“Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-də əsaslı dəyişikliklər aparılıb". Bunu Qax rayonunda jurnalistlərə açıqlamasında yeni kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
O qeyd edib ki, "Aqrolizinq" ASC yeni yanaşma prinsipi əsasında fəaliyyət göstərəcək: "Aqrolizinq"də düzgün idarəçiliyin bütün prinsipləri-şəffaflıq, səmərəlilik tam təmin ediləcək. "Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin digər strukturları kimi öz işini fermer və kəndlinin yanında olması prinsipi əsasında quracaq".
Ekspertlərin fikrincə, deyilənlər reallaşarsa, aqrar sahədə həqiqətən daha böyük məhsul istehsalı gözləmək mümkündür. İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, yeni nazirin ilk ictimai çıxışlarından sahədəki mövcud sistemli problemləri artıq gördüyü məlum olur: “Yəni, sistemli yanaşmanı tətbiq etmək istəyir. Aqrar sahədə ən böyük problemlərdən biri sistemli yanaşmanın olmaması, həmçinin məhsuldarlıqla bağlı problemlərin olması, təşviq proqramlarının düzgün aparılmamasıdır. Nazir də bu istiqamətdə çıxış etdi. Bu da onu göstərir ki, daxili idarəetmədə problemlərin nə olduğunu yaxşı bilib. Bununla bağlı yeni – şəffaf idarəetmə prinsiplərinin gətirilməsi vacib amildir.
Nəzərə alaq ki, “Aqrolizinq” ASC vacib dövlət strukturudur. Quruma bu günə qədər milyonlarla vəsait ayrılıb. Lakin onun geri dönüşü, fermerlərin problemlərinin həlli hələ də qalmaqdadır. Texnikaların vaxtında çatdırılmaması, gübrə ilə təminatdakı nöqsanlar, təşviq proqramlarının məhsuldarlıq yox, sahənin həcmi ilə ölçülməsi kimi çatışmazlıqlar düzələrsə, aqrar sahədəki problemlər öz həllini tapa bilər.
Ən böyük problem məhz məhsuldarlıqla bağlıdır. Ölkə ərazisinin təxminən 40 faizi əkinə yararlıdır. Bu da kifayət qədər kiçik göstəricidir. Nəzərə alaq ki, suvarma, texnika ilə təminatla bağlı problemlər var idi. Hansı ki, bunlar da məhsuldarlığa təsir göstərir. Həqiqətən də nazirlik fermerin yanında olsa, mövcud əkin sahələri ilə məhsuldarlığı hər il 25 faiz artırmaq mümkündür”.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, kənd təsərrüfatı teknikası istehsalının zəif olduğu Azərbaycan üçün “Aqrolizinq” ASC fəaliyyəti böyük əhəmiyyət daşıyır: “Kənd təsərrüfatı ilə əlaqədar “Yol Xəritəsi”ndə qurumun fəaliyəti və əhəmiyyəti qeyd edilib. 2004-cü ildən fəaliyyət göstərən “Aqrolizinq” ASC tərəfindən son 10 ildə fermerlər üçün minlərlə kənd təsərrüfatı texnikası, gübrələr, damazlıq heyvanlar və digər xidmətlər təmin edilməsinə baxmayaraq, bu qurumun işinin təkmilləşdirilməsinə böyük ehtiyac var.
Bölgələrdə təchizat bazaları və xidmət sferası genişləndirilməli, qurumun şəffaflığının təmin edilməsi üçün nəzarət tədbirləri həyata keçirilməlidir. Fermerlərin aqrolizinqə marağının artması baxımından “Aqrolizinq”in keçirdiyi tenderlərin şəffaflığı böyük əhəmiyyət kəsb edir. Fermerlərin real ehtiyaclarının yerlərdə öyrənilməsi, onların arasında müvafiq maarfləndirmə işlərinin aparılması zəruridir. Ən əhəmiyyətlisi isə, fermerlər üçün əlçatan qiymətlərlə və vaxtında lazım olan texnika və materialların təmin edilməsidir. Bütün bunlar həyata keçirilərsə, “Aqrolizinq”ə güvən artar və bu qurumun fəaliyyətinin genişləndirilməsi və səmərəlilyinin artırılması mümkün ola bilər”.
Mübariz BAYRAMOV