Əlaqə Arxiv
news Image
2014.08.15
10:51
| A A A
Büdcəyə çatmayan milyonlar
Samir Əliyev: «Bu gün kifayət qədər belə halla qarşılaşmaq olar ki, evlər kirayəyə verilir və buna görə dövlətə vergi ödənilmir» Nüsrət İbrahimov: «Vergi Məcəlləsinə onu əlavə eləmək olar ki, kim qeydiyyatdan keçməyən, müqaviləsiz ev kirayə verirsə, cərimə olunsun»

Bu gün dövlət büdcəsi kirayə bazarına görə milyonlarla pul itirir. Səbəb mənzillərin kirayəyə verilməsi zamanı bunun əksər Avropa ölkələrində olduğu kimi müqavilə halında olmamasıdır. Məlumdur ki, əksər hallarda Bakıda, həmçinin rayonlarda kirayə verənlə kirayə götürən arasında müqavilə bağlanmır. Halbuki, qanunla kirayə verən aldığı məbləğin  hər ay 14%-ni gəlir vergisi kimi büdcəyə ödəməlidir. Amma bir çox hallarda aşağı qiymətə verilən mənzillərdə müqavilə bağlanmır və yaxud bağlansa da rəsmiləşdirilmir. Araşdırmalar göstərir ki, orta qiymətdən yuxarı verilən kirayə evlərin 60-65%-də müqavilə bağlanır. Bunlardan da təxminən 20-25% notarial qaydada dövlət qeydiyyatından keçir. Ucuz qiymətə verilən mənzillərin 50%-nin rəsmi müqaviləsi yoxdur. Bağlanmış müqavilələrin çox cüzi hissəsi dövlət qeydiyyatından keçirilir. Hazırda mövsümi amilərlə əlaqədar kirayə bazarında yenidən canlanma yaşanmaqdadır. Evlərin kirayə qiymətləri durmadan artır. Bununla paralel olaraq kirayə müqavilələrinin bağlanması elə də intensiv xarakter daşımır. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı fikrilərini Movqe.az-a açıqlayıb. Ekspert kirayə bazarının canlandığı bir vaxtda qeyri-rəsmi kirayə müqavilələrinə görə dövlətin kifayət qədər vəsait itirdiyini bildirir:  "Bu gün kifayət qədər belə halla qarşılaşmaq olar ki, evlər kirayəyə verilir və buna görə dövlətə vergi ödənilmir. Amma əslində reallıq budur ki, istənilən gəlir müvafiq vergiyə cəlb olunmalıdır. O cümlədən kirayə bazarından gələn gəlirlər. Bu gün Bakıda 200 manatdan ucuz kirayə ev tapmaq mümkün deyil. Bunun hardasa 4%-i vergiyə cəlb edilsə, 8 manat pul edir. Düşünürəm, bu 8 manat kirayə verən üçün bir o qədər böyük məbləğ deyil. Amma belə evlərin sayının 10 minlərlə olduğunu düşünsək, bu, son nəticədə böyük məbləğdə pul edir. Bu baxımdan, büdcə hər il müəyyən qədər pul itirir. Problemin həlli yolu,  təbii ki, kirayə bazarının inkişaf etdirilməsi, gəlirlərin vergiyə cəlb edilməsidir. Bunun lisenziyalaşdırılması həyata keçirilə bilər. Kirayə evlərin siyahısı müəyyənləşdirmək lazımdır ki, müqaviləsiz olanlar bilinsin, buna qarşı tədbir görülsün. Çünki bu gün Azərbaycan kirayə bazarı kifayət qədər gəlir əldə edir". 

"MBA LTD" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov kirayə evlərin müqaviləsinin olub-olmaması məsələsinə nəzarətin mənzil kommunal idarələrinə, mənzil istismar idarələrinə verilməsini təklif edir: "Bunu hər ərazi üzrə quruma tapşırmaq olar ki,  orda evlər qeydiyyatdan keçirilsinlər. Ümumiyyətlə, Vergilər Nazirliyinə də tapşırmaq olar ki, daim kirayəyə verilən evlərin qeydiyyatını aparsın. Necə ki, icarəyə verilən ofislərin qeydiyyatı Vergilər Nazirliyi tərəfindən aparılır, icarəyə verilən obyektlərin hər biri reyestrə salınıb və hazırda buna nəzarət aparılır. Güman edirəm ki, gələcəkdə mənzillərin də reyestrini Vergilər Nazirliyi apara bilər. Amma bunun üçün həm zaman lazımdır, həm də bunu tək Vergilər Nazirliyinin üzərinə də qoymaq doğru olmaz. Yerli icra strukturları, o cümlədən yerli mənzil istismar idarələri bu məsələdə kömək olmalıdır. Çünki yerli mənzil-istismar sahələri birmənalı şəkildə bilirlər ki, hansı ərazidə hansı evlər kirayəyə verilir, hansı qiymətə verilir. Digər tərəfdən, cəmiyyət bu işə ciddi yanaşmalıdır. Vergi Məcəlləsinə onu  əlavə eləmək olar ki, kim qeydiyyatdan keçməyən, müqaviləsiz ev kirayə verirsə, cərimə olunsun.  Çalışmaq lazımdır ki, insanlar özləri öz işlərinə məsuliyyətlə yanaşsınlar. Güman edirəm ki, bunun da zamana ehtiyacı var. Yəqin, müəyyən zaman keçdikdən sonra bu məsələlər öz həllini tapacaq. Amma artıq son 2 ildir ki, bu məsələ öz həllini  obyektlərdə tapıb. Yəqin, yaxın gələcəkdə evlərin kirayəsi zamanı da bu qaydalar gözlənəcək".  

Əslində, belə müqavilələr evlərini kirayə verənlər üçün də sərfəlidir. Belə ki, Mülki Məcəllənin 329-cu maddəsinə əsasən qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə əməl olunmadan bağlanmış müqavilə etibarsız sayılır. Nəticədə problem yarananda, məsələn, kirayənişin pulu vaxtında ödəmədikdə ev sahibinin ona qarşı qanunla tutarlı arqumentləri olmur. Halbuki, kirayə müqaviləsi olarsa, vəziyyət tam fərqli xarakter alar.






Sizin Reklam Yeriniz