Əlaqə Arxiv
news Image
2012.12.03
17:05
| A A A
Yeni il istirahətini xaricdə keçirənlərin sayı yenə çoxluq təşkil edir
Vüqar Bayramov: «Gürcüstanda, qardaş Türkiyədə bayramları qeyd etmək, eyni zamanda istirahət mərkəzlərinə getmək daha ucuzdur» Bir neçə müddətdən sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili qarşılamağa hazırlaşırıq. Yeni ilin gəlişinə isə hazırlaqlar artıq indidən başlanıb. Şəhərin müxtəlif ticarət obyektlərinin qarşısından keçərkən bunu görmək mümkündür. Eyni zamanda vətəndaşlarımız da yeni ili harada keçirməyi qərarlaşdırırlar. Onlardan bəziləri bu məqsədlə yenə xaricə üz tutmağı, həm də elə xaricdə bir neçə gün istirahət etməyi  planlaşdırır. Bunu turizm şirkətləriən artıq indidən verilən çoxsaylı sifarişlərdən də görmək mümkündür. Əvvəlki kimi isə qeyd olunur ki, yeni il tətilini ölkə daxilində, onun müxtəlfi rayonlarında qeyd etmək baha başa gəlir.
Bəs Azərbaycanda, onun regionlarında çoxlu sayda istirahət məkanlarının olmasına baxmayaraq, vətəndaşlarımız niyə hələ də bayramı xaricdə qeyd etməyə, orada  istirahət etməyə meyillidirlər?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin Rəhbəri Vüqar Bayramov məsələ ilə bağlı Mövqe.Az-a aşağıdakı açıqlamanı verib: "Ölkə vətəndaşlarının ölkədən kənarda istirahət etməsinin müxtəlif səbəbləri var. Birinci səbəb odur ki, Gürcüstanda, qardaş Türkiyədə bayramları qeyd etmək, eyni zamanda istirahət mərkəzlərinə getmək daha ucuzdur. Məsələn, Gürcüstanda nəqliyyat xərci daxil olmaqla, 7 gün istirahət etmək, Azərbaycanın Qəbələ rayonunda anoloji istirahəti kecirtməkdən 2 dəfə ucuz başa gəlir. Gürcüstanla yanaşı vətəndaşlarımızın ən çox üz tutduqları ölkə olan Türkiyədə də istirahət etmək ölkəmiz ilə müqayisədə ucuz başa gəlir. Azərbaycanla müqayisədə qonşu ölkələrdə qiymətlərin ucuz olması vətəndaşlarımızın istirahətlərini ölkə xaricində etməsinə gətirib çıxardır. İkinci səbəb odur ki, xarici ölkələrdə xidmət səviyyəsi Azərbaycanın turizm obyektləri ilə müqayisədə daha yüksəkdir. Xidmət səviyyəsinin Azərbaycanda çox təəssüf ki, hələ də aşağı olması vətəndaşları ölkə daxilində istirahət etməkdən uzaqlaşdırır. Digər səbəb isə onun ilə bağlıdır ki, ölkə vətəndaşlarının gəlirləri artdıqca, vətəndaşlar öz ölkəsində deyil, digər ölkələrə getmək və orada istirahət etməkdə maraqlı olurlar. Azərbaycanda əhalinin gəlirlərinin artması da, Azərbaycan vətəndaşlarının xaricdə istirahət etməsinə səbəb olan stimullaşdırıcı faktorlardandır. Digər bir faktor isə psixoloji  faktordur. Vətəndaşlar digər ölkələrə getməkdə, xarici ölkələri görməkdə daha maraqlıdır".
İqtisadçı ekspert ölkə vətəndaşlarını ölkə daxilində istirahət etməyə cəlb etməyin yollarından da danışıb: "Birmənalı şəkildə qiymətlərin aşağı salınması vacibdir. Çünki qiymətlər salınarsa, vətəndaşların xaricə olan meyli azalar. Xidmət səviyyəsinin yüksəldilməsi, xidmətdə keyfiyyətin artırılması da vətəndaşları ölkə daxilində istirahətə cəlb edən mühüm faktorlardan biridir. Turizm şirkətləri, eləcə də regionlarda yerləşən otellər dövri- kampaniyalardan istifadə etməlidir. Kampaniyalarda güzəştlər elan edilməlidir ki, vətəndaşlar rayonlarda istirahət etməkdə maraqlı olsunlar. Rayonların tarixi ilə bağlı məlumatların hazırlanmasına və onların turistlərə təqdim edilməsinə ehtiyac var. Bundan başqa keyfiyyətin yüksəldilməsi lazım olan addımlardandır".
Sizin Reklam Yeriniz