Məhəmməd Talıblı: "Bank köçürmələrinin azalması bank insitutlarının gəlirlərinə az da olsa təsir edəcək"
Rusiyada bəzi ödəniş sistemlərində yaranan problemlərlə əlaqədar artıq bir sıra Azərbaycan bankları Rusiyadan pul köçürmələrinə ehtiyatla yanaşır, köçürmələrə əlavə etibarlı təminat istəiyrlər. Bunu Rusiya maliyyə sisteminin təmsilçiləri də təsdiq edir və belə təminatın Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan tərəfindən tələb olunduğunu da vurğulayırlar.
Lakin hələ ki, Rusiya tərəfindən olan partnyorlar Azərbaycan banklarına belə təminat verməyib. Bu fonda isə Rusiyadan Azərbaycana bank yolu ilə pul köçürmələrinin azalacağı düşünülür. İqtisadçı ekspertlər mövcud vəziyyəti Movqe.az-a şərh ediblər.
Belə ki, iqtisadçı-ekspert Vüqar
Bayramovun sözlərinə görə, Rusiyada mövcud böhran şəraiti
insanları, eləcə də burada çalışan soydaşlarımızı təşvişə
salıb. Bu səbəbdən onlar çalışacaqlar ki, Rusiya banklarındakı
vəsaitlərini Azərbaycana yönəltsinlər: "Bu gün Rusiyada baş verən
böhran oradakı azərbaycanlılar arasında vəsaitlərinin qorunması ilə
bağlı bir narahatlıq yaradır. Bu səbəbdən onlar artıq bank
hesablarındakı pulları tezliklə Rusiyadan çıxarmağa meyil
edəcəklər. Çalışacaqlar ki, tez bir zamanda həmin vəsaitləri
Azərbaycana yönləndirsinlər. Bu baxımdan Rusiyadan pul
köçürmələrinə tələbat artacaq. Belə bir vaxtda təminat
məsələsinin gündəmə gəlməsi köçürmələrdə müəyyən problemlər
yarada bilər. Ümumiyyətlə, Rusiya ilə Ukrayna arasındakı konflikt
gərginləşərsə, Rusiya bankları vasitəsilə pul köçürmələrdə ciddi
problemlərin yaşanacağı gözlənilir. Hətta Azərbaycanla Rusiya
arasında pul köçürmələrinin müəyyən müddət dayanması da mümkündür".
İqtisadi
Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev mövcud
vəziyyətin insanlar arasında sadəcə, müvəqqəti narazılıq
yaradacağını, pul köçürmələrinə ciddi təsir etməyəcəyini düşünür:
"Təbii ki, bunun Rusiyadan pul köçürmələrinə müəyyən təsiri ola
bilər. Ona görə ki, insanların müəyyən qrupu bu yoldan istifadə
edir. Lakin bu gün pul köçürmələri ilə bağlı kifayət qədər geniş
şəbəkələr mövcuddur. Yəni bu sahədə bir rəqabətli mühit, seçim
imkanı çoxdur. Hər hansı bir üsul işləmirsə, bu o demək deyil
ki, pul köçürmələri məhdudlaşacaq. Yəni, bu gün ödəniş üçün çox
müxtəlif mexanizmlər var. Bu baxımdan pul köçürmələrində ciddi
problem yaranacağını düşünmürəm. Ona görə ki, insanlar digər
alternativ variantlarla pul köçürmələrini həyata keçirə
bilərlər".
İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd
Talıblı baş verənlər fonunda ölkəmizə Rusiyadan daxil olan pulların
azalacağını bildirib: "Bu o deməkdir ki, köçürmələrlə bağlı bank
sistemində reputasiya zəifdir. Yəni, banklar arasında etimad artıq
sarsılır. Ona görə də, banklar vasitəsilə köçürmələr zəiflədiyi
üçün ölkəmizə Rusiyadan daxil olan vəsaitlər azalacaq. Amma bu,
əhəmiyyətli azalmalar olmayacaq. Bildiyimiz kimi, ildə təxminən
ortalama olaraq 1 milyard dollar həcmində həmvətənlərimizin
özlərinin yaxınlarına göndərdikləri vəsaitlər olur ki, bunların
həcmi azalacaq. Bu isə istehlak malları indeksinə cüzi enmələrə
səbəb olacaq. Bank köçürmələrinin azalması bank insitutlarının
gəlirlərinə az da olsa təsir edəcək.
Amma inanmıram ki, bu vəziyyət uzun müddət davam etsin. Krımda baş verən hadisələr onsuzda Rusiyanın siyasi-iqtisadi sistemində müəyyən kataklizmlərlə müşahidə olunacaq. Buna Rusiyanın buna uzun müddət davam gətirməsi də mümkün deyil. Ona görə, Rusiya daxildəki iqtisadi strukturlara nəzarəti və sistemi əvvəlki ahənginə qaytarmağa çox tələsəcək. Əgər bu proses uzun çəksə, mərkəzdən qaçma tendensiyaları güclənməklə, iqtisadi proseslərə neqativ təsir də güclənəcək. Bu baxımdan Rusiyanın daxili itkiləri böyüməmiş problemləri həll etməyə çalışmalıdır".