Əlaqə Arxiv
news Image
2013.01.18
16:43
| A A A
Bakıətrafındakı ticarət obyektlərinin barmaqla sayılacaq POS terminalları
Ötən ilin oktyabr ayının 4-də Nazirlər Kabinetinin verdiyi qərarla POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqinin yeni qaydaları təsdiq edildi. Həmin qaydalara əsasən, Bakı, Sumqayıt və Gəncədə ticarət və başqa sahələrdə nağdsız ödəniş qurğularının quraşdırılması prosesi 2012-ci ilin  sonunda başa çatmalı idi. Ötən ilə yekun vursaq da, hələdə nə Bakı, nə də ki, Sumqayıt şəhəri ərazisində yerləşən ticarət obyektlərində bu iş tam başa çatdırılmayıb. Bu mənada ən pis vəziyyət isə  Bakıətrafı qəsəbə və kəndlərdə müşahidə olunur. Apardığımız müşahidələrə əsasən söyləmək olar ki, Bakıətrafı qəsəbə və kəndlərdə fəaliyyət göstərən ticarət obyektlərində POS terminallar demək olar ki, yoxdur. Tək-tək hallarda qəsəbələrin mərkəzində yerləşən ticarət obyektlərində bu terminallara rast gəlsək də, əksər ticarət obyektlərində alış-veriş nağd ödəmə vasitəsilə aparılır. POS terminalların yoxluğu Bakıətrafı qəsəbə sakinlərini nağd alış-veriş etmək məcburiyyətində qoyur. Ən maraqlı məqam isə ticarət obyektlərinin əksəriyyətinin POS terminal alsa da, həmin aparatı quraşdırmamasıdır. Binəqədi rayonunun eyni adlı qəsəbəsində yerləşən ticarət obyektlərinin sahibləri bunu "gözdən-könüldən" uzaq olmaları, bu yolla da vergi əməkdaşlarının diqqətindən kənarda qalmaları ilə izah etdilər. Sahibkarlardan biri bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə Bakıətrafı qəsəbələrdə POS terminal quraşdıran ticarət obyektləri cox az saydadır. Onun sözlərinə görə, heç vergi əməkdaşları da bu aparatların quraşdırılması üçün onları narahat etmirlər. Səbəb isə Bakıətrafı qəsəbələrdə kartla alış-veriş edənlərin o qədər də çox olmamasıdır: "Biz alıb qoyuruq. Birdən vergi əməkdaşı gələndə göstəririk ki, almışıq, varımızdır. Amma istifadə etməyinə yalan deyərəm, istifadə etmirik. Ancaq bir-iki iri super marketlərdə POS terminallar quraşdırılır ki, o obyektlərin də alıcılarının çoxunun kartı var. Bizim müştərilərin çoxu malı nisyə alıb aparır. Pulunu isə bir aydan sonra gətirib verirsə, POS terminal işlətmək kimin nəyinə lazımdır?
"İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi"nin sədri, iqtisadçı Azər Mehtiyev isə Bakıətrafındakı ticarət obyektlərində POS terminalların quraşdırılmamasının bir neçə səbəbinin olduğunu söylədi: "Bəli, bir səbəb odur ki, Bakıətrafı qəsəbələrdə kart vasitəsilə alış-veriş edənlərin sayı çox azdır. Əmək haqqını kart sistemi ilə alanlar da cox vaxt bankomatdan nağd pul çəkib xərcləməyə üstünlük verir. Bəziləri isə, ucuz mal almaq üçün alış-verişi POS terminal olan marketdən yox, pərakəndə satışdan etməli olur. Bu isə təbii olaraq, POS terminallara olan tələbatı azaldır. Amma başqa səbəb də var. Bu ticarət obyektlərinin öz dövriyyələrini gizlətmək üçün POS terminallardan istifadənin onlara sərfəli olmamasıdır. Ticarət obyektləri POS terminalla alış-veriş apardıqda bu xidməti göstərən banka cüzi də olsa ödəmələr edir. Bu isə təbii ki, onlara sərf etmir. Bu amillər,eləcə də vergi əməkdaşlarının Bakıətrafı qəsəbələrdəki ticarət obyektlərində az-az yoxlama aparması, paytaxt kənarındakı alış-veriş məkanlarında POS terminalların quraşdırılmasını ləngidir".
Amma ekspert deyir ki, POS terminallar Bakıətrafında da, fəaliyyət göstərərsə, ticarət obyektlərinin dövriyyələrinə şəffaf nəzarət etmək imkanı yaranar, eyni zamanda bankomatlar qarşısında yaranan tıxacı aradan qaldırmaq mümkün olar. Vergilər nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov isə nazirliyin əməkdaşlarının bütün ticarət obyektlərində POS terminalların quraşdırılması üçün calışdığını söylədi. Onun sözlərinə görə, vergi müfəttişləri yoxlamalar zamanı bütün ticarət obyektlərindən bu aparatları quraşdırmağı tələb edirlər: "POS terminal olmayan ticarət obyektinə isə sanksiya tətbiq edə bilmirlər. Çünki qanun buna icazə vermir".
Ş. Məmmədov deyir ki, Bakıətrafı qəsəbə və kəndlərdə kartı olan vətəndaşların sayı az olduğundan, bu tələbata təsir edir. Amma, nazirlik əməkdaşı bildirir ki, istənilən halda kartdan istifadə edən müştərilərin azlığı ticarət obyektinə POS terminal qoymamaq üçün əsas ola bilməz. O ki, qaldı Bakıətrafı qəsəbə və kəndlərdəki bütün ticarət obyektlərinin POS terminallaşdırılacağı günə, alıcıların bu günü görməyinə az vaxt qaldığını söyləyir. N. K-nın qərarı ilə Abşeron rayonu, eləcə də 17 şəhər və rayon mərkəzində (Mingəçevir, Yevlax, Quba, Lənkəran, Şamaxı, Sabirabad, Salyan və s.) POS-terminalların quraşdırılması 2013-ci ildə başa çatmalıdır. 2014-cü ildə proses başqa rayonları da əhatə edəcək, 2015-ci ildə ölkənin bütün kənd və qəsəbələri POS-terminallarla əhatə olunacaq.
Qeyd edək ki, terminallar aylıq dövriyyəsi 2000 manat olan obyektlərdə, ƏDV subyektlərində, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələrində quraşdırılmalıdır.
Sizin Reklam Yeriniz