Əlaqə Arxiv
news Image
2013.11.08
11:18
| A A A
Məna (İçsəs)

Doğrulan hər inam – həqiqəti təsdiq edir. 

***

Yanılan hər inam – yalanı təsdiq edir. 

***

İnamı var, idrakı yoxdur – ona görə kordur. 

***

İdrakı var, inamı yoxdur – ona görə yolsuzdur. 

***

Məna – inamdır, mənaya çatan – inama çatır.

***

İnam – həqiqətdir, inama çatan – həqiqətə çatır.

***

Məna – ruhanidir, insanidir. Onu duymaq üçün ruhaniləşmək, insanlaşmaq gərək.

***

Mənasızlığa düşmək – ruhani qısırlıqdır, ruhsuzluqdur.

***

Gerçəklik hər şey olsaydı, məna axtarmağa dəyməzdi, insan gerçəkliklə yetərlənərdi, barışardı. 

***

Gerçəklikdə məna tapmayanda, o, gözdən düşür.

***

Nevroz – mənasızlıq bataqlığına, quyusuna düşəndir. 

***

İnsan gerçəklikdəki olayların mənasına çatmayınca, onlara yad olur, doğmalaşa bilmir. 

***

Məna aramaq – insanın dünyayla, gerçəkliklə doğmalaşmasıdır. 

***

Heyvan mənaya yaddır, ona görə ki, dünyanı mənalandıra bilmir. 

***

Heyvan gerçəkliyə doğmadır – ona görə ki, gerçəklikdən çıxa bilmir, ondan üstün nəsə tanımır.

***

İnsan gerçəkliyə sığmır, ondakı mənaya can atır.

***

Məna – varlıqdır, mənasızlıq – yoxluq, boşluq. 

***

İnsan mənaya çatanda – varlığı dərk edir, mənaya çatmayanda – boşluğa, mənasızlığa düşür. 

***

Dünya, həyat mənasızlaşmayıb, insan mənadan uzaqlaşıb. 

***

Məna – yalnız insanidir, insan üçündür. Bu baxımdan, yalnız insanın mənanı duymaq, anlamaq imkanı, istəyi, gücü var. 

***

Yer üzündə insan idrakıyla, əliylə yaradılan nə varsa – hamısı insani mənadan yaranıb. 

***

Gözəl insani işlər, sözlər, davranışlar, bir sözlə, insanlığa uyğun olan hər şey – mənadır, mənanın ifadəsidir. 

***

Danışılan söz – məna ifadəsidir, söz vasitədir. 

***

Görülən iş – məna ifadəsidir, iş vasitədir. 

***

Ən mənasız iş belə – məna ifadə etmək istəyidir.

***

Məna – Ruhun qidasıdır. İnsan ruhunu mənayla doyurur. 

***

Ruhani, mənəvi toxluq – mənalar bolluğunda yaşamaqdır. 

***

Ruhani, mənəvi aclıq – məna qıtlığı çəkməkdir. 

***

Kamil – dünyanı məna kimi oxuyandır, yaşayandır. 

***

Yolruh ATALI

ruhaniyyatçı-filosof

Sizin Reklam Yeriniz