Əlaqə Arxiv
news Image
2015.02.23
12:50
| A A A
Professor Yerin fırlanmasını sübut edən 5 elmi fakt göstərdi
Cəfər Quluzadə: “Yerin öz oxu ətrafında fırlanması nəticəsində Yerin şimal yarım kürəsində çayların sağ, cənub yarım kürəsində isə sol sahili yuyulur”

Səudiyyə Ərəbistanından olan imam vəhhabi Bəndər əl-Xeybərinin Yerin öz oxu ətrafında fırlanmaması barədə açıqladığı fikri bütün dünyada rezonans doğurub. Artıq Azərbaycanda da daxil olmaq onun tərəfdarları meydana çıxıb. Əm maraqlısı budur ki, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov da "Yer öz oxu ətrafında fırlana bilməz" deyir. O, öz sözlərinin isbatı üçün Norveç kimi şimal ölkələrində Günəşin aylarla batmadığını fakt kimi göstərib.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə movqe.az-a açıqlamasında həmin ifadəni işlədən şəxsləri savadsızlıqda ittiham etdi: "Bunu indi sübut etməyə heç ehtiyac yoxdur. Çünki, Yerin öz oxu ətrafında fırlanması 500 il bundan əvvəl sübut olunub. Ekvatorda Yerin öz oxu ətrafında fırlanmasının xətti sürəti təxminən 465 metr/saniyədir. Bu sürət coğrafi enlikdən asılıdır. Məsələn, Bakı enliyində bu sürət 301 metr/saniyədir".

Professor Yerin öz oxu ətrafında fırlanmasını sübut edən 5 faktı ortaya qoydu: "Birincisi, səbəst düşən cisimlər şərqə tərəf meyl edir. Bunu Qaliley sübut edib. Hündür qüvvələdən sərbəst atılan cisim heç vaxt divarın dibinə düşmür. Yerin fırlanmasına görə sərbəst düşən cisim bir az şərqə doğru meyl edir. İkincisi, "Fuko rəqqası" adlanan üsuldur. Rəqqas həmişə özünün rəqs müstəvisini saxlamağa çalışır. Böyük rəqsin qabağına rəqqasın yolundan bir az aralından yüngül əşya qoyulur. Bir neçə dəqiqə ərzində Yerin fırlanması nəticəsində həmin əşya rəqqasın yoluna tərəf gəlir. Sonda isə rəqqas vurub onu salır. Üçüncü fakt Yerin qütblərdən basılı olmasıdır. Belə ki, fırlanan cisimlər həmişə kürə şəklində kənara çıxırlar və qütblərdən basılı olurlar. Yəni, ekvatorial radius həmişə qütb radiusundan böyük olur. Dördüncü fakt odur ki, Yerin tropik bölgələrində həmişə Yer şimal yarım kürəsində şimal-şərqdən ekvatorda olur, cənub yarımkürəsində isə cənub-şərqdən ekvatora doğru daimi küləklər əsir. Beşinci fakt isə çayların sahillərinin yuyulmasıdır. Yerin öz oxu ətrafında fırlanması nəticəsində Kolioris qüvvəsi meydana gəlir. Ona görə də Yerin şimal yarım kürəsində çayların sağ, cənub yarım kürəsində isə sol sahili yuyulur".

Xatırladaq ki, Səudiyyə Ərəbistanından olan şeyx Bəndər əl-Xeybəri şagirdlərinə barmaqları ilə "sübut etməyə" çalışıb ki, Yer öz oxu ətrafında fırlana bilməz. Şagirdlərdən birinin sualına cavab olaraq şeyx əvvəlcə müsəlman alimlərindən sitat gətirib, sonra öz "məntiqi" əsaslandırmalarını irəli sürüb. O, əlində su dolu banka tutaraq onu Yer planeti kimi təsəvvür etməyi təklif edib. Bildirib ki, əgər Yer fırlansaydı o zaman təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərindən Çinə təyyarə ilə saatlarla uçmaq lazım gəlməzdi, təyyarə havada dayansa elə Çin özü təyyarəyə tərəf gələrdi, yaxud ondan uzaqlaşardı.

Sizin Reklam Yeriniz