Əlaqə Arxiv
news Image
2012.08.31
12:56
| A A A
Azərbaycanda sərnişin qatarı sərnişin avtobusu ilə toqquşub, ölənlər və yaralananlar var
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, 31 avqust 2012-ci ildə Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07.30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "Daewoo" markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində sərnişinlər arasında ölənlər və xəsarət alanlar var.

Hadisə yerində hüquq-mühafizə orqanları ilə birgə aparılmış araşdırma zamanı, qorunan keçidin texniki vəziyyəti Nəqliyyat Nazirliyinin 27.10.2003-cü il tarixli 47/s-saylı "Dəmir yolu keçidlərinin istismarına dair Təlimat"ın tələblərinə uyğun olması müəyyən edilib.

Hadisənin baş verməsinə səbəb, sürücü tərəfindən "Yol hərəkəti haqqında" qanunun tələblərinin pozulması olub.  


"Bakının Qaradağ rayonunda baş verən yol qəzası nəticəsində ölənlərin sayı hələlik 6 nəfərdir".

Bunu APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. Onun sözlərinə görə, ölənlərin sayı arta da bilər: "Kliniki Tibbi Mərkəzdə olan 8 nəfərin vəziyyəti ağırdır. Hazırda onlardan 2 nəfəri əməliyyatdadır. Ümumilikdə qəzada 41 nəfər yaralanıb. Onlardan 32-si Kliniki Tibbi Mərkəzə, 9 nəfəri isə Travmatologiya İnstitutuna aparılıb. Onlardan 8 nəfərinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb". 

Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov isə APA-ya açıqlamasında bildirib ki, qəza nəticəsində Mərkəzə 1 nəfərin meyiti gətirilib, 2 nəfər isə yolda gətiriləndə ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir: "Ölənlərin şəxsiyyətini dəqiqləşdirmək çətindir. Onların sənədi yoxdur və ya qohumları bilmirlər". 

Hazırda mərkəzdə qəza nəticəsində yaralanan 35 xəstə var.
 

Sizin Reklam Yeriniz