Əlaqə Arxiv
news Image
2013.01.21
16:44
| A A A
Azərbaycan hava məkanını pozan təyyarələri S-300 raketi ilə vura bilər
Yaşar Cəfərli: "Ermənistanın Xocalı aeroportunu işə salması xülya olaraq qalacaq" Bir neçə gün öncə Ermənistan fevral ayında Azərbaycanın işğal etdiyi ərazisində yerləşən Xocalı aeroportunu işə salacağı barədə bəyanat yaydı. Bu günlərdə isə Azərbaycanın Nazirlər Kabineti ölkənin hava məkanını pozan bütün təyyarələrin vurulması haqqında yeni qaydaları təsdiqlədi. Qəbul olunmuş yeni qaydalarla Azərbaycan tərəfi bir daha bəyan etdi ki, ölkəmizin hava məkanını pozan təyyarələr qeyri-şərtsiz olaraq vurulacaq. Az keçməmiş işğalçı ölkədən Ermənistanın Xocalı aeroportundan istifadə edəcək təyyarələrini qoruyacağı, həmin təyyarələrin vurulmasına imkan verilməyəcəyi barədə cavab mesajı gəldi. Bu bəyanatı Ermənistanın müdafiə naziri Seyran Ohanyan səsləndirdi. Bəs görəsən Ermənistan tərəfinin Xocalı aeroportundan istifadə edəcək təyyarələrinin qorunacağı ilə bağlı bəyanatı reallıqda mümkündürmü?
Bu barədə Movqe.az-a danışan hərbi ekspert Yaşar Cəfərli  bunun mümkünsüz olduğunu söyləyib. Onun sözlərinə görə, işğalçı Ermənistanın Xocalı aeroportunu fevral ayında işə salmaq niyyəti baş tutmayacaq: " Bu aeroportda uçuşların aparılması Azərbaycanın razılığı olmadan heç bir halda mümkün deyil".
Hərbi ekspertin sözlərinə görə, həm hüquqi baxımdan, həmdəki müdafiə baxımından üstünlük Azərbaycan tərəfindədir: "Beynəlxalq sənədlərdə, hüquqi aktlarda hər hansı ölkənin hava məkanının pozulması yolverilməzdir. Dağlıq Qarabağ ərazisi beynəlxalq səviyyədə, beynəlxalq uçuşların aparılması üçün bağlı ərazi sayılır. Odur ki, belə bir vəziyyətdə Dağlıq Qarabağ ərazisində hər hansı  beynəlxalq uçuş aparılarsa, bu Azərbaycanın hava məkanının pozulması kimi qiymətləndiriləcək. Beynəlxalq hüquqi aktlar və Nazirlər Kabinetinin bir neçə gün öncə təsdiqlədiyi qaydalar imkan verir ki, Azərbaycan tərəfi həmin təyyarələri vursun".
Y. Cəfərli deyir ki, belə vəziyyət yaranarsa, təbii ki, Azərbaycan tərəfi heç bir pilotunu ölümlə üz-üzə qoyub hava hücumunun müdafiəsinə qalxmayacaq: "Hərbi Hava Qüvvələrinin hava məkanını pozan təyyarələri yerə salması ilə bağlı prosedurları var. Amma sözsüz ki, Dağlıq Qarabağla bağlı xüsusilik var. Belə halda Azərbaycan tərəfi öncə hava məkanını pozan təyyarəyə bu barədə xəbərdarlıq siqnalları göndərəcək. Əgər təyyarə hava məkanını pozmaqla bağlı Azərbaycan tərəfinin xəbərdarlığına məhəl qoymazsa, heç şübhəsiz ki, həmin təyarə vurulacaq. Ermənistan tərəfi həmin təyyarələrin qorunacağı ilə bağlı absurd fikirlər səsləndirib. Ermənistan həmin təyyarələri heç bir halda qoruya bilməyəcək. Çünki, Azərbaycan həmin təyyarələri hava məkanını pozarsa, S-300 raketləri vasitəsilə vuracaq. Bu raketlərin hədəfə çatma sürəti 55-60 km məsafədə iki dəqiqə təşkil edir. Hansı ki, bu raketlərə yalnız Azərbaycan tərəfi malikdir.  Ermənistan tərəfinin isə iki dəqiqə ərzində həmin təyyarələri hava hücumundan müdafiə etməsi üçün xüsusi silahı yoxdur. Bu raketləri vuracaq qabiliyyətə malik silah növü də ixtira olunmayıb".
Y. Cəfərli deyir ki, bu raketlər Azərbaycanla Ermənistanın təmas xətində yerləşdiriləcək. Yəni Azərbaycan hədəfə Ermənistandan daha yaxın olacaq ki, bu da hava məkanını pozan təyyarənin iki dəqiqədən də tez bir müddətə vurulmasına imkan verəcək: "Bir dəqiqəyə isə Ermənistan tərəfi də yaxşı bilir ki, S-300 raketinin həmləsini heç bir silahla dəf edə bilməyəcək. Belə halda isə Ermənistan tərəfi etiraf etməsə də, bu aeroportdan Azərbaycan tərəfinin icazəsi olmadan istifadə edə bilməyəcəyini anlaylır. Təhlükəsizlik təmin olunmadıqa isə heç bir aviaşirkət öz təyyarəsini sərnişinləri ilə birgə təhlükə altında qoymayacaq".
Odur ki, Y. Cəfərli Ermənistan tərəfinin Xocalı aereportundan istifadəsinin xülya olaraq qalacağını söyləyir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev isə Movqe.az-a bildirdi ki, artıq Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı bəyanatını verib: "Bizim bu məsələdə mövqeyimiz dəyişməyib. Azərbaycanın hava məkanını pozan, xəbərdarlığa məhəl qoymayan istənilən təyyarə vurulacaq".
T. Abdullayev bunun üçün hansı vasitələrdən istifadə ediləcəyini açıqlamadı.

Sizin Reklam Yeriniz