Əlaqə Arxiv
news Image
2014.02.16
21:09
| A A A
Solaxaylıq bədbəxtlik gətirir?

Statistik məlumatlara görə, dünyada 500 milyon solaxay yaşayır. Bu hala tək insanlar arasında deyil, heyvanlar aləmində də rast gəlmək olar. Məsələn, qütb ayılarının hamısı solpəncəli doğulur. 

Solaxaylar tarixən xoşagəlməzliklərlə üzləşiblər. Orta əsrlərdə solaxaylıq iblis əməli hesab edilirdi. Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar. Şəriət qanunlarına görə, "natəmiz" əllə xörək yemək və yuyunmaq qadağandır. Qədim Avropa tayfalarından olan keltlərdə isə bədənin sol tərəfinə görə axirət dünyasının qüvvələri cavab verirdi. Belə münasibət təkcə dində deyil, nağıllarda da özünü göstərir. Bir çox Şərq və Qərb nağıllarında "sağla getsən xoşbəxtlik, solla getsən bədbəxtliklə üzləşəcəksən" ifadəsinə rast gəlirik. Elə müasir dövrümüzdə də solaxaylar üçün bütün qapılar açıq deyil. Məsələn, Yaponiyada ər arvadının solaxay olduğunu bilərsə, onu boşaya bilər. 

Alimlər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı ümumi bir fikrə gələ bilməyiblər. Ən geniş yayılmış mülahizə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsidir. Daha bir tarixi versiya da var. Bu nəzəriyyəyə görə solaxaylığın köklərini uzaq keçmişdə - meymunların yerin üstünü tərk edərək, ağaclara çıxdığı vaxtda axtarmaq lazımdır. Amerikalı linqvist Piter Makieyledə görə ulu babalarımız - hominidlər sağ əldən budaqlardan tutmaq, sol əldən isə qidanı ağızlarına aparmaq üçün istifadə edirdilər. 8-10 milyon il sonra iqlim dəyişiklikləri hominidləri yenidən torpağa qaytarır. Və sərbəst qalan sağ əl ov ovlamaq, əmək alətlərinin hazırlanmasında istifadə edilir. 1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilir. XX əsrin sonunda isə tamam başqa bir nəzəriyyə ortaya çıxır. Bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğunu nəzərə alaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlanır. 

Solaxaylıq qüsur yox, beyin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkətdir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə edilir. Alimlərin fikrincə, istənilən informasiyanı sağ yarımkürə daha tez mənimsəyir. Və bu üzdən də solaxaylar informasiyanı tez və effektli qəbul edirlər. Solaxaylar xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağ vərdişlilərdə isə 5 faizdir. 

Əksər valideynlər uşaqlarının solaxay olduğunu bildikdə onları sağvərdişli etməyə tələsirlər. Sağ ələ keçmə solaxaylar üçün əsl stresdir. Balaca solaxayın problemi onun əlindəki qələmi soldan sağa keçirmək istədikdə başlayır. Qətiyyən belə etmək olmaz. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazıda problemlər yarana bilər. Əslində isə uşağın "hamı kimi" olmaması qorxulu deyil. Sadəcə olaraq, onun tərbiyəsində bəzi qaydalara əməl etmək lazımdır. Adətən, biz gündəlik həyatda sol əldən istifadə edənləri solaxay adlandırırıq. Solaxaylıq və soləllik anlayışları eyni deyil. Solaxaylıq daha geniş anlam olaraq özünü bütün cüt orqanlarda göstərir. Solaxay həm də solayaqlı, solqulaqlı və solgözlü olur. Bunu müəyyən etmək asandır. Amma bunu uşağın beş yaşından sonra müəyyənləşdirmək lazımdır. Aparıcı gözü müəyyənləşdirmək üçün kağız vərəqini boru şəklində burun və uşaqdan onun vasitəsilə nəyəsə baxmağı xahiş edin. O, "boru"nu hansı gözünə tutsa, o da "əsas" sayılır. "Əsas" qulağı tapmaq üçün isə stolun üstünə saat qoyun. Uşağa onun taqqıltısına qulaq asmağı təklif edin. Hər şey onun hansı qulağı ilə qulaq asacağından asılı olacaq. Əli müəyyən etmək isə daha asandır. Uşağın hansı əllə qaşıq tutduğuna, şəkil çəkdiyinə, topu atdığına diqqət edin. Amma "imtahanın" məqsədini uşağa bildirməyin. Uşağınızın solaxay olduğuna əmin olduqdan sonra siz onda maraqlı cizgilər görəcəksiniz. Solaxayların, adətən geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları və yaxşı yaddaşları olur. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı və obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır. Sağvərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və oxuma-yazma texnikasına görə cavabdehdir. Solaxayların bəziləri "solaxaylıq kompleksi"ndən əziyyət çəkirlər. Problem onların azlığındadır. Həyatda həqiqətin güclülər və ya çoxluğun tərəfində olması faktdır. Əgər uşağa onun əksəriyyətdən fərqləndiyi deyilməsə problem olmaz. Psixoloqların fikrincə, solaxay uşaqlarda kompleks valideynlərin günahı ucbatından yaranır. Bəzən isə buna müəllim, məşqçi və s. diqqət edir. Belə halda həmin adamlarla söhbət aparmaq lazımdır. Əks halda uşaq özünəqapalı və qaraqabaq ola bilər. 

