Əlaqə Arxiv
news Image
2014.04.05
09:50
| A A A
Yeni marka benzinin baha olmasının səbəbləri bilindi

Artıq Azərbaycanın "Azpetrol" yanacaqdoldurma məntəqələrində "Premium Euro-95" markalı benzin satışa çıxarıldı. İdxal edilən yeni benzinin keyfiyyətinin daha yüksək olduğunu açıqlanıb. Eyni zamanda Aİ-95 markalı benzinlə müqayisədə onun qiymətində 13 qəpik artım var. "Premium Euro-95" markalı benzin 93 qəpikdən satılır.


Camal Zeynalov: "Gətirilmə xərcinə uyğun qiymət 93 qəpik olaraq müəyyələşdirilib"


İdxal edilmiş həmin növ benzinin ilkin satışı qiyməti yol xərci və keyfiyyətinin yüksək olması ilə izah edilir. Belə ki, "Azpetrol" MMC-nin mətbuat katibi Camal Zeynalov qəzetimizə verdiyi açıqlamada bildirir ki, əvvəllər Aİ-95 markalı benzin 80 qəpiyə satılırdı: "Həmin benzin bizdə istehsal olunurdu. Bizə artıq "Premium Euro-95" markalı benzin xaricdən gətirilir. Bu benzinlər isə "Avro-4" standartlarına uyğundur. Ona görə də onun qiyməti qalxıb. Gətirilmə xərcinə uyğun qiymət 93 qəpik olaraq müəyyələşdirilib. Onun gələcəkdə artıb azalması haqqında isə indidən nəsə demək çətindir. Tək "Azpetrol" yox, digər yanacaq doldurma məntəqələri də onu satışa çıxardacaq. Çox ehtimal ki, onlarda da qiymət eyni olacaq. Aİ–98 markalı benzin kimi, bunu da Rumıniyadan alırıq".


Nizaməddin Quliyev: "Qiymətin qalxması keyfiyyətinin yüksək olması və yol xərci ilə bağlıdır"


Ölkənin digər ən böyük yanacaq doldurma məntəqəsi olan SOCAR-ın da artıq iki məntəqəsində "Premium Euro-95" markalı benzinin satışı təşkil olunub. Bunu "Mövqe"yə açıqlamasında Azərbayan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib: "Hazırda həmin benzinin bir litrinin qiyməti 93 qəpikdir. Qiymətin qalxması keyfiyyətinin yüksək olması və yol xərci ilə bağlıdır. Gələcəkdə bütün YDM-mizdə olması gözlənilir".


Samir Əliyev: "Ölkəyə gətirilən yeni avtomobillərin sayəsində Aİ-95 markalı benzinə tələbatın artması müşahidə ediləcək"


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, bazarda 2 cür - ölkədə istehsal olunan və idxal olunan Aİ-95 markalı benzin satılacaq: "İdxal olunan benzinin qiyməti sərbəst olduğundan onun qiymətinin bahalaşması tamamilə mümkündür. Bir müddət sonra ARDNŞ Aİ-95 benzinin istehsalını tam dayandıracaq və bazarda ancaq idxal olunan Aİ-95 benzin qalacaq. Bundan sonra qiyməti artıq bazar müəyyənləşdirəcək. Düzdür, hökumət qiymət artımını minimuma endirmək üçün vergi güzəştləri tətbiq edib. İdxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15%-dən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilib. Ancaq bütün bunlar benzinin bahalaşmayacağına zəmanət vermir. Aİ-95 benzini dünya bazarlarında neftin qiymətindən və benzini emal edən zavodun qiymət siyasətindən birbaşa asılı olacaq. Böyük ehtimalla hökumət bir müddət bu markalı benzinin bahalaşmasına imkan verməyəcək. Ancaq bu, müvəqqəti olacaq. Müəyyən dövrdən sonra bahalaşmanın şahidi olacayıq. Ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir. Ancaq ölkəyə gətirilən yeni avtomobillərin sayəsində Aİ-95 markalı benzinə tələbatın artması müşahidə ediləcək".

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan "Avro-5" ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib. Bu isə yüksək avro standartlara cavab verən avtomobil benzininin ("Premium Avro-95" və "Super Avro-98") nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir.

Sizin Reklam Yeriniz