Əlaqə Arxiv
news Image
2014.08.13
11:06
| A A A
Real sektora ayrılacaq ucuz kredit mənbəyi
Vüqar Bayramov: «Real sektora ayrılan kreditlərin artırılması üçün dövlət müəyyən təşviqedici metodlardan istifadə etməlidir»

Bilindiyi kimi, banklara tutulan əsas iradlardan biri də onların real sektora daha az həcmdə kredit ayırmalarıdır. Belə fikirlər də səslənir ki, əksər bankların əlindəki resurslar real sektor üçün azlıq edir. Hesab olunur ki, bankların real sektora pul verməsi üçün onların maliyyə ehtiyatları inzibati resurslar hesabına artırıla bilər. Məsələn, valyuta ehtiyatlarının bir hissəsi banklara ayrıla bilər. Xatırladaq ki, Azərbaycan böyük miqdarda strateji valyuta ehtiyatları formalaşdıra bilib. Həmin strateji valyuta ehtiyatlarının miqdarı illər üzrə artır ki, bu da ölkəyə maliyyə sahəsində daha asan şəkildə manevrlər etməyə imkan verir. Dövlət Neft Fondunun vəsaitləri və Mərkəzi Bankdakı rəsmi valyuta ehtiyatları birgə hesablandıqda Azərbaycanın 53 milyard dollar strateji valyuta ehtiyatları olduğu məlum olur. Bu fonda təklif olunur ki, valyuta ehtiyatından banklara sırf real sektora ayırmaq üçün  kreditlər verilsin. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Movqe.az-a  açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib: "Bankların kredit portfelinin strukturu göstərir ki, banklar real sektora resurs  ayırmağa o qədər də maraqlı deyillər. Belə ki, bu gün bankların kredit qoyuluşlarının 40%-i istehlak kreditləri, 10%-i mikrokreditlərdir. Faktiki olaraq, istehlak kreditləri bankların kredit qoyuluşlarının yarısını təşkil edir. Bankların istehsal sektoruna ayırdığı kreditlər ümumi kredit portfelinin 10%-ni təşkil edir. Aqrar sektora yönləndirilən  kreditlər isə 4.5% təşkil edir. Beləliklə, aqrar sahəyə, istehsal sektoruna, emaledici sektora yönəldilən vəsait ümumi kredit portfelinin cəmi 15%-nə yaxın həddi təşkil edir. Digər 85% təəssüf ki, bu gün bank portfelində praktiki olaraq qeyri-real sektora yönəldilən kreditlərdir. Real sektora ayrılan kreditlərin artırılması üçün dövlət müəyyən təşviqedici metodlardan istifadə etməlidir. Bizim təkliflərimizdə də bir sıra modellərin tətbiq edilməsi yer alıb. O cümlədən Yaponiya modelində olduğu kimi, real sektora kredit yönəldən kommersiya banklarına güzəştlərin tətbiq edilməsi, onlara kredit resurslarının ayrılmasının təmin edilməsini təklif edirik. Eyni zamanda ehtiyat normasının real sektora yönəldilən kreditlər üçün müəyyənləşdirilməsi olduqca vacibdir. Digər metodlardan biri də rezevlərin bir hissəsinin kommersiya bankları vasitəsilə real sektora yönəldilməsi ola bilər. Amma bunun həm müsbət, həm mənfi tərəfləri var. Müsbət tərəf təbii ki, real sektorun rezervlərdən faydalanması, onların nisbətən ucuz vəsaitlər əldə etmək imkanı qazana bilməsidir. O baxımdan rezervlərin bir hissəsinin kommersiya bankları vasitəsilə real sektora yönəldilməsi müsbət hesab edilə bilər. Amma bu prosesin mənfi tərəfləri də var. Əvvəla, mənfi tərəf ondan ibarətdir ki, bütün hallarda  dövlət birbaşa maliyyələşdimə həyata keçirirsə, bu, pul dövriyyəsinin şişməsinə gətirib çıxaracaq. Əslində, daha məqsəduyğun olardı ki,  banklar öz vəsaitləri hesabına real sektoru maliyyələşdirsinlər. Bu zaman bu pul dövriyəsinin şişməsi, dövriyyədəki pulların artması ilə nəticələnməz.  Amma əgər rezervlərdən kommersiya bankları vasitəsilə real sektoun maliyyələşməsi üçün istifadə olunarsa, bunun həcmi böyük olmamalıdır. Sonda, yenə də, daha yaxşısı bankların öz resursları hesabına real sektora maliyyələşdirilməsinə nail olmaqdır". 

İstənilən halda ölkənin strateji valyuta ehtiyatlarından banklara müəyyən həcmdə kredit ayrılsa, bu, hansısa bahala kreditin axtarılıb tapılmasına ehtiyacı aradan qaldırar. Eyni zamanda, bu hal kreditlərin də ucuzlaşmasına yol açar. 


Sizin Reklam Yeriniz