Əlaqə Arxiv
news Image
2013.01.23
15:10
| A A A
Nikahsızlara dini kəbin kəsən mollalar cəzalandırılacaq

"Təəssüflər olsun ki, Azərbaycanda hələ də rəsmi qeydə alınmamış nikahların statistikası yoxdur. Bu da mövcud sahədə daha ciddi işlərin görülməsi və problemlərin həllinə ciddi mane olur".

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Aynur Veysəlova deyib. O bildirib ki, komitə tərəfindən mövcud məsələ ilə bağlı Ədliyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinə müraciət edilib. Onun sözlərinə görə, bu statistikanın aparılması bir sıra məqamların əvvəldən aşkarlanması və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınmasına şərait yarada bilər: "Azərbaycan rəsmi nikah yaşı 18-dən başlayır. Amma ölkədə 18 yaşa kimi neçə-neçə qız ərə verilir və bu, rəsmi qeydiyyata alınmır. 14-18 yaş arası ərə verilən qızlar barədə rəsmi qeydiyyat aparılsa və bunun statistikası olsa, onlarla bağlı vəziyyəti araşdırıb daha ciddi işlər görə bilərik".
A. Veysəlova bildirib ki, erkən nikaha cəlb olunanlar üçün daha çox dini kəbin kəsilir. Lakin son vaxtlar nikah yaşına çatmayan və rəsmi nikah sənədi olmayanlara kəbin kəsilməsinin qadağan olunması barədə din xadimlərinə göstərişin olduğunu deyən komitə rəsmisinin sözlərinə görə, hansısa dini xadim bunu edərsə, ona qarşı müvafiq cəza tədbirləri görüləcək: "Belə hallara yol verənlər artıq bu işlə məşğul ola bilməyəcəklər. Düşünürük ki, artıq rəsmi nikah şəhadətnaməsi olmadan kəbinin kəsilməməsi erkən nikahların və bununla bağlı yaranacaq problemlərin qarşısını almağa şərait yaradacaq".
Sizin Reklam Yeriniz