Aparılan araşdırmalar göstərir ki, 2011-ci ilin yanvarın 1-ə Azərbaycanda bank əmanətlərinin həcmi 2,9 milyard manat, əmanətçilərin sayı isə 5,4 milyon nəfər təşkil edib. Cari ilin oktyabrın 1-ə olan məlumata əsasən isə, əmanatlərin həcmi iki dəfə artaraq 5,8 milyard manata çatıb. Lakin əmanətçilərin sayı 100 min nəfər azalıb. Azərbaycanda bank sektorunda yaranan bu vəziyyətin səbəbini ekspertlər Movqe.az-a fərqli prizmadan izah ediblər.
İqtisadçı-ekspert Samir Əliyev
saytımıza verdiyi açıqlamada bu gün əmanətçilərin sayı azalsa da,
qoyulan əmanətlərin həcminin artdığını deyib: "Əmanətçilərin
sayında azalma olsa da, əmanətlərin sayında artım müşahidə olunur.
Yəni, artıq bir növ kəmiyyət dəyişikliyindən keyfiyyət
dəyişikliyinə keçilib. Bir müddət əvvəl əmanətçilərin sayına görə
onların qoyduğu əmanətlərin həcmi az idi. Artıq adam başına düşən
əmanətlərin həcmində artım müşahidə olunur. Bir nəfərə düşən əmanət
həcmi təxminən 10 il bundan əvvəlki dövrlə müqayisədə daha çoxdur.
Bu, onu göstərir ki, baxmayaraq ki, əmanətlərin sayında təxminən
100 min nəfərə qədər azalma müşahidə edilir, amma biz əmanətlərin
sayının getdikcə artmasını müşahidə edirik. Bunun əsas səbəbi
onunla bağlıdır ki, artıq insanlar banka daha çox həcmdə əmanət
qoymağa çalışırlar. Digər tərəfdən isə, insanların əlavə
vəsaitlərinin azalması müşahidə olunur. Yəni, əmanətçilərin sayı
azalır. Bu o deməkdir ki, az qisim insanlarda banka qoymaq üçün
əlavə vəsait mövcuddur. Bir qrup insanlar evdəki artıq pulu
banklara əmanət kimi qoymağa üstünlük verirlər. Müəyyən bir hissə
ki var, onların əllərində artıq pulun həcmi çoxalır və bu pulları
banka qoyduqda əmanətlərin həcmi daha da artır. Bəzi
vətəndaşların gəlirlərində azalma baş verir və nəticədə banka
qoymağa artıq pul olmadığı üçün əmanətçilərin sayı azalır. Buna
görə də, əmanətlərin artımı son prosesdir. Xüsusən də, Əmanətlərin
Siğortalanması Fondu tərəfindən siğortalanan əmanətlərin faiz
dərəcəsinin 12 %-dən 10%-ə salınması yəqin ki, əmanətlərin artım
tempinə təsir göstərəcəkdir. Araşdırsaq görərik ki, həmin
əmanətlərin böyük hissəsi yüksək faizlə qoyulan əmanətlərdir.
12%-dən yüksək olan əmanətlər, ümuminin hardasa 36%-ni təşkil edir.
Yerdə qalan 64% əmanətin faiz dərəcəsi 12%-dən aşağıdır. İndi isə
10%-ə qədər aşağı salınıbdır. Yəqin ki, bu qorunan əmanətlərin
azalmasına gətirib çıxaracaq. Çünki, insanlar pullarını yüksək faiz
təşkil edən banklara əmanət qoymağa çalışacaqlar. Sadəcə, burda bir
nüans ondan ibarətdir ki, biz bilirik, Mərkəzi Bankın qərarına
görə, bankların nizamnamə kapitalı gələn ildən 50 milyon
manat olmalıdır. İlin sonu yaxınlaşır və nizamnamə kapitalı
50 milyondan aşağı olan bankaların bağlanması məsələsi gündəmə gələ
bilər. Ona görə də, insanlar bir qədər gözləmə mövqeyindədirlər ki,
görək hansı bank bağlanacaq, hansı bank yoluna davam edəcək. Bu
halda, artıq banklar müəyyən ediləndən sonra insanlar yenidən
kütləvi şəkildə banklara əmanət yatırmağa üstünlük verəcəklər".
İqtisadçı-ekspert Qadir İbrahimli isə
Movqe.az-a verdiyi açıqlamada bu azalmanın səbəbini insanların bank
sektoruna olan inamının itməsi ilə izah edib və bu sahədə bir sıra
tədbirlər görülməsinə ehtiyac olduğunu bildirib: "Bu, əlbəttə ki,
müsbət tendensiya deyil. Mən bu inamsızliğı baş verən hadisələrlə
əlaqələndirərdim. Hər bir vətəndaş əmin olmalıdır ki, onun qoyduğu
əmanət tam siğortalanmış vəziyyətdədir. Hətta, bank batsa belə,
həmin əmanət geri qaytarılacaq. Bildiyiniz kimi, Əmanətlərin
Siğortalanması Fondu faiz dərəcəsi 10%-dən çox olmayan 30 minə
qədər olan əmanətlərə təminat verilir. 30 mindən yuxarı və illik
faiz dərəcəsi 10%-dən çox olan əmanətlər üçün isə heç bir təminat
vermir. Mənə elə gəlir ki, insanlar arasında bir qədər
maarifləndirmə işləri aparılmalıdır. Müştərilər bilməlidir ki,
qoyulan əmanətlərə görə tam təminat verilir. İlk növbədə bu
məsələ öz həllini tapmalıdır. İnsanların bank sektoruna olan
inamı bərpa olunmalıdır. Düşünürəm ki, siğortalanan əmanətlərə
qoyulan maksimal hədd artırılmalıdır. genişləndirilməlidir. Həmin
həcm 30 min manat yox, 100 min manata qədər qaldırıla bilər. Bu
yolla həmin inamı bərpa eləmək olar və daha çox müştərini banka
cəlb etmək olar".