Əlaqə Arxiv
news Image
2013.01.07
17:44
| A A A
Gübrələrlə sağlamlığımıza edilən qəsd
Vahid Məhərrəmov: «Fermerlər çalışmalıdırlar ki, gübrələrdən düzgün istifadə edilsin» Adil Qeybulla: «Hər bir tərəvəzin becərilməsi zamanı hansı gübrədən, hansı dozada istifadə edilməsi ilə bağlı konkret təlimat var» Qış fəslinin gəlməsi ilə istixana məhsulları bazarlarda daha çox gözə dəyməkdədir. O da faktdır ki, belə məhsulların yetişdirilməsində gübrələrdən daha çox istifadə edilir. Özü də məsələnin narahatverici tərəflərindən biri də ondan ibarətdir ki, məhsulları bazara dha tez çıxarmaq üçün gübrələrdən normadan artıq istifadə edilir. Bu da insan səhhəti üçün ciddi problemlər yaradır.
 İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov mövzu ilə bağlı Mövqe. Az-a verdiyi açıqlamasında aşağıdakıları bildirib: "Ümumiyyətlə, normal halda üzvi gübrələrdən istifadə olunmalıdır. Bitkinin qidaya ehtiyacı var. Bitkilər torpaqdan qidanı üzvi gübrələrin hesabına mənimsəyə bilir. Torpaqda olan mineral maddələr bitki üçün elə asan mənimsənilən deyil. Buna görə də üzvi gübrələrin verilməsi vacib şərtlərdən biridir.
 İstixanalarda daha çox mineral gübrələrdən istifadə olunur. Nəyə görə mineral gübrələrdən istifadə olunur? Ona görə ki, mineral gübrələr bitki tərəfindən daha tez mənimsənilir. Mineral gübrələrin istifadəsi elə də zərərli deyil. Lakin bizim sahibkarlar, xüsusən istixanalarda məhsul yetişdirən fermerlərimiz daha çox məhsul əldə etmək üçün azot gübrəsindən istifadə edirlər. Azot gübrəsi verilirsə, orda da normadan artıq veriləndə bitkidə toplanan nitrat insanlar tərəfindən istifadə edilərkən onların orqanizmində ciddi fəsadlar yaradır. Son zamanlar qidadan, xüsusən pomidor turşusundan zəhərlənmə halları daha geniş yayılmışdır. Baxmayaraq ki, nitrat daha çox duza meylli olduğu üçün pomidorun, xiyarın tərkibindən çıxır, duzlu suya çəkilir. Belə hallar nəyə görə baş verir? Ona görə ki, azot gübrəsi istifadə olunan zaman adi normal halda əgər günəş şüası istixanaya düşürsə və orda fotosintez prosesi normal gedirsə, həmin qeyri-üzvi maddələr üzvi maddələrə çevrilir. Bitkidə qidalanma prosesi az da olsa gecə də gedir. Ancaq bitkidə o işıqlanma sistemi normal, davamlı olmadığı halda həmin mineral gübrədə olan nitrat bitkinin özündə və onun meyvəsində toplanır. Səhəri gün fotosintez prosesi baş verəndə sanki həmin proses zamanı toplanmış nitrat üzvi maddələrə çevrilə bilmir. Bu bitkidə qalır və bitkinin meyvəsinə keçir. Bunu istixana məhsullarında biz daha çox müşahidə edirik. Həmin məhsullarda nitrat özünü daha çox göstərir. Bunu araşdırmalar da göstərir. Bir sıra mütəxəssislər onları xüsusi vasitələrlə müəyyən edirlər. Buna görə də fermerlər çalışmalıdırlar ki, gübrələrdən düzgün istifadə edilsin. Xüsusən artıq azot veriləndə nitratın artmasına səbəb olur. Bu da sonradan insan orqanizmi üçün ciddi fəsad yaradır. Burda söhbət təkcə mineral gübrələdən istifadədən getmir. Məhsullar axar suyun altında yuyulmalıdır.  Sahibkarlarımız diqqət yetirməlidirlər ki, digər metodlardan daha çox istifadə etsinlər".
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib: "Gübrələrdən istifadə halları hər yerdə var. Əslində, torpağın minerallaşdırılması üçün bu gün dünyanın hər yerində müxtəlif vasitələrdən istifadə olunur. Gübrələrdən istifadənin bəzən qaydaları pozulur. Həddindən artıq gübrənin verilməsi və bəzən gübrələrin müxtəlif meyvələrə, tərəvəzlərə həddən çox hopması  nəticədə zəhərlənmələrə və s. gətirib çıxarır. Daha çox qarpızda, pomidorda gübrələrin toplanması müşahidə edilir. Bundan da zəhərlənmə halları qeydə alınır. Ona görə də bu məsələyə nəzarət edilməli, gübrə verilən tərəvəzlərin monitorinqi aparılmalıdır. Bunlar satışa buraxılmamışdan qabaq mütləq onların yararlılıq dərəcəsi müəyyən edilməlidir. Evdə də müxtəlif çiçəklərə, güllərə, bitkilərə müəyyən gübrələr verilir. Torpaqda bəzən müxtəlif mikroelementlərin çatışmazlığı olur. Azərbaycanın müxtəlif bölgələrində torpaqda mikroelementlər çatışmır. Bu insanlarda da müxtəlif problemlər yaradır. Onlara gübrələrin verilməsi vacibdir. Bu, həm məhsulun yetişməsini sürətləndirir, həm də ki, lazım olan mikroelementlərlə müəyyən dərəcədə təmin edir. Ancaq onun düzgün verilməməyi, düzgün istifadə olunmamağı gübrənin həddən artıq toplanmasına səbəb olur. Bu sonda zəhərlənmələrə gətirib çıxara bilər.
Mən hesab edirəm ki, bu kimi halların qarşısının alınması məsələsinə kənd təsərrüfatı mütəxəssisləri nəzarət etməlidir. Bunun ilə bağlı müxtəlif təlimatlar var. Hər bir tərəvəzin becərilməsi zamanı hansı gübrədən, hansı dozada istifadə edilməsi ilə bağlı konkret təlimat var. Bu təlimat pozulur. Təlimata düzgün əməl edilməsi vacibdir".
Sizin Reklam Yeriniz