Əlaqə Arxiv
news Image
2021.02.08
23:25
| A A A
Dünya şöhrətli fotoqraf Reza Deqati AZƏRTAC-da olub

 

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, Rza Deqati ilə acansın İdarə Heyətinin sədri Aslan Aslanovun görüşündə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, informasiya sahəsində görülən işlər və gələcəkdə reallaşdırıla biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bildirilib ki, müharibə günlərində Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər geniş auditoriyaya əsasən fotolar vasitəsilə çatdırılıb. “Bu fotofaktlar Azərbaycanın haqlı mövqedə olduğunu göstərməklə yanaşı, düşmənin silahsız insanlara qarşı vuruşduğunu sübut etdi. Eyni zamanda, sizin mətbuatda çıxışlarınız və obyektiv baxışlarınız reallıqları tanıtmaq baxımından böyük töhfədir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Müharibə başlayan gündən Azərbaycanda olduğunu qeyd edən Reza Deqati deyib: “Mən bütün layihələrimi kənara qoyaraq Azərbaycana gəldim. Çünki belə bir dövrdə mütləq burada olmalı idim. Azad olunmuş bir çox ərazilərə səfər etmişəm. İstəyim odur ki, hər bir şəhəri və kəndi qarış-qarış gəzərək oradakı dağıntıları sənədləşdirim, sərgilər, albomlar və filmlər vasitəsilə dünyaya çatdırım. Bu həm də gələcək nəsillər üçün bir salnamə olacaq”, - deyə fotoqraf bildirib.

Reza Deqati Azərbaycan əsgərlərinin şücaətinə, mərdliyinə və qorxmazlığına heyran olduğunu vurğulayıb. O, Kəlbəcərə səfəri zamanı şahidi olduğu maraqlı bir epizodu danışıb: “Kəlbəcərdə olarkən bir əsgərin sözləri məni çox kövrəltdi. Bilirsiniz ki, orada erməni mövqeləri daha yaxındır. Əsgərlər məni müşayiət edirdilər. İstəyirdim ki, onlar irəlidə getsin və mən də şəkillər çəkim. Amma nə qədər xahiş etdimsə, onlardan biri mənim arxada gəlməyimə razı olmadı. Dedi ki, düşməndən hər şey gözləmək olar, sizin kim olduğunuzu bilib atəş açarlar, qoy güllə sizə yox, mənə dəysin. Çox müharibələrdə olmuşam, amma belə mərd əsgərlər görməmişəm”.

Vətən müharibəsinin bir çox özəllikləri ilə tarixdə xüsusi yeri tutacağını deyən fotoqraf vurğulayıb ki, Prezident İlham Əliyev həm hərbi, həm diplomatik, həm də informasiya istiqamətində yüksək səviyyədə idarəçilik nümayiş etdirərək Azərbaycana Zəfər qazandırdı. “Gördüyüm münaqişələrdə adətən bu sahələrə ayrı-ayrı şəxslər rəhbərlik edirdilər. Amma burada Prezident İlham Əliyev bu üç sahəni elə uğurla idarə etdi ki, torpaqlar cəmi 44 gün ərzində azad olundu”, - deyə Reza Deqati bildirib.

Görüşdə Vətən müharibəsinə həsr olunmuş birgə layihələrin reallaşdırılması, sərgilərin təşkili, həmçinin agentliyin fotomüxbirləri üçün ustad dərslərinin keçirilməsi məsələləri müzakirə edilib.

Sizin Reklam Yeriniz