Əlaqə Arxiv
news Image
2012.12.20
15:36
| A A A
Yol cərimələrinin maşının qiymətinə görə təyin edilməsi aktuallaşır
Zahid Məmmədov: “200 min manatlıq maşın sürən insana kəsilən 20-40 manat cərimə onun büdcəsinə heç bir təsir etmir” Məlumdur ki, bu gün nəqliyyat vasitələrinin gömrük rüsumu həmin nəqliyyat vasitəsinin mühərrikinin işçi həcminə görə hesablanır. Bundan başqa nəqliyyat vasitəsinin icbari sığortası və texniki baxışı zamanı da köçürülən məvaciblər də eyni prinsip əsasında həyata keçirilir. Lakin hazırki  qanunvericiliyə görə, eyni bir yol hərəkəti qaydasını pozan müxtəlif nəqliyyat vasitələrinin sahiblərinin ödədikləri cərimənin miqdarında fərqlilik yoxdur. Yəni, artıq burada cərimələr tətbiq edilən zaman mühərrikin işçi həcmi nəzərdə tutulmur.
İqtisadi elmlər doktoru, professor Zahid Məmmədov isə burada da mühərrikin həcminin nəzərə alınmasını təklif edir: "Yol hərəkəti qaydaları ilə əlaqədar dəyişikliklər olub, sərtləşdirməyə doğru ciddi çalışmalar gedir. Bu sahədə istər inzibati, istərsə də əhalinin maarifləndirilməsi mövzusunda proqramlar olur. Amma təəssüflər olsun ki, bu sahədə hələ də problemlər davam etməkdədir. Xüsusi ilə də avtoxüliqanlar fəaliyyətlərini davam etdirməkdədir. Bunların inzibati yox, cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər aparılmalıdır. Çünki, nəticədə avtoşlar təkcə özlərinin yox, bütünlüklə cəmiyyətin həyatını təhlükə altına qoyurlar. Amma bununla yanaşı, cərimələr sisteminə yenidən baxış olmalıdır. Nəzərə alsaq ki, maşınların idxalı prosesində, texniki baxış vaxtı mühərrikin həcminə və maşının qiymətinə uyğun olaraq fərqli qiymətlər tətbiq olunur. Yəni, dəyəri 200 min manat və 15 min manat olan maşınlar arasındakı ödəmələr fərqlidir. Hətta sığorta sistemində maşınların sığortalanması maşının qiymətinə uyğun aparılır. Amma cərimə prosesində də sərtləşmə olmalıdır. 200 min manatlıq maşın sürən insana kəsilən 20-40 manat cərimə onun büdcəsinə heç bir təsir etmir. Hətta, bəzi hallarda o, yol hərəkətini pozmaqla psixoloji olaraq zövq alır. Özünü cəmiyyətdə göstərmək üçün mütləq işıqforun qırmızı işığından keçməli, digər qaydaları pozmalıdır. Belələrini tərbiyə etməyin çıxış yolu da budur ki, maşının dəyərinə bağlı olaraq fərqli cərimələr edilməlidir. Bu gün avtomobillərin sığortası məcburidir. Cərimə də sığortanın həcminə uyğun olaraq müəyyənləşdirilməlidir. Burada sürücüyə cərimə tətbiq edildiyi zaman onun sığortasına baxılacaq. Sığortaya ödədiyi vəsaitin müəyyən hissəsi qədər cərimə ödəməlidir. Bu cür cərimələnmə sığorta şirkəti üçün də sərfəlidir. Sığorta şirkəti görsə ki, vətəndaş dəfələrlə yol hərəkəti qaydalarını pozur, onunla sığorta müqaviləsinə yenidən baxacaq. Sığorta şərtlərini sərtləşdirəcək. Artıq güzəştli qaydada sığorta etdirməyəcək. Yəni, burada vətəndaş, sığorta və polis əməkdaşı arasında proses gedəcək. Yol hərəkətini pozanlar "qara siyahı"ya düşəcək, bununla da sığorta şirkətləri ondan imtina edəcək. Necə ki, bank sistemində olduğu kimi. Belə olanda da bütün sığorta şirkətləri də ondan imtina edə bilər".
Sizin Reklam Yeriniz