Əlaqə Arxiv
news Image
2012.04.03
19:16
| A A A
Yeni binaların köhnə problemləri...

Nüsrət İbrahimli: "Sahibkarları üzə çıxarıb dillərindən hökumət səviyyəsində binanı 3-5 aya tikib başa çatdırmaqla bağlı zəmanət kağızı almalıdırlar "


Təzə tikilən yaşayış binalarının çoxuna mavi qazın verilməsi hələ də problem olaraq qalır. Qazın verilməməsi də həmin binaların müvafiq dövlət qurumları tərəfindən qeydiyyata alınmaması ilə bağlıdır. Bununla belə yenidən təzə binaların tikintisinə icazə verilir. Amma onların da çoxu qazla təmin edilmir.

Nəticədə qazla təmin olunmadığına görə istismara qəbul olunmayan binaların sırasına yeniləri də əlavə olunur. Bundan isə əhali əziyyət çəkir. Vətəndaşlar min bir əziyyətlə yığdıqları pulu verməklə mənzilə sahib olmağa çalışır. Amma qazın olmaması səbəbindən həmin evlərinə köçsələr də mənzillərini qızdıra bilmirlər. Vəziyyətin belə davam etməsi isə sonda mavi yanacaqla təmin olunmayan binaların sayının durmadan çoxalmasına rəvac verməkdədir. Deməli, bunun baş verməməsi üçün nəsə etmək gərəkdir. Sözügedən problemin həllinin nədən ibarət ola biləcəyini ekspertdən öyrəndik.

NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli sözügedən problemin həllini həmin bina sahiblərindən işi bir neçə aya bitirməklə bağlı zəmanət sənədi almaqda, buna razı olmadıqları halda isə binanın auksionda satışa çıxarılmasında görür: "Təzə tikilən binalara qaz ona görə verilmir ki, onların tikintisi tam şəkildə başa çatdırılıb dövlət komissiyasına təhvil verilməyib. Həmin binaların tikintisini başa çatdırmayanların əksəriyyəti də 2002-2007-ci illərdə tikinti bazarına daxil olan çoxsaylı təsadüfi adamlardır. Tikinti bazarında əsas problemi yaradan məhz bu adamlardır. Onlar ya tikintini düzgün aparmayıb, ya maliyyə imkanlarını doğru hesablamadıqları, ya da əhaliyə satdıqları mənzilin müqabilində yığdıqları pulu düzgün xərcləmədiklərindən tikinti indiyə kimi sona çatmayıb. Belə təsadüfi insanlar hazırda tədricən də olsa bazardan təmizlənir. Beləcə bazarda təxminən 12-15-ə yaxın iri şirkətlər qala bilər. Hazırda ölkədə tikintini davam etdirənlər də məhz 15-ə qədər şirkətdir. Onların da maliyyə dayanıqlılığı güclüdür. Tikintini təhvil verməyən problemli tikinti kooperativlərinə isə məlumatıma görə, yeni tikintilərin inşasına hələ ki, icazə verilmir. Çünki bu kooperativlər demək olar ki, özləri problemlidir və bazarda yaxşı imicə malik deyillər. Hazırda bazarda işləyən şirkətlər əsasən "Akkord", "Azinko", "Şərur" və bir neçə başqasıdır. Onların tikdikləri binaların sənədləşməsinə dair isə elə bir problemlər yaşanmır. Düzdür, bir qədər uzun müddətə tikirlər, amma təhvil verdikləri binanın sənədlərini alırlar. Qaz verilməyən bina problemini həll etmək üçün binanı tikən sahibkarları üzə çıxarıb dillərindən hökumət səviyyəsində binanı 3-5 aya tikib başa çatdırmaqla bağlı zəmanət kağızı almalıdırlar. Çox vaxtı onlar üzdə olmur, gizlənirlər. Sahibkar zəmanət verməkdən qaçdıqda isə həmin bina auksion qaydasında satışa çıxarıla bilər. Həmin auksionda binanı alan da yarımçıq qalmış işi başa çatdırmaqla binanı təhvil verir və əhalinin sənədləşməsini təmin edir. Burada başqa yol görmürəm. Yəni həmin qazsız binaların sahibkarlarını pulla cəzalandırmaq lazımdır. Çünki belələrini həbs etməklə əhalinin mənzil məsələsi həll olunmur".
Sizin Reklam Yeriniz