Məlum olduğu kimi bir çox ölkələrdə avtomobillərə əmlak vergisi tətbiq edirlər. Bu zaman bir sıra hallarda avtomobillərin istehsal tarixi də nəzərə alınır. İlik köhnə olan avtomobillər daha çox vergi ödəyir. Vergilərdən toplanan vəsait isə adətən, ekologiyanın mühafizəsinə sərf olunur. Bəs bu təcrübənin Azərbaycanda da tətbiqi mümkündürmü?
Avtomobil və nəqliyyat
problemlərini araşdıran ekspert Seymur Yunusov Mövqe.az saytına
verdiyi açıqlamada məsələyə belə münasibət bildirdi: "Bu verginin
Azərbaycanda tətbiq olunması 2013-cü ilin əvvəllərindən
təklif olunub. Əmlak vergisi avtomobilin mühərrik gücünə görə
hesablanır. Amma Avropa bundan çoxdan imtina edib. Orda daha çox
tüstü vergisi alınır. Yəni, avtomobil nə qədər köhnədirsə, belə
çıxır ki, atmosferi daha çox çirkləndirir. Texniki baxışdan keçən
zaman, orada normalar var. O normalara əsasən, daha çox atmosferi
çirkləndirən avtomobillərin sahibləri digərləri ilə nisbətdə artıq
vergi verirlər. Bu, tüstü vergisidir. Bizdə stereotiplər var
ki, avtomobil nə qədər böyük, güclü olarsa, deməli, o daha çox
yanacaq işlədir və havanı daha çox çirkləndirir. Amma son model
avtomobillər belədir ki, texnologiyanın inkişafı sayəsində 3, 4
və ya 4.5 motor olsa da, onlar havanı çox cüzi şəkildə
çirkləndirir. Çünki, bu avtomobillərin mühərrikləri çox müasir
texnolgiya ilə hazırlanıb. Mühərrikin güclü olması onun havanı daha
çox çirkləndirməsi demək deyil. Ona görə də, artıq Avropa mühərik
gücünə görə olan bu vergini almaqdan imtina edib. Tüstüyə görə
vergi alır. Bu da avtomatik olaraq avtomobil parkının yenilənməsinə
gətirib çıxarır. Fikir verin, onlar avtomobili 10 ildən artıq
sürmürlər. Vaxt keçəndən sonar onları başqa ölkələrə satırlar. Onun
da sirri o tüstü vergisidir. Vergilər o qədər yüksəkdir ki,
insanlara bu maşınlardan istifadə artıq sərfəli olmur. Onlar da
tamamilə imtina edirlər. Bu da bizdə tətbiq olunmalıdır. Amma,
yəqin ki, Azərbaycanda əhalinin vəziyyətinə görə bunu tətbiq
etmirlər. Çünki, tətbiq edilsə, ən çox vergi ödəyənlər əhalinin
aztəminatlı, kasıb təbəqəsi olacaq. Varlılar isə, əksinə, az vergi
verəcəklər. Çünki, təzə maşınlar varlı insanlardadır. Ona görə də,
sözügedən təcrübədən ölkəmizdə istifadə olunmur. Amma əgər
avtomobil parkının yenilənməsini istəsək, ölkədə avtomobillərin
azaldılması siyasəti aparılsa, gərək tramvaylar, trolleybuslar
olsun. Onda insanlardan tələb etmək olar ki, köhnə
avtomobillərindən istifadə etməsinlər bə başqa alternativ ictimai
nəqliyyatla gedib gəlsinlər. Amma bu gün insanlara haqq qazandırmaq
olar. Çünki, əlavə nəqliyyat yoxdur. Ona görə də, hamı şəxsi
avtomobilə üstünlük verir. Bu səbəbdən, əmlak vergisinin bizdə
tətbiqi indiki vəziyyətdə doğru olmazdı. Tıxacların qarşısını almaq
üçün isə, düşünürəm ki, dayanacaq qiymətləri bir neçə dəfə
qaldırılmalı, tüstü vergisi tətbiq olunmalıdır. Belə olmasa,
avtomobilləşmənin qarşısını almaq mümkün olmayacaq. Hər gün bir yol
salınsa da, körpü tikilsə də, bunlar davamlı olmur. Səbəb də odur
ki, ölkəmizdə avtomobil həddən artıq çoxdur. Ona görə də,
avtomobillərin azalmasını istəyiriksə, həm dayanacaq qiymətləri
qaldırılmalıdır, ödənişli yollar olmalıdır, həm də ki, tüstü
vergisi tətbiq olunmalıdır. Bu zaman hər insan özü hesablayacaq ki,
bu gün işimə gedib gəlmək üçün mənim nə qədər xərcim çıxacaq.
Görəndə ki, şəxsi avtomobildən istifadə ona ictimai nəqliyyatdan
istifadəyə nisbətən daha baha başa gəlir, onda o avtomobildən
imtina edəcək. Amma bizdə kifayət qədər ictimai nəqliyyat da
yoxdur. Bütün bunları ümumiləşdirsək, düşünürəm ki, əmlak
vergisinin deyil, tüstü vergisinin Azərbaycanda tətbiqi daha uyğun
olardı".
Avtomobillər üçün əmlak vergisinin
Azərbaycanda tətbiqinin zəruri olmadığını deyən nəqliyyat üzrə
ekspert Ərşad Hüseynov isə, Azərbaycanda tətbiq olunan yol
vergisinin yetərli olduğunu düşünür: "Bizdə avtomobillər üçün əmlak
vergisi olmasa da, yol vergisi var. Hər ölkədə ayrı sistem var.
Azərbaycanda da yol vergisi tətbiq olunur. Yol vergisi avtomobilin
daxili mühərikinin yanma potensialına görə tətbiq olunur. Onun ən
minimum qiyməti 20 manatdır. Ən sadə, ən kiçik yanma mühərriki olan
avtomobillərə aid edilir. Və mühərrikdən asılı olaraq 500 manata
qədər arta bilər. Bu əslində elə həmin vergidir ki, insanlar
həvəslənsinlər ki, daha az litrajlı avtomobillər əldə etsinlər.
Üstəgəl, təbii bir şey də var ki, mühərrikin iş həcmi nə qədər
çoxdursa, o qədər çox benzin işlədəcək. Bunun alış qiyməti bütün
dünyada belədir. Həm də bunun istismar xərcləri də var.
Onu da qeyd edim ki, Azərbaycanda icbari sığorta da tətbiq olunur. Buna əsasən, hamı məcburi şəkildə avtomobilini siğortadan keçirməlidir. İcbari sığorta da daxili yanma mühərriki ilə bağlıdır. Bu da bir stimullaşdırıcı vasitədir ki, insanlar mühərrikinin iş həcmi kiçik olan avtomobillərə yiyələnsinlər".