Əlaqə Arxiv
news Image
2014.11.22
09:32
| A A A
Dünyanın ən qısaboy adamları

Kişilər

Bu gün dünyada ən kiçik adam Çandra Bahadur Danqidir. Onun boyu 54,6 sm-dir. Nepaldandır və 30 noyabr 1939-cu ildə ucqar bir kənddə anadan olub. O, 2012-ci ildə rekord qazanıb və bu, onu təsadüfən tapdıqdan sonra məlum olub. Kasıb ailədə doğulan Çandranın valideynləri, bacı və qardaşlarının boyu normal olub. Qısaboylu rekordçunu ağac tədarükçüsü aşkar edib və bu maraqlı adam barədə qəzetlərə məlumat verib.

Ginnessin Rekordlar Kitabının nümayəndələri rekordu rəsmi olaraq qeydə almaq üçün dərhal kəndə gediblər. Artıq səksəninci on illiyini yaşamasına baxmayaraq, Çandra özünü çox gümrah hiss edir, normal şəkildə hərəkət edir və maraqlı həyatını yaşayır. Çandra toxucu işləyir, milli geyimlər tikir. O, özünə arvad tapa bilmədiyindən şəxsi həyatı alınmayıb bunun nə vaxtsa baş verəcəyinə də inanmır. Çandranın arzusu dünyanı gəzməkdir və yəqin ki, məşhur olması sayəsində bunu edə biləcək.


Yer kürəsində ikinci ən qısaboy adam filippinli Cunri Baluinqdir, onun boyu 59,93 sm-dir. Cunri 12 iyun 1993-cü ildə Filippində çoxuşaqlı ailədə doğulub. Onun da valideynlərinin, qardaş və bacılarının boyu normaldır. Boyunun artmamasına səbəb doğulduqdan sonra tez-tez və uzunmüddətli xəstəliklərə məruz qalmasıdır. Bir yaşdan sonra boyu birdən-birə inkişafını dayandırıb.

Cunrinin ailəsi çox kasıbdır, buna görə də valideynləri onu onun üçün lazım olan çox şeylərlə təmin edə bilmirlər. Cunri çətinliklə və yalnız qoltuq ağacları ilə hərəkət edir. Ayaqüstə uzun müddət dayanan vaxt ayaqları ağrıyır, buna görə də o, yalnız ehtiyac olan vaxt və kiçik məsafələrə hərəkət edə bilir.

Cunriyə tam olaraq valideynləri himayədarlıq edirlər, çünki o, sərbəst şəkildə özünü dolandıra bilmir. Onu uşaqlıqda müayinə etdikdən sonra həkimlər güman ediblər ki, çox çətin cərrahiyyə əməliyyatı keçirməklə körpənin boyu inkişaf edə bilər, lakin valideynlərinin, sadəcə olaraq, bu əməliyyata imkanı çatmayıb. Eyni zamanda boyla bağlı problemin həll edilməsi ehtimalı da çox az olub, həmçinin onun həyatı üçün təhlükə yüksək olub. Rekordçu olması Cunrinin çox xoşuna gəlir, çünki onu bütün dünyada tanıyırlar. Öz boyuna baxmayaraq, o, kifayət qədər fəaldır və imkan daxilində valideynlərinə kömək edir. Müsahibələrinin birində Cunri bildirib ki, evlənmək və övlad sahib olmaq istəyir.


Qadınlar


Bu gün qadınlar arasında ən qısaboy adam boyunun hündürlüyü 62,8 sm olan Yoti Amqedir. O, 16 dekabr 1993-cü ildə Hindistanda anadan olub. Başqa qısaboy adamlardan fərqli olarq, Yotinin boyunun inkişafı ahondroplaziya (sümük toxumasının inkişafını pozan irsi xəstəlik) xəstəliyinin nəticəsidir. Yotinin 18 yaşı tamam olan gün o, Ginnessin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq dünyanın ən qısaboy qadını elan edilib. O, çox populyardır: artıq filmlərdə, seriallarda çəkilib və hətta realiti-şoulardan birində iştirak edib.



Qızcığaz layihələrarası fasilələrdə tez-tez müsahibə verir. Kiçik xanım öz həyatından şikayətlənmir, çünki həmişə diqqət mərkəzində olur və kifayət qədər yaxşı pul qazanır.

Qeyd edək ki, planetin ikinci ən qısaboylu adamı Cunri Baulinq 2012-ci ildə Ginnessin Rekordlar Kitabının 57-ci buraxılışına həsr edilmiş tədbir zamanı Yoti Amqe ilə görüşüb.


Hollandiyadan olan düyməcik

Məlumatların qeydə alınması tarixindən başlayaraq dünyada ən kiçik qadın Polin Masters olub, onun boyu 30,5 sm təşkil edib. Polin Masters 1876-cı ildə Hollandiyada doğulub. Ginnessin Rekordlar Kitabının məlumatına görə, məhz o, dünyada ən kiçik qadın olub. Onun haqqında çox az şeylər məlumdur. Polin 18 yaşında olarkən böyük populyarlıq əldə edib və "Şahzadə Polin" adlı ləqəblə sirkdə işləyib. Sirklə qastrol səfərlərinə çıxan Polin Belçika, Böyük Britaniya, Almaniya və Fransada olub. 19 yaşı olan vaxt "hollandiyalı düyməciyin" çoxlu sayda kavaleri olub.

Populyarlığına və sirkdə işlədiyinə görə o, yaxşı pul qazanıb. Polin akrobatik tryuklarla çıxış edib, eləcə də tamaşaçıları səhnəyə dəvət edərək onlarla rəqs etməyi xoşlayıb. 1894-cü ildə ABŞ-da qastrolda olan vaxt Polin bu ölkədə populyarlıq qazanıb. Yeni ildə "Şahzadə düyməcik" ağ ciyərlərin iltihabı və meningitdən (beyin qişalarının iltihabı) xəstələnir, lakin təbabət onu sağaltmaqda aciz qalır və 1 mart 1895-ci ildə kiçik rekordçu qız dünyasını dəyişir.

Sizin Reklam Yeriniz