Əlaqə Arxiv
news Image
2013.03.05
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Samux sürətli intibah yolunda uğurla irəliləyir Zəngin təbiətə malik Azərbaycan regionları bu gün həm də böyük iqtisadi potensialları və onlardan səmərəli istifadə nəticəsində sürətli inkişaf yolundadır. Təbii ki, bunu şərtləndirən əsas səbəblərdən biri məqsədyönlü dövlət siyasəti və regionların inkişafı məqsədilə həyata keçrilən müvafiq dövlət proqramlarıdır. Qeyd olunanların real nümunələrindən biri qismində Samux rayonu çıxış edir.
Xatırladaq ki, Gəncə - Qazax İqtisadi rayonuna daxil olan Samux rayonu Böyük və Kiçik Qafqaz dağları arasında düzənlik yerdə yerləşir. Samux rayonu Gürcüstan respublikası ilə həmsərhəddir. Samux rayonun ərazisində Kür, Qabırrı və Qanıx çayları keçir.
Ötən ilin uğurlu sosial-iqtisadi yekunları isə böyük nailiyyətlərdən xəbər verir. Belə ki, ötən il "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində geniş abadlıq və quruculuq işləri həyata keçirilib. Rayonda sosial-iqtisadi inkişafın bütün sahələrində əsaslı dönüş yaradılıb və nəticədə yüksək nailiyyətlər əldə olunub. Əldə olunmuş uğurlar statistik göstəricilərdə də öz əksini tapıb. Belə ki, rayonun inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici - ümumi məhsul buraxılışının həcmi 98,1 milyon manata çatıb. Ötən illə müqayisədə onun həcmi 17,9 faiz artıb. Ümumi məhsul buraxılışının adambaşına düşən həcmi 1762 manat olub. Ümumi məhsul buraxılışının 82,6 faizi qeyri-dövlət sektorunun payına düşür ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz çoxdur.
2012-ci ildə rayon iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 232,9 manat təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 3,9 faiz çoxdur. Məlum olduğu kimi ötən ildən başlayaraq sovet vaxtından qalan əmanətlərə kompensasiya verilməsinə başlanıb. Kompensasiyaların verilməsi Samuxda da yüksək səviyyədə təşkil olunub və 2012-ci il sonuna kimi rayon üzrə müraciət etmiş 4372 əmanətçiyə vəsait ödənilib. Rayonda sosial-iqtisadi inkişafın bütün sahələrində əsaslı dönüş yaradılıb və nəticədə yüksək nailiyyətlər əldə olunub. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun 17 min əhalisinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisinə başlanıb və qısa müddət ərzində başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.
Həmin yolun keçdiyi yaşayış məntəqələrində geniş abadlıq işləri aparılıb, yolun kənarlarında park və xiyabanlar salınıb. Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında yenidənqurma işlərinə başlanıb. Parkda ümumi sahəsi 1400 kv.m. olan Heydər Əliyev mərkəzinin, kafenin, oyun zalının və çay evinin tikintisinə başlanıb, hazırda işlər davam etdirilir. Parkın su sistemi, elektrik təchizatı sistemi qurulur, meydanın və gəzinti yollarının kənarına mərmər bordürlər düzülür. Eyni zamanda parkın sahəsi genişləndirilmiş, giriş hissəsinin yenidən qurulması başa çatıb, qarşısına dekorativ hasar çəkilişinə başlanıb və hazırda burada işlər davam etdirilir.
Şəhərin Heydər Əliyev prospektinin yenidənqurması layihəsinə uyğun olaraq, prospektin sağ tərəfində üç ədəd parkın salınması başa çatdırılıb. Bu parklarda insanların rahat istirahəti üçün bütün şərait yaradılıb. Arif Nəbiyev, 28 may, N. Nərimanov, Tofiq İsmayılov və M.P.Vaqif küçələrində, Kolayır prospektində təmir və bərpa işləri həyata keçirilib. Kolayır prospektinin və Samux şəhər - Yenikənd yolunun kənarında 710 metr uzunluğunda dekorativ hasar quraşdırılıb.
Gəncə şəhərindən rayon ərazisinə giriş hissədə olan rayonun ad göstəricisi kompleksi yeni layihə üzrə inşa edilib. Tikintisinə ötən il başlanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 4 mərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdırılıb, hazırda binanın təhvil verilməsi ilə bağlı son tamamlama işləri görülür. Rayon Prokurorluğunun yeni inzibati binası inşa edilərək, istifadəyə verilib. Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı da daim diqqətdə saxlanılıb. Son 9 ildə rayonda 15 yeni məktəb binası inşa edilib, 14 məktəbdə, 4 uşaq bağçasında əsaslı təmir işləri aparılıb. Bu baxımdan ötən il daha uğurlu olub. Belə ki, 2012-ci ildə rayonda rekord miqdarda yeni məktəb binası inşa edilib. Şəhər 2 saylı tam orta məktəbi üçün 360 şagird yerlik, Lək kənd tam orta üçün 220 şagird yerlik, Poylu və Salahlı kənd məktəbləri üçün isə 180 şagird yerlik, Qiyaslı məktəbi üçün 80 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılıb və istifadəyə verilib. Tikintisinə hesabat ilində başlanmış 180 şagird yerlik Seyidlər kənd tam orta məktəbində işlər başa çatıb. Samux şəhər 1 saylı uşaq bağçasının isə əsaslı təmirdən sonra istifadəyə verilib.
