Azərbaycanda Həcc ziyarətinin qiymətləri niyə bahalaşır?
Əhməd Səmədzadə: “Tur şirkətlərinə Həcc ziyarətinə zəvvar aparmaqla bağlı QMİ-nin qoyduğu qadağa ölkədə Həcc ziyarətinin qiymətini bahalaşdırıb”
Nazim Məmmədov: “Həcc ziyarətinin təşkili QMİ-nin monopoliyasındadır”
Məlum olduğu kimi, bu il Həcc ziyarətinin qiymətlərində artım
gözlənilir. Qiymət artımı Səudiyyə Ərəbistanında tutulacaq
otellərin və kirayə götürüləcək çadırların qiyməti ilə
əlaqələndirilir. Qiymətlər bu ilin aprelində Qafqaz Müsəlmanları
İdarəsi (QMİ) nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri
zamanı imzalanacaq protokolun hazırlanması zamanı dəqiq məlum
olacaq. Amma Həcc ziyarətinə gediş haqqının demək olar ki, hər il
artırılması bu müqəddəs məkana biletin qiymətindəki bahalaşmanın
hansı səbəbdən baş verməsi ilə bağlı ortaya suallar cıxarır. Turizm
şirkətləri isə Həcc ziyarətinin qiymətlərinin Azərbaycanda hər il
bahalaşmasının səbəbini bu ziyarətin təşkilinin bir qurum
tərəfindən aparılmasında görürlər. "Azintour
Travel" şirkətinin direktoru Əhməd Səmədzadə Movqe.az-a bildirib
ki, bir necə ildir ki, tur şirkətlərinə Həcc ziyarətinə zəvvar
aparmaqla bağlı QMİ-nin qoyduğu qadağa ölkədə Həcc ziyarətinin
qiymətini bahalaşdırıb: "Əvvəllər tur şirkətləri də Həcc ziyarətinə
zəvvar aparırdılar. Zəvvarların secim imkanı vardı ki, hansı tur
şirkəti ucuz qiymət təklif edirdisə, o şirkətlə də Həcc ziyarətinə
gedirdi. Amma necə ildir ki, tur şirkətləri Həcc ziyarətinə zəvvar
aparmırlar. Bu isə qiymətlərə təsir göstərir. Nəticədə QMİ Həcc
ziyarətinə istədiyi qiyməti qoyur. Bizə isə hec gəlir lazım deyil.
Əgər tur şirkətlərinə icazə versələr bizdə bu xeyirxah əməldə
payımız olması üçün zəvvarları sərfəli qiymətə Həcc ziyarətinə
apara bilərik".
İqtisadçı Nazim Məmmədov da
Həcc ziyarətinə zəvvarların aparılmasının bir qurum tərəfindən
təşkil edilməsinin qiymətlərin bir əldən idarə edilməsinə gətirib
çıxardığını söylədi. Onun sözlərinə görə, bu bazarda rəqabət
mühitinin yaranmasına mane olur: "Əlbəttə ki, Həcc ziyarətinə
zəvvarların aparılmasında tur şirkətləri iştirak edəndə rəqabət
yaranırdı. Rəqabət mühitində qiymətlər dəyişirdi ki, bu da
zəvvarlara seçim imkanı verirdi. Zəvvar büdcəsinə uyğun olan tur
şirkətini seçib ziyarətə də həmin şirkətlə yollanırdı. İndi isə
Həcc ziyarətinin təşkili QMİ-nin monopoliyasındadır.
Zəvvarların secim imkanının olmaması isə QMİ-yə Həcc ziyarətinin
qiymətini hər il istədiyi kimi müəyyənləşdirməyə fürsət
verir".
QMİ-dən isə suallarımıza cavab almaq ücün
mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlasaq da cavab verən olmadı.