Əlaqə Arxiv
news Image
2014.11.21
10:05
| A A A
Yuxu haqqında az məlum olan faktlar

Yuxu təkcə bədənin yox, həmçinin beynin istirahəti deməkdir. Mexanizm hələ sona kimi müəyyən edilməsə də, alimlər güman edirlər ki, yuxu vaxtı beynin "təmizlənməsi" və "yenidən yüklənməsi" hadisəsi baş verir, o, əlavə informasiyadan xilas olur və lazımi prosesləri qaydasına salır. Əgər insan 17 saatdan çox yatmırsa, onun huşunda çaşqınlıq yaranmağa başlayır, ona yeni informasiyanı qəbul etmək və yadda saxlamaq çətin olur. Eyni zamanda ağrı hissi azalır, qıcıalandırıcılara qarşı həssaslıq güclənir. Hallüsinasiyalar yarana bilər, sayıqlamanı gerçəklikdən fərləndirmək çətin olur.

Hamıya məlumdur ki, aclıq və susuzluqdan ölmək olar. Amma əgər insanı eyni zamanda qida və yuxudan məhrum etsələr, o, çox yəqin ki, məhz yuxusuzluqdan öləcək.

Buna baxmayaraq, elə insanlar vardır ki, hansısa patologiya səbəbindən yuxulamaq qabiliyyətini itirsələr də özlərini normal hiss edirlər. Həmçinin məşq nəticəsində özünü uzun müddət yatmamağa da məcbur etmək olar.

Indiyə kimi heç bir stimulyator olmadan ən çox oyaq qalma müddəti 11 gün təşkil edib. Bu rekordu 1965-ci ildə elmi eksperiment çərçivəsində məktəbli Rendi Qardner qazanıb.

Doyunca yatmamaq qamət üçün də ziyanlıdır. Məhz yuxunun çatışmazlığı çəkinin artmasına gətirib çıxara bilər, çünki insanın orqanizmi iştahı tənzim edən hormonları məhz yuxuda ifraz edir.

Yeri gəlmişkən, insandan fərqli olaraq, bəzi məməli heyvanlar, məsələn, zürafə və Asiya filləri gündə iki saatdan az yatırlar. Amma Avstraliya koalalarının yuxusu 22 saata kimi uzana bilər. Delfinlərdə yuxu zamanı beyin heç vaxt fəaliyyətini dayandırmır, yəni onlar yarı yatır, yarı oyaq qalır. Bu, tənəffüsə nəzarət etmək üçün lazımdır.

Bu yaxınlarda alimlər müəyyənləşdiriblər ki, yuxunun optimal müddəti yeddi saat təşkil etməlidir. Daha çox və ya az yuxu sağlamlıq üçün az faydalıdır.

Yuxusuzluq daha çox rast gəlinən yuxu pozuntusudur. Həkimlərin fikrincə, bu zaman yuxu dərmanlarından yox, bitki çayları və preparatlarından istifadə etmək daha yaxşıdır. Həmçinin otaqda işıqlanmanın və səsin səviyyəsini aşağı salmaq lazımdır. Yaxşı yatmaq üçün yuxudan qabaq gəzmək və yataq otağının havasını dəyişmək də müsbət nəticə verir.

Bəzi adamlar bildirirlər ki, ümumiyyətlə, yuxu görmürlər. Amma alimlər əmindirlər ki, əksər hallarda onlar, sadəcə olaraq, öz yuxularının məzmununu yadda saxlaya bilmirlər. Və hətta biz yuxunu yadda saxladığımızı düşünürük, lakin oyandıqdan 10 dəqiqə sonra onu unuda və yuxuda nə gördüyümüz barədə suala cavab verməkdə çətinlik çəkirik. Bu cür hallardan narahat olanlara psixoloqlar yuxu gördükdən dərhal sonra onu yazmaq üçün çarpayılarının yanında dəftər və qələm saxlamağı məsləhət görürlər.

Kor adamlar da yuxu görür. Anadan kor doğulanlar görən adamlardan fərqli olaraq, yuxuda yalnız eşitmə, iybilmə və toxunma hissiyyatını duya bilirlər. Sonradan kor olanlar isə təsvirləri də görürlər.

Ən maraqlı yuxu pozuntularından biri parasomniya adlanır. Bu, yuxu zamanı müxtəlif fəaliyyət və hərəkətlərin yerinə yetirilməsi ilə səciyyələndirilən bütöv patologiyalar qrupudur. Onlara yuxulu vəziyyətdə gəzmək və danışmaq daxildir. Bəzi adamlar yuxuda onlar üçün ayıqlıqda adi olan hərəkətləri- yemək, mənzili yığışdırmaq, telefonla zəng etmək, kompüterdə işləmək və s. yerinə yetirirlər. Parasomniyadan əziyyət çəkənlər nadir hallarda özlərini aqressiv aparır, öldürə, zorakılıq edə bilir və avtomobil qəzalarında təqsirkar olurlar.

Somnifobiya- yuxulamaq qorxusu kimi pozuntuya da rast gəlinir. Bu, həm uşaqlara, həm də yaşlılara xasdır. Insana elə gəlir ki, əgər yatarsa, onunla nəsə dəhşətli bir hadisə baş verəcək. Uşaq ona zərər yetirmək üçün otaqda gizlənmiş, lakin o, ayıq olan vaxt görünməkdən çəkinən quleybanıdan qorxa bilər. Yaşlı adam yuxuda ölməyindən qorxur. Əlbəttə, bu pozuntuları psixoterapiyanın köməyi ilə müalicə etmək lazımdır.

Qabaqcadan görülən yuxulara gəldikdə isə, bununla bağlı somnoloqlar- yuxugörmə üzrə mütəxəssislər arasında vahid bir fikir yoxdur. Bəziləri hesab edir ki, "qabaqcadan görmə" deyilən yuxular olmur və bizim düşüncəmiz, sadəcə olaraq, yuxunun məzmununun reallıqla üst-üstə düşməsini izləyir. Digərləri isə güman edir ki, bizim şüuraltı təfəkkürümüz beyinə daxil olan informasiyanı skanirə edir, onun "analizini keçirir" və bizim sonralar "gələcəyi görmək" kimi qəbul etdiyimiz situasiyanın potensial inkişafı ilə bağlı "nəticəni" verir. Amma hələlik bunların hamısı yalnız fərziyyələrdir.

Sizin Reklam Yeriniz