Son vaxtlar bir sıra sığorta şirkətləri bildirirlər ki, ölkədə tibbi xidmətlərin qiymətlərinin yüksək olmasıyla bağlı olaraq, şirkətlər tərəfindən həyata keçirilən fərdi tibbi sığortanın xərcləri artıb və artıq bu sığorta növü onları zərərə məruz qoymağa başlayıb. Bu fonda icbari tibbi sığortanın tətbiqinin şirkətlər üçün müəyyən təhlükələr törədə biləcəyi düşünülür. Bununla bağlı ekspertlər fərqli münasibət bildirdilər.
Belə ki, sığorta növlərinin
gəlirliyinin ona yatırılan risklərin düzgün qiymətləndirilməsindən
asılı olduğunu deyən sığortaçı ekspert Xəyal Məmmədxanlı icbari
tibbi sığortaya da düzgün yatırım edilərsə, gəlir əldə ediləcəyini
düşünür: "Ümumiyyətlə bütün sığorta növlərinin zərərli və ya
gəlirli olmasını sığorta risklərinin düzgün qiymətləndirilməsindən
asılıdır. Təbii ki, əgər siz bu gün insanları çox ucuz
qiymətlərlə sığorta eləsəniz, sizin ondan gəlir əldə etməyiniz
mümkün deyil. Bu heç avtomobil sığortasında da mümkün deyil. Ona
görə də, əsas məsələ ondan ibarətdir ki, icbari tibbi sığorta qəbul
olunarkən də, risklər düzgün qiymətləndirilməlidir.
Müəyyənləşdirilməlidir ki, əhalini adambaşına təxmini hansı
məbləğlə sığortalamaq lazımdır ki, şirkətlər zərərə uğramasınlar.
Və bunun da müqabilində tibb müəssisələri də vətəndaşlara normal
xidmət göstərə bilsilər. Düşünürəm ki, icbari sığortanın tətbiqinin
əsas səbəblərindən biri elə məhz bu rəqəmlərin müəyyən edilməsi
olacaq. Amma yenə də, siz bu halda hansı sığorta növü olmasından
asılı olmayaraq, avtomobil sığortasına da, insanların hər
hansı əmlak sığortasında da getsəniz, bunların hamısı zərərəli
halda yekunlaşacaq. Çünki hər bir riskin bir qiyməti var. Və bu
qiymətlər normal aktual hesablamalarla ortaya çıxarılmalıdır.
Təxmini qiymətlərlə bu satışı həyata keçirmək olmaz. Çox təəssüf
ki, bəzi şirkətlər belə dəqiq hesablamalar aparmırlar. Çoxları
sığortanı "Qonşudan geri qalma" prinsipi ilə əhaliyə satırlar. Amma
halbuki belə olmamalıdır. Hər bir şirkətin, hər bir sığorta
növünün, hər bir bazarın özünün statistikası var və həmin o
statistikaya uyğun olaraq da qiymət müəyyən olunmalıdır. Mən
düşünürəm ki, icbari tibbi sığortanı tətbiq edərkən də şirkətlər
bunu normal rəqəmlərlə edəcəklər. Yoxsa digər halda ya sığorta
formal bir xarakter daşıyacaq, şirkətlər bu məbləğ qarşılığında heç
bir xidmət göstərə bilməyəcəklər, ya da ki, bu qiymət qarşılığında
edilən müayinə və müalicə də heç bir effekt verməyəcək".
Sığorta şirkətlərinin
iradlarında haqlı olduğunu düşünən ekspert Mustafa Abbasbəyli isə
icbari tibbi sığortanın gətirəcəyi kütləviliyin qiymətləri
tənzimləyəcəyini deyir: "Düşünürəm ki, bu sığorta şirkətləri
tərəfindən haqlı bir iraddır. Çünki, tibbi xidmətlərin dəyərinin
artması, yeni texnologiyaların tətbiqi tibbi xərcləri birmənalı
şəkildə artırmaqdadır. Amma icbari tibbi sığortanın tətbiqi hesab
edirəm ki, bu məsələdə müəyyən mənada yaxşı təsir edəcək. Çünki,
kütləvilik nəzərə alınacaq. Bu gün sığortaya hamı müraciət etmir.
Az sayda insan sığortalanır. Yəni, tibbi sığortaya müraciət edən bu
kütlənin sayı azdır. Amma icbari tibbi sığorta tətbiq olunanda
kütləvilik olacaq. Hər kəs sığorta olunacaq. Bu zaman isə, hər kəs
sığorta olunacağı üçün qiymətlər müəyyən mənada tənzimlənmiş
olacaq. Yəni artıq qiymətlər konpensasiya olunmuş
olacaq".