Rusiyanın “kayak.ru” axtarış saytı bu ilin qış mövsümündə rusiyalılar arasında ən populyar turizm istiqamətlərinin reytinq cədvəlini tərtib edib. Məlum olub ki, Rusiya sakinləri arasında ən populyar istirahət məkanı Azərbaycandır.
Qeyd edək ki, qış mövsümündə Azərbaycana gələcək ərəblərin də
sayında böyük artım gözlənilir. Mütəxəssislər bu kimi halları
ölkədə qış turizminin inkişafına rəvac verən amil kimi
qiymətləndirirlər.
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər
Ağakərimov bildirdi ki, turizm sahəsini planlaşdıranda Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası tərəfindən
illər öncə proqnozlaşdırma işləri aparılır: “Turizmin inkişafı üçün
təkcə reklam deyil, yeni-yeni xidmət növlərini inkişaf etdirmək
lazımdır. Bu sahədə Qəbələdə “Tufandağ”, Qusarda “Şahdağ” qış
turizm kompleksləri yaradılıb. Bu mərkəzlər on minlərlə insanı cəlb
etmək iqtidarındadır. Görülən işlərlə əlaqədar bu yay “Şahdağ”da
rus turistləri ilə yanaşı, ərəb turistləri də oldular.
Eyni zamanda qış mövsümündə də ruslarla yanaşı, ərəb ölkələrindən
çoxsaylı turist gözlənilir. Halbuki, əvvəllər rus və ərəb
turistləri daha çox digər regionlara, xüsusən də Avropa məkanına
üstünlük verirdilər. Ancaq hazırda orada yaşanan iqtisadi, siyasi
hadisələr turistlərin böyük əksəriyyətinin istiqamətini dəyişdirib.
Azərbaycanı sabit, tolerant ölkə kimi görəndən sonra onlarda müsbət
rəy formalaşıb. Rus turistləri artıq son 3 ildir ki, ölkəmizə daha
çox səfər edirlər. Əminəm ki, bu gedişlə digər MDB dövlətlərinin də
Azərbaycana üz tutanların sayı artacaq. Azərbaycanda yay və qış
turizminin inkişafı buna imkan yaradır. Hazırda ölkəmizdə qiymət
məsələsi də çox münasibdir. Manatın devalvasiyası turistlər üçün
sərfəli olub. Çünki, Avropa ölkələrində eyni xidmətlər daha
bahadır. Bundan başqa, turizm şirkətləri artıq ərəb dilində də
xidmətlər təlklif edirlər. Əvvəllər ərəb dilində yazılar olmurdu.
İndi vəziyyət dəyişib və bu, çevik idarəetmənin göstəricisidir.
Nəzərə alaq ki, turistlər Azərbaycanda turizm sahəsində yaradılmış
şərait barədə öz ölkələrində danışacaqlar. Bu da növbəti ildə
gələcək turistlərin sayına müsbət təsir edə bilər. Eləcə də
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Asossiasiyası
2017-ci ildə daha çox turist gələcəyini proqnozlaşdırır. Bu, təkcə
İslam Həmrəylik Oyunları ilə yox, eyni zamanda turizmin inkişafı
ilə əlaqədardır. Aparılan təhlillər onu göstərir ki, qış dövrü və
Novruz Bayramında İrandan da çoxsaylı turistlər gələcək”.
Turizm məsələləri üzrə ekspert Elxan Vəliyev artımı ölkədə turizm
sahəsində görülən işlərlə əlaqələndirir: “Həyata keçirilmiş işlər
gələn turistlərin sayına müsbət təsir edib. Ancaq Azərbaycanın
potensialı daha böyükdür. Bölgələrdə eyni səviyyəli istirahət
mərkəzlərinin, otellərin tikilməsi uyğun olardı. Çünki, artıq fəsil
fərqi olmadan otellər istifadəsiz qalmır. Bu, dövlətin turizm
sektoruna olan diqqətidir.
Müəyyən idman, mədəni tədbirlərin ölkəmizdə keçirilməsi
Azərbaycanda turizmin inkişafına öz töhfəsini verib. Ancaq
görüləcək işlər də çoxdur. Məsələn, regionlarda azulduzlu otellərin
sayı artırılmalıdır. Turistlər yalnız istirahət üçün yox, digər
məqsədlər üçün də gələ bilərlər. Nəzərə alaq ki, Azərbacanda
turizmə yatırılan investisiyalar özünü doğrultmaqdadır. Ona görə də
bu işi daha həvəslə etmək olar”.
Ekspert əlavə etdi ki, problemlərdən biri turizm şirkətləri ilə
otellərin əlaqələrinin az olmasıdır: “Otellər tender elan etməklə
turizm şirkətlərinə sifarişlər verməlidirlər. Bu, tuzimin
inkişafına ciddi dəstək olacaq”.
Mübariz BAYRAMOV