Solaxayların sol əlini çox erkən yaşlardan inkişaf etdirmək lazımdır. Solaxaylar, adətən, şəkil çəkəndə, plastilindən nəsə yapdıqda ehtiyatsız olurlar. Buna səbrlə yanaşmaq lazımdır. Yaddan çıxarmayın ki, belə uşaqlar obrazlı fikirləşir və yaradıcı olurlar. 

Solaxaylar məişətdə digərlərindən fərqli olaraq, daha tez-tez narahatlıqlarla üzləşirlər. Çünki istifadə etdiyimiz bütün əşyalar və mexanizmlər sağ əl üçün nəzərdə tutulub. Solaxay sağ əllə işləməyi öyrənə bilər, amma dərhal reaksiya göstərmək lazım gəldikdə o, bilmədən solla hərəkət edəcək. Bəzi fərziyələrə görə solaxaylar alkoqola daha meyllidirlər və sağvərdişlilərdən 9 il az yaşayırlar. Amma onların üstünlükləri də var. Məsələn, solaxaylar çəngəl və bıçaqla yeməyə tez alışırlar. Sağvərdişlilər üçün çəngəli sol əldə tutmaq nə qədər çətindirsə, solaxaylar üçün heç bir problem yoxdur. İdman sahəsində də üstünlük çox vaxt solaxayların tərəfində olur. Alimlərin fikrincə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsini qaldırır. Son yüz ildə Böyük Britaniyada solaxayların sayı dörd dəfə artıb. Bunun səbəbini qadınların daha yaşlı vaxtlarında ana olmaları ilə əlaqələndirirlər. Statistikaya görə, onların uşaqlarının solaxay olmaq şansı daha çoxdur. London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahələrində əsl dahilərin yaranmasına gətirə bilər. 

Solaxaylar, əsasən yaradıcı istedadlarına görə fərqlənirlər. Rəssamlar, artistlər, siyasi xadimlər arasında onlar çoxluq təşkil edirlər. Tanınmış şəxsiyyətlər arasında Barak Obama, Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Janna d’Ark, Napoleon, Uinston Çörçil, ingilis kraliçaları Viktoriya və Yelizaveta, şahzadə Çarlz və onun oğlu şahzadə Vilyam, tanınmış fizik Maksvell, Bill Klinton, Corc Buş (oğul), Pele, kompüter milyarderi Bill Geyts, Merilin Monro, Pol Makkartni, Robert De Niro, Tom Kruz və Nikol Kidman solaxaydırlar. Əlbəttə ki, bu siyahını bir az da artırmaq olar. Solaxaylar suyun altında çox yaxşı görürlər. Onlardan həm də ekstrasens də çıxır. Statistikaya görə, əhalinin 8 faizi solaxay, 42 faizi sağvərdişlidir. Qalan 50 faizi isə xüsusi qrup-qatışıq tipdir. Onlar sağvərdişli solaxaylar və ya əksinə soləlli sağvərdişlilərdir. Solaxayların sayı isə getdikcə artır. Onların hətta xüsusi günləri də var. Avqustun 13-ü dünyada Solaxaylar günü kimi qeyd edilir.

Sizin Reklam Yeriniz