Dünya maliyyə sistemində son vəziyyətin təhlili bir daha göstərir ki, dünyada İslam qaydaları əsasında fəaliyyət göstərən maliyyə-kredit təşkilatlarına olan maraq əvvəlki kimi sürətlə artır. Azərbaycanda da müəyyən müddətdir İslam bankçılığı tətbiq olunsa da, o, hələ də istənilən səviyyədə populyarlıq qazana bilməyib.
İqtisadçı-ekspert Vüqar Bayramov bu
məsələni şərh edərkən Mövqe.az-a açıqlamasında bildirib ki, İslam
bankçılığının bütün prinsipləri ölkəmizdə tam olaraq tətbiq
edilmir: "Azərbaycanda İslam bankçılığının inkişafı üçün onun
prinsiplərinin tam olaraq tətbiq edilməsinə ehtiyac var. Bu gün
təəssüf ki bəzi banklar İslam bankçılığını tətbiq etməyə çalışsalar
belə, onlar sadəcə, bunun mövcudluğunu, kənardan görünüşünü təmin
etməyə çalışırlar. Bu şərtlərlə və prinsiplərlə İslam bankçılığının
inkişaf etdirilməsi praktiki olaraq mümkün deyil. İslam bankçılığı
sadəcə, faizsiz kredit verilməsini özündə ehtiva etmir. İslam
bankçılığı müxtəlif layihələrin maaliyyələşdirilməsində iştirak
edilməsi ilə, əldə edilən vəsaitin müxtəlif layihələrin həyata
keçirilməsinə yönəldilməsi, xüsusən bankın subsidiya sektorunda
kifayət qədər əsaslandırılmış və ciddi bir kompleks planların
olması nəticəsində baş verir. Beləliklə, İslam bankçılığı
fəlsəfəsinin düzgün başa düşülməməsi və tətbiq edilməməsi
proseslərin uğurla həyata keçirilməsinə mane olur".
Ekspert hesab edir ki, burda başqa məsələ ölkədə mövcud qanunvericiliyin banklara İslam bankçılığı prinsipini tam olaraq həyata keçirməyə imkan verməməsidir: "Çünki Azərbaycanda qanunvericilik banklara yalnız ödənişlərin qəbulu, kreditləşmə və digər bu tip ənənəvi funksiyaları verir. Amma nəzərə alsaq ki, İslam bankçılığı yalnız faiz üzərində qurulan bankçılıq deyil, bu səbəbdən qanun banklara imkan verməlidir ki, müxtəlif investisiya qoyuluşlarını həyata keçirsinlər. Amma təəssüf ki, mövcud qanunvericilik İslam bankının inkişafını stimullaşdırmır. Və bu da əsas problemlərdən biri kimi qiymətləndirilir. Bu baxımdan İslam bankçılığının Azərbaycanda inkişaf etdirilməsi üçün əvvəla qanunvericilikdə dəyişikliklər edilməsinə ehtiyac var. İkincisi İslam bankçılığı fəlsəfəsinin düzgün anlaşılması və olduğu kimi tətbiq edilməsinə çox mühümdür. Üçüncü tərəfdən isə, bizdə banklar yalnız ənənəvi bank fəaliyyətləri ilə ixtisaslaşıblar və biznesdə, iqtisadiyyatın mxtəlif sektorlarında müxtəlif proqramların həyata keçirilməsində iştirak etmirlər. Bu isə bankların sərmayə qoyuluşunun artırılması nəticəsində baş verə bilər. O baxımdan sözügen faktorların əməl edilməsi ilə Azərbaycanda İslam bankçılığının inkişafına nail olmaq mümkündür".