Əlaqə Arxiv
news Image
2013.09.11
12:21
| A A A
Artıq valideynlər uşaqlarına istədikləri adı verə bilməyəcəklər

Şüşəbənd, Sevgilim, Sərxoş, Meyxoş,  Limon.... Vaxtilə uşaqlara qoyulan və həm təəccüb, həm də təbəssüm doğuran belə adlar tarixə qovuşacaq – Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini Sayalı Sadıqova Azadlıq Radiosuna verdiyi müshibədə belə deyib.


Həmin komissiyanın nəzdində yaradılan "Adlar və soyadlar bölməsi" ölkədəki adların siyahısını hazırlayır. Bu siyahı bütün VVAQ idarələrinə göndəriləcək. İki və üçpilləli adlara və  azərbaycanlı ailələrin uşaqlarına rus adlarının qoyulmasına da icazə verilməyəcək:


"Azərbaycanlılar uşaqlarına rus adı qoyurlar. Məsələn, Olya. Biri deyir əsgərlik dostumun qızının adı idi... Biri deyir tanış olduğum qızın adı. Yekaterina, Oleq və başqa adlar da o cümlədən. Ad hər bir xalqın kimliyidir. Ancaq Məryəm kimi beynəlmiləşmiş adlara icazə veriləcək. Bunu kim qadağan edə bilər ki? Uşaqlara Portağal, Limonad və s. kimi xoşagəlməz adlar qoyurlar. Məhəbbət anlaşılandır, Sevgilim nədir? Kimsə həmin qızı belə çağıracaq: "Sevgilim Sevgilim". Ya da qadın adını kişiyə qoyurlar, kişi adını qadına. Əhali başa düşməlidir ki, uşaq dünyaya gəlirsə, ona gözəl ad qoyulmalıdır. Hazırda dövlət proqramı hazırlanır. Proqrama əsasən, bunların hamısı qanuniləşəcək və qeydiyyat idarələrinə göndəriləcək".


Sayalı Sadıqovanın dediyinə görə, komissiya üzvləri bu cümə – sentyabrın 13-də toplaşaraq adlarla bağlı müzakirələrini davam etdirəcəklər.


Komissiyanın məlumatına görə, Azərbaycanda yeni doğulmuş oğlanlara ən çox Yusif, Əli, Hüseyn, qızlara Zəhra, Nuray, Fatimə adları verilib.


Adlara nəzarət birmənalı qarşılanmır. Bakı sakini Validə Əliyeva deyir ki, uşağına babası Əlimərdanın adını qoymaq istərdi: 


"Qadağan etmək doğru deyil. Bu, mənim arzumdur. İndi mənə icazə verməyəcəklər. Bu, axı onların işi olmamalıdır".

 

Bir başqa sakin – Adilə Məmmədova rus nənəsi Olqanın adını yaşatmaq arzusundadır:


"Nənəm rusdursa, onun adını qoymaq istəyirəmsə, deyəcəklər qoyma? Nənəmin adıdır, axı. Necə olur, azərbaycanlı nənəmin adına icazə verirlər, rusa yox?".


Sakinlər adlarla bağlı həm üst-üstə düşən, həm də haçalanan fikirlər dilə gətirirlər:


– Düzdür, yeni adlar daha yaxşıdır. Daha yaxşı səslənir. Camaat da gərək mənalı, gözəl adlar qoysun.


– Bu, insanların şəxsi işinə müdaxilədir. Valideynlər özü bilər nə ad qoyur. Niyə qarışırlar...


– Elə valideynlər var ki, onlara doğrudan da mənasız, gülməli adlar qoymağa imkan vermək olmaz. Bu, axı uşağın adıdır. Həmin uşaq əşya deyil ki, istədiyin adı qoyasan. Böyüyüb başa düşəndə xoşu gəlməyəcək, dəyişəcək.


– Elə adlar qoymaq lazımdır ki, uşaq böyüyəndə adından utanmasın, əksinə, fəxr eləsin.


"YENİ ADLARI ALQIŞLAYIRIQ"


Sayalı Sadıqova deyir ki, dildə yaxşı səslənən yeni adlar da var ki, komissiya həmin adların qoyulmasını dəstəkləyir: 


"Məsələn, Dəniz adını niyə kənara qoyaq? Müəyyən adlar var ki, görürsən, doğrudan da diləyatımlıdır... Ya da "Dədə Qorqud"dakı Beyrək adı yenidən qoyulursa, bunu dəstəkləyərik".


2011-ci ilin mayında Nazirlər Kabineti "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları"nı təsdiqləyib. Qaydaların ümumi müddəalar hissəsində də göstərilir ki, "Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir".


Sizin Reklam Yeriniz