Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri "Gördüm yol ayrıcında", "Dövrün dəyirmanı", "Sevgi sətirləri" bölümləri müşayiət edir. Kitab şairin "Açıq qoydum qapımı, ümid girsin içəri" və "Ömür yoldaşım Zöhrənin xatirəsinə" bölümləri altında yeni şeirlərlə başa çatır. "Dövrün dəyirmanı" Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.
Ötən gün AVCİYA-da "Dövrün dəyirmanı"nın təqdimatı da keçirilib. Təqdimatda çıxış edən VCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov M. Yaqubla 1954-cü ildən dost olduqlarını xatırladıb və kitabı şairin ad gününə töhfə adlandırıb. M. Yaqub isə kitabın çapına görə öz təşəkkürünü bildirib.
Türkan Nadirqızı
Movqe.Az