“Nəqliyyat sahəsində layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq
yekunlaşır: “Həmin nəqliyyat dəhlizi Çindən Xəzər dənizi üzərindən,
Azərbaycandan keçməklə Avropaya uzanır. Ümid edirəm ki, bir neçə
aydan sonra biz həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu,
Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz
bu layihədə də bərabər çalışa bilərik. Bu il başqa bir layihənin də
icrasına başlanıb. Bu, Hindistandan, Pakistandan, Fars körfəzindən,
İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan
Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bizə imkan verəcək
ki, 10 milyon tonlarla yükü öz üzərimizdən nəql edək. Bu da hazırda
mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl
imkanlar açır. Xəzər dənizi üzərindən keçən nəqliyyat dəhlizində
Xorvatiyanın təklif edə biləcəyi özəl bərə gəmiləri istifadə oluna
bilər. Biz uzun illərdir ki, bu gəmilərdən istifadə edirik. Bu
layihə də davamlı inkişaf və davamlı gəlir mənbəyi olacaq”. Bəs,
Azərbaycan qlobal nəqliyyat qovşağına çevrilməsi ölkəyə nə vəd
edir?
İqtisadçı-ekspert Cümşüd Nuriyev bildirdi ki, ölkəmizin qlobal
nəqliyyat qovşağına çevrilməsilə Azərbaycanın gəlirləri daha da
artacaq: “Öncə onu qeyd edim ki, Azərbaycanın beynəlxalq nəqliyyat
qovşağına çevrilməsi üzrə təcrübəsi var. Çünki «Böyük İpək Yolu»
tarixən ölkəmizin ərazisindən keçib. Yəni bizim genetik
yaddaşımızda belə bir proses vardır.
İkincisi, artıq Azərbaycan nəqliyyat keçid dövlətinə çevrilmək
üzrədir. O mənada Orta Asiyanın təbii sərvətlərinin Azərbaycan
üzərindən Avropaya daşınmasında Rusiyanın özü də maraqlıdır. Bundan
başqa, Azərbaycan özü də Bakı-Tiflis-Qars dəmir yolunu çəkməklə
birbaşa Asiyadan Avropaya açılır. Ona görə də ölkəmizin qlobal
nəqliyyat qovşağına çevrilməsi real bir məsələdir. Cənab Prezident
də məhz bu mənada Azərbaycanın qlobal nəqliyyat qovşağına
çevriləcəyini bəyan edib. Başqa bir tərəfdən, hazırda dünyada
qloballaşma prosesi gedir. Belə bir prosesin getdiyi bir şəraitdə
istər-istəməz Azərbaycan qeyri-neft sektoruna əl atmalıdır. Bu
istiqamətdə diversifikasiya gedir. Bu mənada ən yaxşı variant
hazırda xidmət sahəsinə diqqəti artırmaqdan ibarətdir.
Avropa dövlətlərinin çoxunda xidmətdən gələn gəlir dövlət
büdcəsinin 50-55, bəzən hətta 70 faizini təşkil edir. Azərbaycan
üçün də bu addıma getmək tam realdır. Ona görə də həmin istiqamətdə
ölkəmiz fəaliyyətini davam etdirməlidir. Qlobal nəqliyyat qovşağına
çevrilməyimiz ölkəmizin gəlirlərinin artması baxımından mühüm
əhəmiyyət kəsb edir. Məsələn, tranzit yüklərinin Azərbaycandan
keçirən hər bir maşın ölkəmizə 80 dollardan 100 dollaradək gəlir
gətirir. Bura dəmir yolu, boru kəmər və dəniz nəqliyyatını da əlavə
etsək, 4 nəqliyyat növü üzrə Azərbaycanın bu sahədən olan
gəlirlərini yaxın perspektivdə dövlət büdcəsinin 30-35 faizinə
çatdırmaq imkanı var. Bu, tamamilə mümkündür”.
İqtisadçı-ekspert Natiq Cəfərli də bildirdi ki, beynəlxalq
nəqliyyat dəhlizinə çevrilməyimiz ölkəmizə əlavə milyonlarla dollar
qazanc gətirəcək: “Azərbaycanın qlobal nəqliyyat dəhlizinə
çevrilməsi üçün ölkəmiz çox çalışmalıdır. Çünki bu istiqamət üzrə
bölgədə Azərbaycanın ciddi rəqibləri də var. Çinin Rusiya ilə öz
məhsullarını bu ölkədən keçirməklə Avropaya daşımaqla bağlı ciddi
danışıqları aparılır. Son zamanlar İran da bu istiqamətdə
aktivləşib.
Türkmənistandan İran, Türkiyə vasitəsilə yüklərin Avropaya
çatdırılması məsələsi ciddi müzakirə olunur. Bu fonda Azərbaycanın
beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi üçün rəqiblərinə nisbətən
daha üstün təkliflərlə çıxış etməsi vacibdir. Sürətli keçid,
tariflərlə bağlı elə cəlbedici təkliflər olmalıdır ki, yüklərin
Azərbaycan üzərindən daşınmasında bir maraq yaransın. Bununla bağlı
Azərbaycanda bəzi problemlər də mövcuddur. Problem ondan ibarətdir
ki, yüklərin bir hissəsi Xəzər dənizi üzərindən bərələr vasitəsilə
keçməlidir. Lakin bərələrin sayının azlığı müəyyən vaxt itkisinə
gətirib çıxarır. Ona görə də qlobal nəqliyyat dəhlizinə çevrilmək
üçün ciddi hazırlaşmalıyıq.
Həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizi işə düşdükdən sonra
Azərbaycan prosesdən ciddi dividendlər qazana bilər. Amma buna
texniki, hüquqi cəhətdən, həm də tariflərin aşağı salınması
istiqamətində ciddi hazırlaşmalıyıq ki, rəqiblərimizdən həmişə bir
addım irəlidə ola bilək. Buna şansımız var, amma dediyim ciddi
işlərin görülməsi fonunda. Qlobal nəqliyyat dəhlizinə
çevrilməyimiz, tranzit yüklərinin artması Azərbaycanın həm
siyasi-coğrafi, geopolitik önəmini artırar, həm də ölkəmizə ciddi
maliyyə vəsaiti daxil ola bilər. Azərbaycandan il ərzində 50-60
milyon ton yükün keçməsinə şərait yaradılsa, bu, ölkəmiz üçün
milyonlarla dollar əlavə vəsaitin qazanılması demək olacaq. Texniki
olaraq bu rəqəmə çatmağa imkanımız var. Hazırda isə təxminən il
ərzində ölkəmizin ərazisindən 6-7 milyon ton yük daşınır. Daşınan
yüklərin artması ilə yeni iş yerləri yaranacaq. Rəqiblərimiz də bu
layihələr haqqında kifayət qədər məlumatlıdır, ona görə də
alternativ yolların təklif edilməsi istiqamətində ciddi çalışırlar.
Buna imkan verməmək üçün də həmişə bir addım öndə olmalıyıq”.
Rüfət NADİROĞLU