Gürcüstandan keçməklə Bakıdan Türkiyəyə birbaşa dəmiryolunun
hansı diplomatik səylər hesabına tikilməsi yaxın keçmişdə baş verib
və hamımızın yaddaşında iz buraxıb. Dəmiryol xəttinin çəkilməsi
hələ layihə mərhələsinə çatmamış Rusiya, Ermənistan, ABŞ və digər
ölkələrin maneçiliyi ilə qarşılaşıb. Xəttin Gürcüstanda ermənilər
yaşayan bölgədən keçməsi, ekologiyaya zərər verməsi barədə
çağırışlar bəhrə verməyəndə ona kredit ayrılması məsələsi gündəmə
gəldi. Bu işi boynuna götürən bəzi beynəlxalq təşkilatlar müəyyən
bəhanələr altında sözlərindən qaçdılar. Amma layihənin strateji
əhəmiyyətini düzgün qiymətləndirən Azərbaycan və Türkiyə layihənin
reallaşdırılması üçün siyasi iradə nümayiş etdirdilər. Hətta
Azərbaycan Gürcüstana çox aşağı faizlə kredit verib, maliyyə işinə
ziyan vurmaq istəyənləri “mat” qoydu.
Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu layihəsi 3 ölkənin - Türkiyə,
Azərbaycan və Gürcüstanın birgə layihəsidir. Dəmir yolu xəttinin
təməli 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində
qoyulub. Xəttin çəkilməsinə dair saziş isə həmin ilin fevral ayının
7-də Tiflisdə Azərbaycan və Gürcüstan prezidentləri, həmçinin
Türkiyənin baş naziri arasında imzalanıb.
Bakı- Tiflis-Qars dəmir yolu Bosfor boğazında dəmir yolu tunelinin
inşasını, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin
birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan,
Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya
çıxarılmasının təmin edilməsini nəzərdə tutan layihədir. Yəni,
dəmiryol xətti vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat
dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bu xətlə bir
günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.
Əhəmiyyətinə görə, Bakı- Tiflis-Qars dəmiryolu Azərbaycan
iqtisadiyyatını daha da inkişaf etdirəcək layihədir.
Belə ki, dəmiryolu region ölkələrinin tranzit potensialının
artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə,
Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da
inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin
möhkəmlənməsinə, habelə ölkənin xarici iqtisadi əlaqələrinin
genişlənməsinə xidmət edəcək. Layihənin həyata keçirilməsi iqtisadi
səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik, etibarlılıq
baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya
ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki
istiqamətdə intermodal və konteyner daşımalarının həcmini
artıracaq. Yeri gəlmişkən ilk illərdə Azərbaycanın tranzitdən
minimal illik gəlirinin 50 mln dollar olacağı gözlənilir.
Dəmiryol xəttinin tikintisi tezliklə yekunlaşacaq və gələn ildən
istismara veriləcək. Lakin artıq bu yola maraq göstərələr kifayət
qədərdir. Bu il yanvarın 15-də Ukraynanın Rusiyadan yan ötüb İpək
yolu marşrutu ilə Gürcüstan, Azərbaycan və Qazaxstandan keçməklə
yola salınan ilk sınaq yük qatarı son dayanacağa uğurla çatıb.
Testdən sonra Ukraynanın infrastruktur naziri Andrey Pivovarskiy
bildirib ki, bu marşrut yükdaşımada qiymət siyasətinə görə Rusiya
yolu ilə rəqabətə girə bilər.
Bu günlərdə isə Almaniya şirkəti Azərbaycan ərazisindən keçən
dəhlizlə yükdaşımalar həyata keçirməkdə maraqlı olduqlarını
bildiriblər. Bu, Almaniyanın məşhur nəqliyyat-loqistika şirkəti
DHL-in bir qolu sayılan “DP DHL global forwarding” kompaniyasıdır.
DHL şirkətinin ümumilikdə dünya üzrə 220 ölkədə nümayəndəliyi,
ofisi və 500 mindən artıq əməkdaşı var, dünyada ilk 10
işəgötürənlərin siyahısında yerləşib, 1 saat ərzində 1 milyon
müştəriyə xidmət göstərir, Çində 500 min kvadratmetr anbar sahəsinə
malikdir.
Bu vaxta kimi, DHL Azərbaycandan keçməklə 5 sınaq qatarı yola
salıb. 2015–ci il noyabrın 29-da Çinin Lianyungang limanından ilk
test qatarı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsi ilə
Türkiyənin Manisa şəhərinə yola salınıb. Bu il iyul ayının 9-da və
31-də, həmçinin avqustun 20-də və sentyabrın 6-da isə Çindən
ardıcıl olaraq 4 blok qatarının nəqli həyata keçirilib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan,
Bakı- Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra, bu
nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, Asiya
ölkələri ilə Avropa arasında yüklərin çatdırılma vaxtı qısalacaq.
Beynəlxalq marşrutun Azərbaycan hissəsi iki nəhəng iqtisadi region:
Avropa və Asıya arasında sözün həqiqi mənasında körpü rolunu
oynayacaq.
Bu rol Azərbaycanın regionda liderliyini daha da möhkəmlətməklə
yanaşı, onun dünyadakı siyasi nüfuzunu artıracaq. Ölkənin dünya
iqtisadi birliyinə inteqrasiyası xeyli sürətlənəcək. Yeni iş
yerlərinin yaranması ilə əhalinin sosial vəziyyətinin yüksəldilməsi
sahəsində böyük irəliləyiş olacaq. BTQ innovativ layihə kimi ilk
gündən dividentlər gətirəcək və büdcəyə valyuta axını artacaq.
Dəmiryol xətti boyunca beynəlxalq normalara cavab verən müvafiq
infrastrukturun yaradılması nəqliyyat sektoru ilə yanaşı xidmət
sahələrinin inkiuşafını stimullaşdıracaq.
N.NOVRUZ