Bakı şəhər Baş Polis İdarəsi kriminal avtoritetin yaxın qohumunun qətli ilə bağlı məlumat yayıb
.jpg)
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, oktyabrın 1-də Albalılıq yaşayış sahəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Babayevin odlu silahla qətlə yetirilmiş meyiti aşkar edilib. Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Quliyev tutulub. Ondan TT markalı tapança, bir ədəd patron, R.Babayevə məxsus "Naqan" markalı tapança və ona aid 5 ədəd patron götürülüb.
APA-nın əldə etdiyi məlumata görə, hadisəni törədən və hadisə zamanı dünyasını dəyişən şəxslərin hər ikisi kriminal aləmlə sıx əlaqəlidir. Belə ki, hadisə zamanı qətlə yetirilən R. Babayev bir neçə gün əvvəl Bakının Maştağa qəsəbəsində Səttar Xudaverdiyevi bıçaqlayıb. S. Xudaverdiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. R. Babayev isə polis tərəfindən axtarışa verilib.
Məlumata görə, R. Babayevin bıçaqladığı S. Xudaverdiyev tanınmış avtoritet Amil Xudaverdiyevin əmisi oğludur. R. Babayevin qətlinə də avtoritetlər qərar verib.