Son illər ölkəmizdə kənd təsərrüfatı məhsullarının, xüsusən meyvə-tərəvəzin istehsalı artsa da, regionlarda onların emalı ilə məşğul olan müsəssisələrin azlığı bu sahədə müəyyən problemlər yaşanmasına gətirib çıxarır. Düzdür, son illərdə bu sahəyə xüsusi diqqət ayrılıb. Xüsusilə də dövlətin təşəbbüsü ilə yerlərdə emal müəssisələrinin yaradılması haqda çoxsaylı işlər görülüb. Lakin indiki şəraitdə yalnız dövlətin təşəbbüsü və yardımı ilə bölgələrdə emal müəsisələrinin açılması yetərli sayılmır. Bu sahədə özəl sektorun da aktiv iştirakına ciddi ehtiyac var.
Kənd təsərrüfatı üzrə ekspert Vahid
Məhərrəmovun sözlərinə görə, özəl sektor emal müəssisələrinin
açılışında maraqlı olmalıdır: "Emal müəssisələrinin açılışı üçün
maliyyə mənbəyinə, investisiyaya ehtiyac var. Bunu isə yalnız
banklar vasitəsilə kredit almaq yolu ilə əldə etmək olar. Bu gün
emal müəssisələri yaratmaq üçün əldə olunan kreditlər baxmayaraq
ki, bəziləri üçün əlçatandır, amma bu sahədə kifayət qədər çox
problemlər var. Çox ciddi tələblər var. Vəsait alan mütləq girov
qoymalıdır. Girov da tez satılan maliyyəyə çevrilən bir əmlak
olmalıdır. Ümumiyyətlə, böyük həcmdə maliyyə vəsaitinə ehtiyac
var.
Son vaxtlar kənd təsərrüfatı məhsularının məhv olması ilə bağlı bir neçə hal yaşandı. Məsələn, Qubada və Xaçmazda, cənub rayonlarımızda qış mövsümü ilə əlaqədar meyvələri don vurdu. Əgər kifayət qədər emal müəssisəsi olsaydı, bu meyvələr tullantıya çevrilməzdi. Hər şeyin başında bu müəssisələrin azlığı durur".
İqtisadi Tədqiqatlar Mərkəzinin
rəhbəri Azər Mehtiyev isə bildirib ki, ölkədə emal müəssisələrinin
sayca çoxalması vacibdir: "Qeyri-neft sektorunun inkişafı ilə
bərabər kənd təsərrüfatının inkişafı da iqtisadiyyat üçün əsas
sahələrdən biri kimi götürülübsə, eyni zamanda Azərbaycanda kənd
təsərrüfatının inkişafı üçün əlverişli şərait mövcuddursa, niyə də
kənd təsərrüfatı məhsulunun istehsalının çoxalması üçün bazarlar
formalaşdırılmasın? Bu bazarların formalaşdırılması üçün isə, kənd
təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələrə
ehtiyac var. Ən əsas da regionlarda belə kiçik emal
müəssisələrinə ehtiyac böyükdür. Sadəcə olaraq, problem ondan
ibarətdir ki, Azərbaycanda bu istiqamətdə cəhdlər yalnız ayrı-ayrı
qrupları tərəfindən həyata keçirilir. Onlar az sayda emal
müəssisələri yaradırlar və özlərinin də həmin emal müəssisələrini
xammalla təmin etmək üçün istehsal sahələri formalaşdırırlar. Bu da
ona gətirib çıxarır ki, əslində, fermerlər istehsal etdikləri
məhsulları sata bilmirlər. Ona görə də, bölgələrdə kiçik emal
müəssisəlıri genişləndirilməlidir. Bunun üçün şərait olmalıdır.
Təbii ki, vətəndaşlar, ya da sahibkarlar buna geniş şəkildə qoşula
bilərlər. Sadəcə olaraq, bunun üçün dövlətin vergi güzəştlərinə
getməsinə və yaxud da güzəştli kreditlərə ehtiyac var".