Əlaqə Arxiv
news Image
2012.12.05
17:07
| A A A
JEK-lərin topladıqları vergi ilə bağlı maraqlı məqamlar üzə çıxır
Yunus Quliyev: «JEK tərəfindən toplanan mənzil haqları isə mənzilin ümumi xərclərinə, yəni binanın təmiri, zibilin, məişət tullantılarının daşınması ilə bağlıdır» Samir Əliyev: «Əmlak vergisi yerli vergi olduğu üçün bələdiyyələr tərəfindən yığılmalıdır» Azərbaycan qanunvericiliyinə əsasən əmlak vergiləri bələdiyələr tərəfindən yığılır. Əmlak vergisi ilə yanaşı Azərbaycanda Mənzil İstismar Sahələri (JEK) tərəfindən ev pullarının yığılması faktlarına da rast gəlinir.
Bəs gəlin baxaq görək əslində, bu məsələ necə tənzimlənməlidir? Ümumiyyətlə həm əmlak vergisi, həm də ev pullarının yığılması doğrudurmu?
Vergilər Nazirliyi Makroiqtisadi diaqnostika və iqtisadi icmal şöbəsinin rəisi Yunus Quliyev məsələ ilə əlaqədar Mövqe. Az-a açıqlamasında aşağıdakıları qeyd edib: "JEK-lər tərəfindən toplanan pullar kommunal xərclərə görə verilir. Bu, vergi deyil. Əmlak vergisi isə Vergi Məcəlləsi tərəfindən təyin edilən vergidir. Əmlak vergisi mütləq alınmalıdır. Kimin ki, mülkiyyətində mənzili var, onlardan Vergi Məcəlləsində müəyyən edilmiş qaydada vergi alınmalıdır. Lakin JEK tərəfindən toplanan mənzil haqları isə mənzilin ümumi xərclərinə, yəni binanın təmiri, zibilin, məişət tullantılarının daşınması ilə bağlıdır, bunlar hamısı komunal xidmətlərə görə alınır. Hər bir JEK Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında bunlara görə əhalidən müəyyən xidmət haqları alır. O da mütləq alınmalıdır."
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də məsələ ilə əlaqədar Mövqe. Az saytına açıqlama verib: "Əslində, Azərbaycanda mənzil idarəçiliyi Mənzil Məcəlləsi ilə tənzimlənir. Mənzil Məcəlləsi Azərbaycanda 2009-cu ildə qəbul edilib. 2009-a qədər 1982-ci ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi vasitəsi ilə ev təsərrüfatçılığı tənzimlənirdi. Həmin məcəllə əsasında dövlət və ictimai mənzil fondlarının idarəçiliyi Mənzil İstismar Sahələrinə verilmişdi. Biz el arasında buna JEK deyirik. Həmin məcəllə ilə onların fəaliyəti tənzimlənirdi. 2009-cu ildə yeni məcəllə qəbul edildi. Yeni məcəllədə artıq çoxmərtəbəli mənzillərin idarə edilməsinin 3 üsulu göstərildi. Bu 3 üsulun heç birində JEK-lər nəzərdə tutulmayıb. Bu o deməkdir ki, bu gün JEK-lərin fəaliyyəti faktiki olaraq qanunsuzdur. Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir. Bu gün JEK-lərin statusunda qeyri-müəyyənlik var. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir. O ki, qaldı JEK-lərin pul yığmasına, bunun özü artıq 2-ci qanunsuzluqdur. Nəyə görə? Çünki Azərbaycanda vergi əsasən dövlət və yerli vergilərdən ibarətdir. Dövlət vergiləri Vergilər Nazirliyi tərəfindən, yerli vergilər isə bələdiyyələr tərəfindən yığılır. Bu Azərbaycan qanunvericiliyi, o cümlədən Vergi Məcəlləsi ilə tənzimlənir. Orda nəzərdə tutulur ki, başqa bir qurumun vergi yığımında iştirakı birbaşa qanunsuzluqdur. Vergini ancaq bələdiyyə yığmalıdır. İndi bələdiyyələr bu və ya digər səbəbdən vergiləri yığa bilmədikdə, bu işi JEK-lərə tapşırırlar. JEK-lərlə bağlanmış müqavilə əsasında JEK-lər bu vergini yığırdı və yığılan verginin bir hissəsi JEK-ə qalırdı. Bunun nəticəsidir ki, ötən il əmlak vergisinin yığımında kifayət qədər artım oldu. Bu artım daha çox Bakı və Bakıətrafı ərazilərin payına düşdü. Göründüyü kimi burda həm JEK-lərin statusu sual altındadır, həm də başqa bir qurumun səlahiyyətinə müdaxilə etməklə o ikinci bir qanunu pozur. Əmlak vergisi yerli vergi olduğu üçün bələdiyyələr tərəfindən yığılmalıdır. Nazirlər Kabinetinin 2000-ci il tarixli qərarı var. Həmin qərara əsasən özəl mənzilin hər kvadrat metrinə görə 1.5 qəpik mənzil haqqı verilməlidir. Bu pul da JEK-lərə yığılıb verilir. Göründüyü kimi bu qərar 2000-ci ildə verilib. Yeni Mənzil Məcəlləsi isə 2009-cu ildə qəbul edilib. Bu məsələ açıq qalıb. JEK-lər həm zibil pulu, həm mənzil haqqı yığır. Bu gün faktiki olaraq JEK-lərin statusu qeyri-qanuni olduğuna görə onların bu mənzil haqqını yığmaq hüququ yoxdur. Mən fikirləşirəm ki, burda ciddi qanun pozuntusu var. Bu məsələyə müvafiq qurumlar aydınlıq gətirməlidir".
Sizin Reklam Yeriniz