Hesabat ilində rayonda yeni istehsal sahələrinin və iş yerlərinin açılması istiqamətində də müəyyən işlər görülüb. Rayonun İstixana kəndi ərazisində 3 hektar ərazidə faraş meyvə-tərəvəz istehsal edəcək "Aqrikola" MMC İstixana kombinatı fəaliyyətə başlayıb. Hazırda kombinatda 30 nəfər daimi işlə təmin edilib, müəssisənin tam fəaliyyətə başlaması ilə rayonun 100-dən çox vətəndaşı daimi işlə təmin olunacaq. Samux rayonunda kompyuterlə idarə olunacaq yeni istixananın inşasında son tamamlama işləri görülür. Rayonun Ziyadlı kəndində tikilən istixanada əsasən tərəvəz məhsulları istehsal ediləcəkdir. İsrail mütəxəssisləri tərəfindən 2 hektar sahədə inşa edilən istixanada işləyəcək bir neçə mütəxəssis artıq bu ölkədə təcrübə də keçib. Müasir texnologiyalar əsasında aparılacaq becərmə işlərində, eləcə də məhsul istehsalında 50 nəfərdən artıq kənd sakini çalışacaqdır.
Eyni zamanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən "Aqroenerjikompleksi"nin yaradılması müəyyənləşdirilib. Kompleksdə alternativ enerji istehsalı üzrə elektrik stansiyasının, istixananın, balıq yetişdirilməsi hovuzunun, heyvandarlıq kompleksinin tikintisi nəzərdə tutulur. Ümumi dəyəri 94 milyon manat olan kompleksin fəaliyyətə başlaması ilə 1000 nəfər rayon sakini daim işlə təmin olunacaqdır.
Həyata keçirilən tədbirlər nəticəsində 2012-ci il ərzində 747 iş yeri açılmışdır. Onlardan 486 iş yeri daimi, 261 iş yeri müvəqqətidir. Ümumilikdə 2004-2012-ci illər ərzində rayonda 4467-si daimi olmaqla 15403 yeni iş yeri yaradılıb. Samux Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin proqram xarakterli nitqlərində qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edərək yeni nailiyyətələr imza atmağa hazırlaşır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın son ilində Proqramda nəzərdə tutulan işlərin tam yerinə yetirilməsinə nail olunması əsas məqsədlərdəndir.
Artıq cari ildə şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su sisteminin qurulması, qəza vəziyyətində olan Əhmədbəyli kənd orta məktəbi üçün 360 şagird yerlik, Qarabağlar orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binalarının tikintisi, Alabaşlı, Qırmızı Samux qəsəbə və Zazalı kənd orta məktəblərinin əsaslı təmir olunması reallaşıb. 2013-cü ildə rayonun qəsəbə və kəndlərində bir neçə uşaq bağçasının açılması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış binasının, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri sahəsində işlər aparılır. Eyni zamanda cari ildə şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərdən biridir.
Rayon turizmin inkişafı üçün də əlverişli mövqeyə malikdir. Belə ki, Samux rayonunda coğrafi mövqeyinə, iqliminə görə istirahət və turizm üçün əlverişli yerlər çoxdur. Ərazidən keçən Kür, Qabırrı və Qanıx çayları sahillərində yerləşən Tuqay meşələri öz flora və faunasının zənginliyi ilə fərqlənir. Meşələrdə bitən nadir müalicəvi əhəmiyyəti olan zirniş, yemişan, iydə, at şabalıdı, qara moruq və s. kimi ağac və kollar istirahət zonalarını daha da cəlbedici edir. Tuqay meşəsi ərazisində turizm üçün əlverişli şəkildə istifadə etmək olar. Rayonun ərazisində "İmamzadə" məscid kompleksi yerləşir. Burada 739-cu ildə İmam Məhəmməd Bağırın oğlu şahzadə İbrahim,onun oğlu və həyat yoldaşı dəfn olunmuşdur. Hər gün ölkənin hər yerindən buraya ziyarətə gəlirlər və Aşura günü böyük insan axını ilə qeydə alınır. Rayonun Əli Bayramlı kəndində müalicəvi isti su çıxır. Burada müalicə obyekti inşa edilmişdir və insanlar burada müalicəvi vannalar qəbul edirlər.
Qarşıda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi, əhalinin ərzaq təminatının və məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir ki, bu istiqamətdə müvafiq işlər aparılır. Bundan başqa ölkə başçısı tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi də qarşıda yeni vəzifələr qoyur. Ümumiyyətlə 2013-cü ildə rayonda daha böyük layihələrin həyata keçirilməsi gözlənilir.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.
Sizin Reklam Yeriniz