Dünya iqtisadiyyatında davam edən böhranın özülü neftlə yoğrulub. Bu qiymətli məhsulun hasilatının artırılması, yaxud azaldılması hazırda böhranın idarə edilməsində civə sütunu funksiyasını yerinə yetirir. Məsələ burasındadır ki, hasilatçı ölkələr bazara çıxarılan məhsulun kvotasına görə heç cür ümumi rəyə gələ bilmirlər. Bu isə bazarda təbəddülat yaradır ki, nəticə ölkələrin iqtisadiyyatında mənfi təsirlərdə əks olunur.
Əslində, nəzəri cəhətdən hər şey normaldır. Yəni bazar özü
qiymətləri tənzimləyir. Amma hazırkı dövrdə bəzi ölkələrin qəsdən
verdikləri siyasi, yaxud iqtisadi qərarlar praktiki cəhətdən
bazarın ahəngini pozur. Üstəlik, sonu görünməyən müharibələr
burulğanı da hasilatçı ölkələrin məcburi olaraq qeyri-adekvat
qərarlar qəbul etməsinə səbəb olur ki, bu da yenə bazarda
qiymətlərin süni dəyişilməsinə gətirib çıxarır. Məsələn,
uzunmüddətli sanksiyalardan bu il qurtulmuş İran əvvəlki iqtisadi
səviyyəsini bərpa etmək üçün hasilatı artırmaqda maraqlıdır.
Müharibə girdabında boğulan İraq itkilərin yerini doldurmaq üçün bu
yola gedir.
Neft “kralı” sayılan Səudiyyə Ərəbistanının büdcə kəsiri görünməmiş
şəkildə çoxaldığından neft hesabına gəlirlərini artırmaq məqsədini
güdür. Qərbin iqtisadi sanksiyaları ucbatından günü-gündən geri
düşən Rusiya hasilatı rekorda – gündəlik 12,5 milyon barrelə
çatdırmaq məcburiyyətində qalıb. Beləliklə, hər kəsin öz alibi
hesabına neft hasilatı artır, qiymətlər isə enir. Halbuki, bu
qiymətli məhsulu necə gəldi hasil etmək israfçılığa aparıb çıxarır.
Məqbul qiymət həddinə çatmaq və sabitliyə nail olmaq üçün bazara
çıxarılan məhsul üzrə bir növ “planlaşdırma”ya ehtiyac var. Bu
planlaşdırma kənardan verilən təklif, yaxud göstəriş əsasında
deyil, hasilatçı tərəfindən könüllülük əsasında olmalıdır. Bu isə
asan başa gələn məsələ deyil. Çünki, bu addımın başlıca
parametrləri ağıllı idarəetmə, intellektual səviyyə, təcrübə və
təhqiqat tələb edir. Kor-koranə planlaşdırma daha dərin fəsadlara
yol aça bilər. Buna görə də tək OPEC-in öz üzvləri arasında
razılığa gəlməsi məsələnin həlli demək deyil.
OPEC-ə üzv olan ölkələrlə sərbəst hasilatçılar arasında razılığa
gəlinməsi bu işdə mühüm şərtdir. Sentyabr ayında OPEC çoxdan
gözlənilən qərarı verib. Hasilatın sabit saxlanılması barədə üzv
ölkələr arasında razılığa gəlinib. Lakin heç bir sənəd
imzalanmayıb. Bu, onu göstərir ki, belə ərarlar çox sürüşkən olur.
Bu səbəbdən də imzalı yox, şifahi razılıqla kifayətləniblər. Amma
vəziyyətin ürəkaçan olmaması öz təsirini göstərib. OPEC-in “baş
podratçısı” Səudiyyə Ərəbistanı itirdiklərini geri qaytarmaq üçün
hasilatın azaldılmasına prinsipial yanaşır və verdiyi sözə əməl
edir. Hətta razılığı qulaqardına vuran bir neçə üzvün də yükünü öz
çiynində daşıyır.
Bir aylıq azalmanın xeyir verdiyini görən hasilatçılar OPEC və
qeyri-OPEC ölkələrinin energetika nazirlərinin Vyanada
görüşmələrini məqbul sayıb. Toplantıya Azərbaycan da dəvət alıb və
ölkəni bu müzakirələrdə energetika naziri Natiq Əliyev təmsil
edəcək.
Vyana toplantısında əsas müzakirə mövzusu xam neft hasilatının
azaldılması və ya dondurulması, eləcə də bunun hesabına cari
qiymətlərin mümkün artırılması ilə bağlı olacaq.
Belə görünür ki, OPEC son dövrlərdə neft hasilatı sahəsində
Azərbaycanla da fəaliyyətinin koordinasiya edilməsinə xüsusi önəm
verir. Bu, nəyin göstəricisi ola bilər? Təbii ki, enerji
daşıyıcıları sahəsində Qafqaz regionu üzrə Azərbaycanın rolunu
artırması və liderliyə yüksəlməsi ilk amildir. Amma bu amilin
arxasında mükəmməl siyasət durur. Bir neçə gün əvvəl Prezident
İlham Əliyevin birtərəfli şəkildə neft hasilatının artırılmayacağı
barədə verdiyi bəyanat müəyyən mənada digər ölkələrə örnək olub.
Ərazisi işğal edilmiş, bir milyon qaçqın və məcburi köçkünün
problemlərini yaşayan ölkədən bu cür cəsarətli addım hər bir halda
nümunə göstərilməyə layiqdir. Lakin burada başqa, daha önəmli
məsələ var. Azərbaycan daha iqtisadiyyatı neftdən asılı olan dövlət
deyil. Başlıca iş budur. Neft hasilatının adiləşərək sənayenin
digər sahələri ilə tarazlaşması iqtisadi böhrandan qorunmağın və
onu dəf etməyin əsas prinsipidir. Çox ola bilsin ki, Azərbaycanın
bu təcrübəsi digər neft hasilatçılarının öyrənməsi və tətbiq etməsi
üçün daha böyük dəyər kəsb edəcək.
Bütün bunlarla yanaşı, ümid edək ki, Vyana görüşü səmərəli olacaq,
OPEC və digər hasilatçı ölkələr ümumi konsepsiya işləyib
hazırlamağa nail olacaqlar.
N.NOVRUZ