Əlaqə Arxiv
news Image
2012.12.05
16:35
| A A A
Saxta xəz geyimləri problemi yenidən aktuallaşır
Abbas Əliyev : «Saxta xəz geyimləri ilə bağlı dövlət xidmətinə hər hansı bir müraciət daxil olmayıb» Fərrux Əsgərov: «Çin Xalq Respublikasından idxal olunan malların əksəriyyətinin birinci görünüşdən keyfiyyətsiz olduğu görünür» Havaların soyuması ilə xəz geyimləriən olan tələbat da xeyli artıb. Bu səbəbdəndir ki, az qala hər gün xəz-dəri qalereyalarının reklamını görürük. Azərbaycan xanımlar da ki, gözəllik, yenilik aşiqidir. Harada təzə, dəbli, zövqlü bir şey varsa, onu tez əldə etməyə çalışırlar. Lakin bu zaman süni, saxta xəz geyimləri orijinal adı ilə birə on baha qiymətə satılır.
Bəs görəsən, bunlara qarşı hansı tədbirlər görülə bilər?
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məsələ ilə bağlı Mövqe. Az-a açıqlamasında aşağıdakıları bildirib: "İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti Və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir. Bu tədbirlər bir çox sahəni əhatə eləyir. Saxta xəz geyimləri ilə bağlı dövlət xidmətinə hər hansı bir müraciət daxil olmayıb. Biz monitorinqlər aparmışıq. Apardığımız monitorinqlər zamanı bu cür hallar ilə qarşılaşmamışıq. Əgər bu məsələ ilə əlaqədar istehlakçı müraciəti daxil olarsa, İqtisadi İnkişaf Nazirliyi həmin müraciəti araşdırmağa və belə hal qeydə alınarsa, müvafiq tədbirlər görməyə hazırdır".
Azad İstehlakçılar Birliyinin eksperti Fərrux Əsgərov da məsələ ilə bağlı Mövqe. Az-a açıqlama verib: "Saxta xəz geyimi ilə bağlı tendensiya indi də davam etməkdədir. Çin Xalq Respublikasından idxal olunan malların əksəriyyətinin birinci görünüşdən keyfiyyətsiz olduğu görünür. Ancaq bir çox malların üzərində başqa ölkələrin emblemi yapışdırılır. Bir çox Çin mallarının üzərində türk, italyan mallarının emblemləri olur. Belə olduqda istehlakçılar orijinal malı aşkarlamaqda çətinlik çəkirlər. Mal alarkən vətəndaş diqqətli olarsa, saxta malı əslindən ayırd edə bilər.
Hal-hazırda şəhərin bir çox ticarət obyektlərində bu tendensiya davam etməkdədir. Bunlara qarşı tədbir görmək bir qədər çətin məsələdir. Çünki, təkcə Azərbaycanda yox, dünyanın demək olar ki, əksər ölkələrində Çin istehsalı olan malların satışı həyata keçirilir. Belə halların qarşısını almaqdan ötrü hansısa bir tədbirin görülməsini müşahidə etməmişəm. Ölkəyə gətirilən mallar ekspertizadan keçirilməlidir. Saxta malların insan orqanizmi üçün göstərə biləcəyi mənfi təsirlər aşkarlanmalıdır. Mən düşünürəm ki, belə halların qarşısını yalnız qanunlarda müəyyən dəyişikliklər aparmaqla az da olsa almaq olar."
Sizin Reklam Yeriniz