraq seçki qabağı bunun özü də Serj Sarkisyan hakimiyyətinin bir növ ictimai psixologiyanı manipulasiya etmək cəhdidir. Amma bütün hallarda bu, bizim əlimizə bəzi hüquqi əsaslar verir. Çünki, hər hansı bir işğalçı ölkənin işğal etdiyi torpaqlara tamamilə fərqli bir ölkənin vətəndaşlarını yerləşdirməsi beynəlxalq hüquqa ziddir. Bu, qəbulolunası humanitar aksiya deyil. O baxımdan Azərbaycan bu məsələni ATƏT və BMT səviyyəsində qaldırmalıdır. Bunun üçün də imkanlar var. Çünki, bunun əksini iddia edə biləcək o qədər də ölkə mövcud deyil. Belə bir hadisə hər bir ölkənin başına gələ bilər. Ona görə də Azərbaycan məsələni BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində təcili olaraq qaldırmalıdır. Bu yöndə də Azərbaycanın konkret praktikası və gücü var. Əlavə olaraq Azərbaycanın əlinə çox tutarlı və hüquqi bəhanələr verilir. Nədən Azərbaycan bu vəziyyətdən istifadə etməsin? Odur ki, məsələni təcili olaraq beynəlxalq səviyyədə qaldırmalı və konkret qərara nail olmalıdır ki, bu cür məsələlər təkrar olunmasın".
Digər siyasi şərhçi Qabil Hüseynli bildirir ki, işğal edilmiş ərazilərin məskunlaşdırılması artıq birinci hal deyil: "Bu proses bəzən zəif, bəzən də orta templə getməkdədir. Hətta iş o yerə çatıb ki, onlar erməniləri daha da asan yolla Ermənistan gətirmək üçün Suriya ilə Türkiyə arasında sərhəd qapılarını açmaq planını həyata keçirməyə çalışırlar. Türkiyə buna icazə verməsə də, onlar Kipr, Yunanıstan xətti ilə Suriya ermənilərinin bölgəyə daşınmasına başlayıblar. Artıq 200-dən artıq erməninin Zəngilanda yerləşdirilməsi bir faktdır. Onlara kreditlər də veriblər. Bundan əvvəl də Kəlbəcərdə xaricdən gələn ermənilərin yerləşdirilməsi barədə məlumat var idi. Məskunlaşma siyasəti mərhələ-mərhələ həyata keçirilir. Bu da çox təhlükəli bir tendensiyadır. Azərbaycan torpaqlarının məskunlaşması haqqında Azərbaycan bir dəfə ATƏT - ə şikayət yönləndiribdir. Bunun nəticəsində də 2 il əvvəl ATƏT-in faktaraşdırıcı missiyası yaradıldı. Onlar da işğal edilmiş ərazilərə gedərək hesabat hazırladılar. Uzun müddət hesabatı açıqlamaqdan imtina etdilər. Amma sonda Azərbaycanın təkidi ilə bu hesabatı açıqladılar. İndi də Suriya ermənilərinin gedəsi heç biri yeri olmadığından onları hara dəvət etsələr, mütləq ora gedəcəklər. Sabah Zəngilanda yerləşdirilən ailələrin sayı arta bilər. Hətta digər bölgələrə də keçə bilər. Bu, Ermənistanın təcavüzkar siyasətini təsdiq edən və sülh yaratmaq prosesində sadiq olmadığını göstərən faktlardan biridir. Bu nöqteyi-nəzərdən Azərbaycan öz qəti mövqeyini ortaya qoymalıdır. Məsələ ilə bağlı təkcə ATƏT-ə yox, həm də BMT-yə müraciət etməlidir. Azərbaycanın BMT-də təsiri böyükdür. Yaxın aylarda Təhlükəsizlik Şurasına sədrlik yenidən Azərbaycana keçəcək. Ermənistanın bütövlükdə bütün barbar hərəkətlərini nəzərə almaqla məskunlaşma məsələsini qabardaraq, həm ATƏT, həm də BMT səviyyəsinə çıxarmalıdır. Əgər burdan bir nəticə çıxmasa, Beynəlxalq Hüquq Məhkəməsinə müraciət edilməsinə nail olmaq lazımdır. İndidən hüquqşünaslar qrupu ayırıb, bu məsələni Beynəlxalq Məhkəməyə hazırlamalıyıq ki, torpaqlarımız işğal edilməklə yanaşı, orada erməni ailələrinin yerləşdirilməsi prosesi gedir. Siyasi uduş əldə etməklə bərabər, məsələnin hüquqi yolla, məhkəmələrdə də uduşuna nail olmaq olar".
Sizin Reklam Yeriniz