Əlaqə Arxiv
news Image
2016.10.21
09:30
| A A A
Yerli məhsullara maraq artır

Bu gün heç kimə sirr deyil ki, azərbaycanlı alıcıda xarici mallara daha çox hüsn-rəğbət var. Çox güman ki, bu hiss sovet dövrünün keyfiyyətsiz və zövqsüz istehsalının adamlarda doğurduğu təəssüratın qalığıdır. Lakin indi vəziyyət bambaşqadır. Azərbaycanda növündən, çeşidindən və istehlak yerindən asılı olmayaraq bütün məhsullar ən müasir avadanlıqlarda, ən yeni texnologiyalar əsasında, ən müasir uslublarda istehsal olunur.

Vaxt vardı Bakı tikiş fabrikində tikilən paltarlar qeyri-mütənasibliyi ilə alıcılarda gülüş doğurur və mağazaların piştaxtalarında onları toz basırdı. Tikinti və sənaye avadanlıqları, yeyinti məhsulları da həmçinin. Ancaq indi zövqləri oxşayan gözəl geyim məhsullarımız vitrinlərin bəzəyidir. Məsələn, götürək ayaqqabı çeşidlərini. İndiyədək əhali yalnız xaricdən gətirilən ayaqqabılara üstünlük verib. Hətta Çindən gətirilən saxta və zərərli xammaldan hazırlanmış çəkmələr də daha yaxşı satılırdı, nəinki Azərbaycanda istehsal olunanlar. Bu hal 2-3 il əvvələ qədər belə idi. Ancaq indi mağazalarda keyfiyyətli dəridən, davamlı altlıqdan hazırlanmış yüksək keyfiyyətli yerli ayaqqabılar xaricdən gətiriləndən xeyli ucuz qiymətə normal qaydada satılır. Ancaq hələlik istehsal və satış arasında həmahənglik istənilən səviyyədə deyil. Xarici malların aldadıcı reklamı güclü olduğundan onların təsirindən qurtarmaq heç də asan deyil. Hətta bunun aradan qaldırılması üçün bəzən dövlətin işə qarışmasına ehtiyac yaranır. Söhbət inzibati qaydalardan yox, ticarət siyasətindən gedir.
Bu günlərdə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə verdiyi müsahibəsində görülən tədbirlər barədə danışıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlar yerli istehsalı dəstəkləmək, qeyri-neft ixracının təşviqi və sahibkarlığın inkişafı üçün çox mühüm addımlar atıb: “İlk növbədə qeyd etmək istəyirəm ki, aparılan iqtisadi islahatlar çərçivəsində sahibkarlıq fəaliyyətinin yoxlanılmasının 2 il dayandırılması, biznesin qurulması üçün lisenziyaların sayının azaldılması və digər çox mühüm addımlar atılıb”. Nazir bildirib ki, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda sahibkarlıq fəaliyyətində 50 yoxlama keçirilib, halbuki ötən ilin doqquz ayı ərzində bu göstərici 50 min təşkil edib. Ş.Mustafayevin göstərdiyi fakt sahibkarların sərbəst fəaliyyətinə yaradılan şərait kimi böyük sıçrayışdır. Bundan əlavə nazirliyin təqdimatı ilə yerli istehsalı dəstəkləmək üçün 84 malın idxalına spesifik gömrük rüsum dərəcələri tətbiq edilib.
Görülən tədbirlər yalnız yerli istehsalın qorunmasına və inkişafına yox, bütövlükdə ölkə ərazisində ticarətin canlanmasına, maaşları artırmadan əhalinin alıcılıq qabiliyyətinin artmasına şərait yaradır. Belə ki, xarici mallarla eyni keyfiyyətdə və bəzən hətta üstün olan yerli mallar daha ucuz qiymətə satılır. Çünki, onun qiyməti üzərində nəqliyyat xərcləri, gömrük rüsumları oturmur. Bizdə istehsala sərf olunan əmək daha ucuz başa gəlir ki, bu da məhsulun qiymətinə birbaşa təsir edir. Sadəcə bizdə psixoloji amillər əsasında yerli məhsulların satışı zəif olduğundan məhsulun rentabelliyi aşağı düşür. Sahibkarın istehsalı təkmilləşdirmək, genişləndirmək və müasirləşdirmək imkanı yaranmır ki, işini ahəngdar apara bilsin. Ancaq görülən tədbirlər bu geriliyi aradan qaldırmağa kömək edəcək və yerli məhsullar tezliklə bazarlarımızın brendinə çevriləcək. İnkişafın Azərbaycan modeli bu tezisləri həyata keçirmək gücündədir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz