Əlaqə Arxiv
news Image
2014.09.03
09:04
| A A A
Şəfaverici uşaqlar- mif, yoxsa reallıqdır?

Hər il Laos və Vyetnam da daxil olmaqla Kambocadakı ağacdan olan kiçik komada valideynləri ilə birlikdə yaşayan ikiyaşlı Konq Kenqin yanına yüzlərlə insan gəlir. Gələnlər arasında yeriyə bilməyən əlillər və xərəklərdə gətirilən ölümcül insanlar da olur. Şayiələrə görə, körpə evkalipt yarpaqları və yağı vasitəsilə istənilən xəstəliyi sağaltmağa qadirdir.

Konqun yaxınlarının dediyinə görə, ondakı möcüzəli istedad tam təsadüf nəticəsində aşkar edilib. "Möcüzə mənim qardaşımla baş verdi. O, qəzadan sonra iflic olmuşdu və ona nə həkimlər, nə də şəfavericilər kömək edə bilmirdilər. Bir dəfə Konq ondan soruşub ki, onunla nə baş verib və qardaşım izah edib ki, yeriyə bilmir. Bundan sonra Konq bir neçə yarpaq tapıb və onlardan qardaşım üçün çay hazırlayıb. Iflic keçirmiş qardaşım çayı içib və ayağa qalxaraq gedib"- oğlanın dayısı Sun Van xatırlayır.

Baş verən hadisə barədə xəbər dərhal kəndə yayılır, sonra bu barədə mətbuatda yazırlar və tezlikə insanların kəndə axını başlayır. "Konqun dayısı ilə bağlı hadisə ictimaiyyət arasında yayılan vaxtdan bir ay ərzində kəndə 20 min adam gəlib və artıq onların mindən çoxu öz xəstəliklərindən müalicə olunub. Mən lal-kar olan və iflic keçirmiş insanları görürdüm, sonra isə onlar danışır və sərbəst şəkildə evlərinə gedirdilər"- kəndin başçısı Su Hen bildirib.

"Müalicə seansı" belə keçirilir: Konqun anası onun əllərinə evkalipt balzamı və ya yarpağı verir, körpə onlara toxunaraq bununla "öz gücünün bir hissəsini" onlara ötürür, bundan sonra "dərman" xəstələrə paylanır. Amma bir çox pasientlər Konqla şəxsən görüşmək istəyir və bu xidmətə görə isə pul ödəmək lazım gəlir. Oğlanın atası 25 yaşlı Ban Konqun sözlərinə görə, xəstələrin onunla şəxsən görüşü üçün iki-üç dollar ödəmək lazımdır. Ola bilər ki, inkişaf etmiş ölkələr üçün bu məbləğ çox azdır, lakin Kambocada gündə üç dollar – bu, orta əmək haqqı deməkdir, bəziləri isə daha az qazanır. Buna baxmayaraq, Konqun üzünü görmək istəyənlərin sayı kifayət qədərdir. Əgər əvvəllər onun atası ildə orta hesabla cəmi min dollar qazanırdısa, indi ailənin gəliri ayda 2500 dollara yaxın olur.

Əlbəttə, Konqun ailəsini dələduzluqda təqsirləndirən adamlar da tapılır. "Bəziləri deyirlər ki, biz pula görə yalan danışırıq, lakin mən yox, onlar onun şəfaverici gücünə inanırlar"- Ban Konq bildirir.

Azyaşlı şəfavericilərin sayı, heç də, az deyildir. Mətbuatda bəzən xəstəlikləri müalicə edən bu və ya digər uşaq haqqında informasiyalar yayılır.

Tanınmış amerikalı qabaqgörən və şafaverici Edqar Keysi ilə baş verən hadisəyə nəzər yetirək. Bir dəfə məktəbin həyətində beysbol oynayan vaxt top onun boynunun arxasına dəyib. O, dərhal axmaqcasına irişməyə, sifət göstərməyə və əllərini yelləməyə başlayıb. Evdə isə plitənin üzərindən içərisində hələ tam qızardılmamış qəhvə olan tavanı götürərək həyətə qaçıb. O, anasına deyib ki, qəhvə əkməyə gedir.

Valideynləri əsəb həyəcanı keçirən uşağı çətinliklə çarpayıya uzada biliblər. Sabah isə həkim çağırmaq qərarına gəliblər. Amma atası Edqarın üstünü təzəcə örtən vaxt o, yavaş səslə bildirib: "Dərhal bütün gecə boyu boynumun arxasına təpitmə qoyun. Əgər təpitmə qoymasanız, sabaha kimi ağlımı tam itirəcəyəm. Əgər qoysanız, sağalacağam". Sonra Edqar möhkəm yuxuya gedib.

Xanım Keysi oğlunun məsləhətinə əməl edib və müalicəvi otlardan və qarğıdalı unundan təpitmə hazırlayıb. Səhər oğlan yuxudan tam sağlam oyanıb. Düzdür, o, başına dəyən zərbədən sonra nə baş verdiyi barədə heç nə xatırlamayıb.

Edqarın özü üçün dəliliyə qarşı dərman hazırlatması barədə hadisə geniş səs-küyə səbəb olub. O isə tezliklə anlayıb ki, başqalarını da müalicə edə bilər.

Möcüzəli təsiri olan reseptlər onun beyninə yuxuda olarkən, daha doğrusu, onun vaxtaşırı düşdüyü və indi- bizim dövrümüzdə trans adlandırılacaq qəribə vəziyyətdə yazılıb. "Yatan şəfaverici"nin şöhrəti bütün Amerikaya yayılıb.

Bir neçə il əvvəl Pekində (Çin) pasientləri uşaqların müalicə etdiyi klinika açılıb. Klinikanın rəhbəri həkim Yan onlara hələ məktəbəqədər yaşdan nəbz diaqnostikasının əsaslarını və başqa müdrikliyi öyrədir. 600 nəbz növünü bir-birindən fərqləndirməyi öyrənmək üçün təkcə vərdişlər yox, həmçinin müəyyən elektrosensor bacarıqları da tələb olunur. Mütəxəssislər bildirirlər ki, bu uşaqlar nadir hallarda səhvə yol verirlər. Burada massaj, iynəbatırma, həmçinin müxtəlif həlimlər vasitəsilə müalicə edirlər.

Şəfaverici uşaqların adətən pul qazanmaq məqsədilə yaşlılar tərəfindən düşünülmüş mif olduğunu güman edən edənlər həmişə olub. Doğrudur, bu cür uşaqların şəfaverici qabiliyyətə malik olduğu çox vaxt təsdiq olunmur. Amma bəzən onlar həqiqətən xəstələrə kömək edirlər. Buna görə də birmənalı nəticələr çıxarmaq hələ tezdir.

Sizin Reklam Yeriniz