Novruz bayramı yaxınlaşdıqca tətil günlərini xaricdə keçirəcək insanların sayının yenə də çox olacağı məlum olur. Bunu turizm şirkətlərinə indidən verilən sifarişlərin artması da təsdiq edir. Bayram münasibətilə əyləncə təşkil edən ölkədaxili müxtəlif mərkəzlərdə isə qiymətlər indidən od tutub yanır. Belə vəziyyətdə bir çox vətəndaş baha qiymətə tətil keçirməkdənsə, xarici ölkələrə səfər etməyi daha üstün tutur. Bu isə yenə miqdarı milyonlarla dollar olan böyük həcmdə vəsaitin xaricdə xərclənməsinə səbəb olacaq.
Turizm üzrə iqtisadçı ekspert Elxan Vəliyev
məsələ ilə bağlı Mövqe.az saytına vətəndaşların daha çox xaricə üz
tutmasını bu cür izah edib: "Əhalinin xarici ölkələrə üz
tutmasının səbəbi budur ki, insanlar burda həm bayram ərəfəsində
istirahət etmiş olurlar, həm də ki, müəyyən ehtiyaclarının
qarşılanması üçün istifadə edirlər. Məsələn, orda tibbi müayinədən
keçib müalicə almaq üçün xidmətlərdən yararlanırlar. Bundan əlavə
alış-veriş etmək məqsədilə də başqa ölkələrə gedənlər var. Belə ki,
elə brendlər var ki, onlar bizim ölkəmizdə yoxdur. Və ya başqa
hallarda bizdə eyni brendin malları başqa ölkələrdəkinə nisbətən
baha olur. Məhz bu səbəblərdən insanlar xarici ölkələrə gedərkən
orda alış-veriş də edirlər. Üçüncü növbədə isə bu bir həqiqətdir
ki, daxili turizm obyektlərində təklif olunan xidmətlərlə
qoyulan yüksək qiymətlər hər zaman uyğun olmur. Yəni, vətəndaşlar
standartlara uyğun keyfiyyətli xidmətlə təmin olunmurlar. Xarici
ölkələrdə isə belə deyil.
Ölkədə turizmin inkişafı üçün düşünürəm ki bir qədər xarici təcrübəyə üz tutmaq lazımdır. Baxmaq lazımdır ki, xarici ölkələrdə bu xidmətlər neçəyə başa gəlir və nə şəkildə həyata keçiririlir. Mövcud təcrübələrdən yararlanmaq lazımdır. Lakin bu o demək deyil ki, bizdə daxildə də turizm inkişaf etmir. Artıq ölkəmizdə yüksək səviyyəli otellərin yaradılması, yenilərinin tikilməsi, bu sahənin inkişafı üçün müvafiq addımların atılması işləri görülür. Məsələn, bu gün bizdə xüsusən həftəsonları Şahdağa, Tufandağa və bu kimi turizm obyektlərinə üz tutan insanların sayı kifayət qədərdir. Yəni daxildə də inkişaf var. İnsanların xarici ölkələrə üz tutmasına gəlincə isə, onun qarşısını heç vaxt almaq olmaz. Çünki bu şəxsi tələbatdan qaynaqlanır.
Digər tərəfdən azad rəqabətin genişləndirilməsi lazımdır. Əvvəllər Bakıda çox az sayda otellər var idi. Bu səbəbdən, rəqabətli mühit yox idi deyə, mövcud otellər də istənilən qiyməti təklif edirdilər. Sonradan Abşeron otel, Hilton otel və s. kimi böyük otellərin tikintisindən sonra artıq azad rəqabət yaradılmış oldu. Yəni, qiymətlər müəyyən dərəcədə düşmüş oldu və keyfiyyətdə də irəliləyişlər müşahidə olundu. Ən azından işçilər xaricə göndərildilər, orda təcrübə topladıqdan sonra gəlib öyrəndiklərini burda tətbiq etməyə başladılar və s. Bax bu kimi addımların genişləndirilməsinin vaxtıdır. Çünki, nəzərə almaq lazımdır ki, Azərbaycana gələn təkcə Bakıya gəlmir. Rayonlara üz tutduqda keyfiyətli xidmətə ehtiyyac duyurlar. Bələdçilərin də burda ciddi rolu vardır. Onlar da Azərbaycan haqqında məlumat verərkən diqqətli və peşəkar olmalıdırlar. Müvafiq qiymətlərlə keyfiyyətli xidmətlər təklif edilsə, düşünürəm ki, xaricə axan pullar müəyyən qədər ölkə turizmində də realizə edilə bilər".
İqtisadçı-ekspert Natiq Cəfərlinin
sözlərinə görə isə, insanların xarici ölkələrə səfər etməsi
normaldır: "Yəni, imkanı olan şəxslərin xarici ölkələri görmək
istəməsi, onların mədəniyyəti ilə tanış olması dünyanın bütün
ölkələrində rast gəlinən haldır. Məsələn, bizim regionda ən böyük
turizm ölkələrindən olan Türkiyədə belə, hər il xaricə çıxanların
sayı artır. Son rəqəm o idi ki, hər il ölkədən çıxanların
sayında 10-15% civarında artım müşahidə olunur. Halbuki burda
qiymətlər də, ümumiyyətlə, otel biznesi, dincəlmək üçün bütün
şərait bir sıra ölkələrə nisbətən çox yüksək səviyyədədir. Bu, çox
təbii bir haldır. Azərbaycanda yerli turizmin inkişafı üçün ciddi
infrastruktur dəyişikliklərindən savayı keyfiyyət göstəricilərində
dəyişikliklər, qiymətin aşağı düşməsi, rəqabətin artmasına ehtiyac
var".
Ekspert hesab edir ki, bunlar həyata keçirilməlidir ki, insanlar daha çox Azərbaycan hüdudlarında öz bayramlarını keçirməyə üstünlük versinlər: "Amma indi həm qiymətlər bahadır, həm də keyfiyyət qanedici deyil. Bundan əlavə dincəlmək istəyən insanlar tək otelin, yeməyin keyfiyyətinə önəm vermirlər. Onlar səfər etdikləri bölgələrdə tarixi abidələrlə tanış olmaq istəyirlər. Yeni yerləri, təbiət mənzərələrini görmək istəyirlər. Bunun üçün isə yerlərdə daha keyfiyyəli turlar təşkil olunmalıdır. Tarixi abidələrin baxımlılığı yüksək səviyyəyə çatdırılmalıdır. Bütün bunlar paralel olaraq həyata keçirilməsə, ölkədə qiymətlərin də baha olmasının nəzərə alsaq, Azərbaycanda vətəndaşlar əsasən qonşu ölkələrə, Türkiyəyə, Gürcüstana və s. yerlərə səfər etməyə davam edəcəklər".