Əlaqə Arxiv
news Image
2014.09.30
09:00
| A A A
Ay haqqında nələri bilmirik?

Sanki biz başqa səma cismlərinə nisbətən Ay barədə daha çox məlumata malik olmalıyıq, çünki o, Yerə çox yaxındır və hətta oraya insanlar da uçub. Buna baxmayaraq, planetimizin peyki ilə bağlı sirrlər hələ çoxdur. Və bunlardan, heç də hamısı, bu gün açılmayıb. Müəmmalı Ay haqında çox az adamın bildiyi maraqlı faktları nəzərinizə çatdırırıq.


Ay olmayanda Yer olub


Bu barədə hələ qədim yunan alimləri yazıblar. Məsələn, eramızdan əvvəl V əsrdə Klazomendən olan astronom bildirib ki, ona məlum olan mənbələrə görə, Ay Yer yarandıqdan sonra formalaşıb. Eramızdan əvvəl III əsrdə Apolloni Rodos özünün "Arqonavtika" əsərində məşhur Aristotelə istinadla (o da, öz növbəsində, yüz il əvvəl dağlıq Arkadiya rayonu- Pelopones yarımadasındakı vilayət belə adlanırdı- sakinlərini təsvir etmişdi) yazırdı ki, onlar "Ayın hələ mövcud olmadığı zamanda palıd qozaları ilə qidalanırdılar". Yazıçı və tarixçi Plutarx isə adı Proselenos olan (mənası, "Aya qədərki") Arkadiya hökmdarı haqqında yazıb.

Yeri gəlmişkən, müasir alimlər əvvəllər- bəşəriyyətin mövcud olduğu zamanda göy qübbəsində Ayın olmadığını təkzib etmirlər. Versiyalardan birinə görə, Ay ilkin olaraq Günəş sisteminin planetlərindən biri olub, lakin kosmik kataklizm nəticəsində orbitindən çıxaraq Yerin peykinə çevrilib. O vaxtdan qabarma-çəkilmə sistemi yaranıb və bizim həyat fəaliyyətimizn dövrləri Aydan asılı olub.


Ay insanın gördüyü kimi deyil


Yəqin ki, üfüqdə Ay diskinin daha böyük olduğunu hiss edibsiniz. Bu müəmmanı hələ yuxarıda adıçəkilən Aristotel açmağa çalışıb. Bu yaxınlara kimi hesab olunurdu ki, bu cür optik effekt Yer atmosferi ilə bağlıdır. Amma əslində atmosfer refraksiyası (günəş şüalarının atmosferdə sınması) Ayı, optik cəhətdən, onun real ölçülərindən daha kiçik edir.

Bir sıra tədqiqatçılar güman edirlər ki, hər şeyin "günahkarı" istisna olaraq beynimizin xüsusiyyətləri tərəfindən yaranan optik illüziyadır (Ponso illüziyası). Iş ondadır ki, Ay üfüqdə olan vaxt beyin onu ön planda yerləşən başqa obyektlər, məsələn, evlər və ya ağaclarla müqayisə edir və səhv olaraq, bizdən daha uzaqda olan obyekt kimi identifikasiya edir. Obyekt isə bizdən nə qədər uzaqdırsa, daha böyük olmalıdır. Əgər Ay üfüqdən yüksəkdə yerləşibsə, biz onu heç nə ilə müqayisə edə bilmirik və onun ölçüsü kiçik görünür.

Bundan başqa, Ay, dərk etdiyimiz kimi yumru yox, yumurtayabənzər formadadır. Ancaq həmişə yalnız bir tərəfi ilə Yerə tərəf istiqamətləndiyinə görə, biz onu real görünüşdə görə bilmirik.



Amerikalılar Ayda atom bombası partlatmaq istəyiblər


Bu barədə bu yaxınlarda Ağ evin məxfilikdən çıxarılmış arxiv materialları əsasında Newsweek jurnalı məlumat yayıb. Sənədlərdən məlum olur ki, ötən yüzilliyin 50-ci illərində- "soyuq müharibə"nin gedişində ABŞ hökumətinin Yerin peykində hərbi bazalar və nüvə reaktorları tikmək planları olub. Onlar həmçinin Ayı partlatmağı da planlaşdırıblar.

HHQ-nin analitikləri güman edirdilər ki, partlayış Ayı tam məhv etməməli, lakin"ay silkələnməsi"nə- Ay səthinin titrəməsinə səbəb olmalı idi ki, bu da, şübhəsiz, Amerikaya düşmənçilik münasibətləri bəsləyən SSRİ hökumətinin güc balansını pozmalı imiş... Ay layihəsinə cəmi 6 milyard dollar ayrılıb. Planlaşdırılıb ki, Aya artıq tədarük edilmiş nüvə başlığı göndərilsin. 1966-cı ildə orada 12 nəfər hərbi qulluqçunun növbə çəkəcəyi baza inşa edilməli idi. Onun hazırlanması üçün lazım olan komponentlər Saturn növlü raketləır vasitəsilə çatdırla bilərdi.

Jurnalın məlumatına görə, guya ötən əsrin 60-cı illərində amerikalılar müvəqqəti olaraq öz sərəncamlarına Sovetlər ölkəsinin "Luna" planetlərarası peykini ala biliblər. Onlar kosmik aparatı bir şəhərdən digər şəhərə aparan yük avtomobilinin sürücüsünü ələ alaraq bu kosmik texnika möcüzəsinin fotoşəklini çəkiblər. Bundan sonra yük təyinat yerinə çatırılıb və jurnalın yazdığına görə rusların indiyə kimi bundan xəbərləri yoxdur.

Xoşbəxtlikdən, "ay silkələnməsi" üzrə plan həyata keçirilməyib və Ayda Amerika bazalarının olduğu barədə də inandırıcı sübutlar yoxdur. Ona görə də, yəqin ki, sovet kosmik aparatının "oğurlanması" ilə bağlı hadisə də uydurmadır.

Sizin Reklam Yeriniz