Kənd təsərrüfatı sahəsində araşdırmalar göstərir ki, torpaqların münbitliyinin azalmasına şoranlaşma getdikcə daha çox təsir göstərir. Bununla əlaqədar olaraq bitkilərin məhsuldarlığı da getdikcə azalır. Şoranlaşma adətən, torpaqda suvarma işinin düzgün aparılmaması zamanı baş verir. Əvvəllər torpaqlar şoranlaşan zaman bu sahəyə vəsait ayrılır və torpaqlar yuyularaq bərpa olunurdu. Bu gün də qeyd edilən istiqamətdə müvafiq işlər görülür. Lakin şoranlaşma hələdə ciddi problem olaraq qalır. Belə fikirlər də səslənir ki, torpaqların irriqasiyası məqsədilə ildə ən azı 500 milyon manat vəsait ayrılmalıdır. Hazırda isə şoranlaşmış torpaqların bərpa olunması məqsədilə ayrılan məbləğ bundan bir neçə dəfə azdır.
Kənd təsərrüfatı üzrə ekspert
Vahid Məhərrəmov Movqe.az-a açıqlamasında
fermerlərin bu səhəyə sərmayə yatırmaqdan çəkindiklərini deyib:
"Şoranlaşmış torpaqların bərpa edilməsi üçün bir sıra tədbirlər
həyata keçirmək lazımdır. O cümlədən elə Sovet dönəmində aparılan
yuyulma sisteminin daha geniş tətbiqini də həyata keçirmək olar.
Bunu indi fermerlər, pay torpağı almış sahibkarlar öz hesabına
həyata keçirməlidir. Onlar da bu işin öhdəsindən gələ bilmirlər.
Ona görə ki, birincisi, o torpaqlar bir o qədər məhsuldar deyil ki,
onlar əldə etdikləri vəsait hesabına bunun öhdəsindən gələ
bilsinlər. İkincisi də, buraya sərmayə qoyub torpağın yuyulması
üçün kifayət qədər maaliyyə vəsaiti xərcləmək lazımdır. Sonradan da
həmin maaliyyə vəsaitindən hər hansı bir qazanc ələ edib onun
gəlirini geri götürmək məsələsi bir qədər sual altındadır. Ona görə
ki, bu gün kənd təsərrüfatı demək olar ki, çox az gəlirli bir
sahəyə çevrilib. Bu mənada, yaxşı gəlir gətirən bir sahə deyil bu.
Apardığımız araşdırmalar bunu göstərir ki, pambıqçılıqda bir il
gəlir əldə olunsa da növbəti ildə durğunluq müşahidə olunur. Bunu,
eyni zamanda üzümçülükdə də müşahidə edirik. Kənd təsərrüfatının
digər sahələrində də məhsuldarlıq çox aşağıdır. Və bu mənada, demək
olar ki, bu gün kəndlilər onlara pay edilmiş ərazilərdə şoran
torpaqların münbitləşdirilməsində hər hansı bir fəaliyyət həyata
keçirə bilmirlər.
Bundan əlavə, əgər bu torpaqları münbitləşdirərlərsə belə, bu, o demək deyil ki, gələcəkdə bu torpaqların təkrar şoranlaşması baş verməyəcək. Ona görə ki, Kür ətrafında suyun səviyyəsinin qalxması hər il baş verir. Baxmayaraq ki, daşma başqa şeydir, amma suyun səviyyəsi qalxan kimi, bu qurunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır və qurunt sularının səviyyəsi qalxdıqca da torpaqda olan turşular, duzlar torpağın üst hissəsinə çox asanlıqla çıxırlar".
Ekspert məsələ ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu da bildirdi: "Bu problem o vaxt öz həllini tapar ki, bu sahəyə əsaslı kapital qoyuluşu baş verər. Məsələ yalnız kompleks şəkildə öz həllini tapa bilər. Digər bir halda bu, müvəqqəti xarakter daşıyacaq. Fermerlər bunu yaxşı bildiklərindən, bu sahəyə sərmayə qoymağa risk etmirlər".
"Azmelsutəsərrüfat" ASC-nin
meliorasiya, su ehtiyatları və sudan istifadəedənlər birlikləri
üzrə iş şöbəsinin müdiri Mətləb Quliyev isə
saytımıza verdiyi açıqlamada indi torpaqlar sahibkarların əlində
özəlləşdiyindən, ona qulluğun da fermerlərin öz üzərinə
düşdüyünü bidirdi: "Sovet dönəmində kolxoz sistemi var idi. Bütün
torpaqlar dövlətə məxsus olduğundan, dövlət meliorasiya üçün
tədbirlər görürdü. İndi isə torpaqlar özəlləşdirilib və pay
torpaqları şəklində ayrı-ayrı fermerlərin əlində toplaşıb.
Meliorasiya aparılması üçün ən azı 50 hektar ərazi lazımdır. İndi
isə fermerlər arasında paylanan torpaqlar cəmi yarım və ya bir
hektardan, iki hektardan ibarət olur. Ona görə, həmin aqrotexniki
tədbirləri aparmaq mümkün olmur. Bu işi görmək hər bir torpaq
sahibinin öz öhdəsinə düşür ki, onlar da torpağı nə düzgün
suvarmaq, nə də yumaq işlərini apara bilirlər. Bu, artıq
təsərrüfatçıların özlərinin funksiyalarıdır. Onlar bunu özləri
etməlidirlər. Biz onlara kömək edə bilərik. Su da verə bilərik.
Ancaq yenə də bu onların öz öhdəliklərinə düşür. Yenə də deyirəm,
yarım, bir ya iki hektar sahəni yumaq olmur. Yumaq üçün ərazi böyük
olmalıdır və torpaq ən azı bir ay suyun altında qalmalıdır ki, duz
ordan təmizlənsin. Ümumiyyətlə, şoranlaşmanın baş verməməsi
üçün torpağı suvarma işini düzgün aparmaq lazımdır".