Dünyanın bir çox ölkələrində müxtəlif dəyərli əşyaların, əmlakın və s. satışını həyata keçirmək üçün hərraclardan geniş istifadə olunur. Hazırda dünyada get-gedə daha çox diqqət cəlb edən hərrac bazarı təəssüf ki, ölkəmizdə belə demək mümkündürsə, inkişafdan qalmaqdadır.
İqtisadçı-ekspertlər mövcud vəziyyəti Movqe.az-a şərh ediblər.
İqtisadçı Elxan Vəliyev məsələyə belə
münasibət bildirib: "Azərbaycanda hərraclar bazarının inkişaf
etməməsinin əsas səbəbi ilk növbədə bu sahədə maarifləndirmə
işlərinin kifayət qədər aparılmamasıdır. Ölkədə iş adamları,
biznesmenlər və ya ayrı-ayrı vətəndaşlar hərrac haqqında məlumatlı
deyillər. Məlumatları olmadığına görə də yararlanmırlar. İkinci
növbədə isə hərrac bazarını geri salan səbəb odur ki, bizdə broker
dilerlərin fəaliyyəti qənaətbəxş səviyyədə deyil. Hərraclarla
məşğul olan yalnız dövlət qurumu olmamalıdır. Bu gün ölkəmizdə
hərraclara nəzarəti Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə
Dövlət Komitəsi həyata keçirir. Amma sahədə ciddi broker
şirkətləri, dilerlər, özəl şirkətlər yaradılmalıdır ki, hərrac
məsələləri ilə bağlı ciddi araşdırmalar aparsınlar və
fəaliyyətlərini o istiqamətdə qursunlar. Beləliklə iki səbəb
hərraclar bazarının inkişafının qarşısını alır. Hərraclar bazarının
zəif inkişaf etməsi isə xaricdən gələn investisiyaların azalmasına
səbəb olur. Bundan başqa biznes layihələrinin həyata keçirilməsində
də problemlər yaranır. Bütün bunlar göstərir ki, ölkəmizdə hərrac
bazarının inkişafı həlli vacib məslələrdəndir və gündəmə daxil
olmalıdır".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
iqtisadçı-tədqiqatçısı Fərhad Bayramov isə hesab edir ki,
Azərbaycanda hərraclar keçirilir. Lakin bu mətbuatda
işıqlandrılmır: "Beynəlxalq aləmdə hərracların keçirilməsi
geniş sahələri əhatə edir. Məsələn, daşınmaz əmlak daxil, antik
əşyaların, xüsusi rəsm əsərlərinin və hətta adi bazar dəyəri xeyli
aşağı olan məhsulu belə son nəticədə xeyriyyə məqsədləri üçün
istifadə olunsun deyə, hərraclara çıxararaq yüksək dəyərə
reallaşdırırlar. Lakin təəssüflər olsun ki bizim cəmiyyətdə belə
ictimai fikir tam formalaşmayıb. Bundan ötrüdür ki, bəzən
Azərbaycanda hərracların keçirilməsinin yox səviyyəsində olması
fikir ortaya çıxır. Əslində, mən deməzdim ki, hərracların
keçirilməsi Azərbaycanda yox səviyyəsindədir. Sadəcə bunun,
yəni hərracın və ya tenderin keçirilməsi ilə bağlı xəbərlərə
gündəlik mətbuatda az rast gəlinir. Amma əslində, qanunvericiliyə
əsasən də dəyəri 50 000 AZN-dən çox olan bütün dövlət satın
almaları tender vasitəsilə həyata keçirilməlidir və keçirilir də.
Bizim ölkəmizdə biznes sektorunun iştirakçıları arasında həm də
ictimaiyyətdə auksionlara maraq çox azdır. Əksər biznesmenlər bizdə
sərvətlərinin gizli qalmasına və mümkün qədər ictimaiyyətdə
tanınmamağa üstünlük verirlər.
Lakin bu da əsas vermir ki, hərracların keçirilməsi ilə bağlı aktivlik yoxdur cavabını verək. Azərbaycanda ən çox hərraclar banklarla problemləri olan və ipoteka altında olan evlərin banka borcunu ödəmədiyindən əhalidən müsadirə edilərək hərraca çıxarılması və dövlət layihələrinin icra edilməsi üçün elan olunan tenderlərə rast gəlinir. Təbii ki, qanunvericiliyə əsasən, hər hansı malını, mülkünü satmaq istəyən vətəndaşlar tender vasitəsinə müraciət edə bilərlər. Lakin yuxarıda da qeyd etdiyim kimi, marağın və maarifləndirmənin az olduğu üçün bu kimi hallar müşahidə olunmur".
Ekspert bildirir ki, problemli cəhət ölkədə özəl sektor nümayəndələrinin hərracların keçirilməsində maraqlı olmamasıdır: "Mühüm bir məqamı da qeyd edim ki, hərrac vasitəsilə hər hansı layihələrin reallaşdırılması ən şəffaf üsuldur. Lakin bu bizdə sadəcə, dövlət əhəmiyyətli layihələrdə müşahidə olunur. Bizim özəl sektorumuzda rəqabətin zəif olması qiymətli kağızlar bazarın zəif inkişaf etməsi ticarətdə və ya biznesdə auksionların keçirilməsinə mane olan mühüm amillərdir. Problemin həlli kimi, yalnız maliyyə bazarlarında liberallaşdırılmaların sürətləndirilməsi, açıq iqtisadiyyat və yüksək rəqabət mühitinin formalaşdırılması, xarici ölkə biznesmenlərinin Azərbaycanın daxili biznes mühitinə asan giriş etmələri özü ilə bərabər auksion anlayışının inkişafına təsir göstərəcəkdir".