“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların sürətli inkişafı və bir çox sosial məsələlərin həllidir. Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalını artırmaqdır. Bu istiqamətdə sahibkarlığın inkişafı kənd əhalisinin məşğulluğunun artırılması və yoxsulluğun səviyyəsinin azaldılmasına əhəmiyyətli təsir göstərir. Bunun üçün ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edir.
Proqram üzrə uğurla davam etdirilən işlər artıq bəhrəsini verir.
Ərzaq təhlükəsizliyini təmin etmək üçün əsas rol oynayan fermer
təsərrüfatlarında istehsal genişlənir, məhsuldarlıq artır. Faktlara
müraciət etsək, məsələn, elə təsərrüfatlar var ki, kartofçuluqda
əvvəlki illərə nisbətən 10 dəfə artıq məhsul əldə edib. Taxılçılıq
üzrə əkin sahələri və hektarın məhsuldarlığı da sürətlə artır.
Bağçılığa maraq yüksəlir, bağbanlar yeni, daha məhsuldar meyvə
sortlarını becərib çoxaldırlar.
Məhsul istehsalındakı artım ixrac əməliyyatlarının genişlənməsi
üçün başlıca şərtdir. Lakin ixrac prosesi xammalı yox, hazır
məhsulu ehtiva etməlidir. Çünki, uğurun özülü bundadır. Belə ki,
xammal daha ucuz satılır və kəndli əməyinin əvəzini tam görə
bilmir. Hazır məhsul isə vəziyyəti tamamilə dolğunlaşdırır.
Məsələn, hazır məhsul almaq üçün xammalı emal etmək lazımdır. Buna
görə isə emal müəssisələri inşa edilməlidir. Bu da öz növbəsində
yeni, çoxlu sayda iş yeri deməkdir. Məhsula olan yerli tələbatın
ödənməsidir. Və hazır məhsul xaricə daha baha qiymətə satılır, yəni
məhsulun ölkəyə daha çox valyuta gətirməsi təmin edilir.
Hazır məhsulun ixrac edilməsi təcrübəsi Azərbaycanda çoxdan
mövcuddur və bu istiqamətdə potensial kifayət qədər böyükdür.
Məsələn, hələ ötən əsrin səksəninci illərində Yaponiyaya göndərilən
müxtəlif növ meyvə konservləri, xüsusilə nar şirələri böyük şöhrət
qazanmışdı. O dövrdə əksər kənd təsərrüfatı rayonlarında konserv
zavodları fəaliyyət göstərirdi və xeyli adda məhsul hazırlanırdı.
Düzdür, məhsulun qablaşdırılması, dizaynı, etiketlənməsi
müasirlikdən uzaq idi. Xüsusilə yerli bazara çıxarılan məhsulların
zahiri görünüşü bərbad vəziyyətdə idi. Amma ekoloji təmizliyinə
görə məhsullara söz ola bilməzdi. Xaricdən gələn valyuta isə
Moskvaya axırdı.
İndi şərait və qaydalar tam fərqlidir. Qazanc sahibkarındır, ad
ölkəmizindir. İstehsal ən yeni texnologiyalar əsasında qurulub.
Çeşidlər zəngindir. Qablaşdırma inkişaf etmiş ölkələrdəki dizayndan
geri qalmır. Keyfiyyət yüksəkdir, alıcılar malın başı üzərindən
əskik olmur. Belə olan təqdirdə nə lazımdır? Yalnız çalışmaq və
qazanmaq.
Tekstil sənayesinin inkişafı gələcəkdə bu sahənin genişləndirilməsi
üçün böyük ümidlər doğurub. Son iki ildə baramaçılıqda
məhsuldarlığın artması artıq yeni baramaaçan fabriklərin işə
düşməsinə səbəb olub. Bu minvalla bir-iki ilə bütün dünyada
qadınların boynunda Şəki kəlağayılarını görmək heç də təəccüblü
olmaz. Pambıqçılıq da sürətlə kənd təsərrüfatı sənayesindəki
əvvəlki şöhrətini qaytarır. Bunlar strateji məhsullardır və zəruri
ixrac potensialına malikdir.
Bütün bu başlanmış işlərin sürətini saxlamaq üçün yalnız mövcud
qanunvericiliyə əməl olunmaqla iş adamlarının, sahibkarların normal
fəaliyyətini təmin etmək lazımdır. Onda işləməyə həvəs də olacaq,
məhsul da, ixrac da.
N.NOVRUZ