Əlaqə Arxiv
news Image
2015.02.24
09:45
| A A A
İnsan beyni haqda 10 maraqlı fakt

İnsan beynini Kainatda ən müərəkkəb obyekt adlandırırlar. Onun tədqiqatından çox əsrlər qabaq alimlər bizim orqanizmin "idarə mərkəzi"nin bir çox sirlərini aşkar edə biliblər. Amma indi sizə, yəqin ki, məlum olmayan bir neçə maraqlı faktı təqdim edirik. Eyni zamanda beyindəki "boz maddə"nin necə işləməsi barədə alimlərin, nəyə görəsə, uzun illər inadla inandığı bəzi yanlış fikirlərin düzgün olmadığını təqdim edirik.


1. Əslində, biz baş beynin bir neçə santimetrlik qabığı ilə fikirləşirik. Digər əsəb toxumalarının vəzifəsi həm xarici mühitdən, həm də öz bədənimizdən daxil olan informasiyanı emal etməkdir. Və əgər birinci halda proses az-çox şüurlu halda gedirsə, ikinci halda o, "avtomatik olaraq" işləyir, yəni, praktiki olaraq, şüurumuzdan kənar baş verir.

2. Beynimizin fəaliyyəti haqqında ən geniş yayılmış yanlış fikir onun imkanlarının 10 faizindən istifadə ilə əlaqədardır. Bu fikrin haradan yarandığını indi artıq heç kəs deyə bilməz, lakin uzun müddət onu aksiom kimi qəbul ediblər. İndi isə alimlər bu fikirdədirlər ki, biz təkcə beynin bütün nahiyələrindən istifadə etmirik, eyni zamanda bizim əsas düşünən üzvümüz, demək olar ki, həmişə- hətta biz yatan vaxt da fəal olur. Ümumiyyətlə, beynin nəsə etməyən elə bir sahəsi yoxdur, yalnız hansısa zədələnmə nəticəsində qeyri-fəal sahələr yaranır.

3. Məlum fikrə görə, əsəb hüceyrələri bərpa olunmur. Bu yaxınlara kimi bu da çox geniş yayılmış yanlış fikirlərdən biri olub. Alimlər düşünürdülər ki, yetkin beyin itirilmiş hüceyrələrin əvəzinə yeni hüceyrələr yetişdirə bilmir. Bunun əksini fikirləşən neyrobioloqları isə fantaziyaçı kimi qəbul edirdilər. Amma çoxsaylı tədqiqatlar (əvvəlcə buna heç kəs inanmırdı) hər halda təsdiq etdi ki, bizim beynimiz hətta yaşlı dövrdə də yeni hüceyrələr əmələ gətirə bilir.

4. Insan beynində çətənə bitkisinin şərəfinə adlandırılmış birləşmə- endogen kannabinoidlər (latın dilində - cannabis)- neyromediatorlar, yəni hüceyrələr arasında impulsların ötürülməsinə cavabdeh olan bioloji aktiv maddələr vardır. Əvvəlcə narkotik tərkibli çətənəni kəşf ediblər, sonra isə məlum olub ki, insan beynində həmin reseptorlarla əlaqəsi olan birləşmələr də mövcuddur.

5. Yeri gəlmişkən, istilahlar barədə. Beynimizn bəzi hissələri çox maraqlı adları vardır. Məsələn, "su kəməri", "quyruqlu nüvə başlığı", "üst beyin yelkəninin birləşdirici pərdəsi", "beyincik qurdu". Sonuncu anlayış ən sadəsidir: beyincik qurdu bədənin hərəkətini və tarazlığını saxlayan pozanı, tonusu idarə edir. Beynin bu hissəsinin fəaliyyətindəki pozuntu insan ayaq üstə duran və yeriyən vaxt özünü göstərir.

6. Təcrübə yolu ilə təsdiq edilib ki, özünəqapalı və ünsiyyətcil adamların beyinləri arasında fərqlər vardır. Məsələn, alimlər təcrübələrinin birində təsadüfi xəyallara düşən insanlarda kəllə-beyin təzyiqini ölçüblər. Məlum olub ki, özünəqapalı adamlarda təzyiq beynin xatirələrə, planlaşdırmaya və problemlərin həllinə cavabdeh olan hissəsində, ünsiyyətcil insanlarda isə hiss orqanlarından daxil olan informasiyanın qavranımasına cavabdeh olan hissələrində artır. Bundan başqa, özünəqapalı adamın beyni insan üzlərini başqa təsvirlər, məsələn, bitki və ya heyvan şəkilləri kimi qavrayır. Ünisiyyətcil adamlarda isə reaksiya məhz insanların üzündə daha güclüdür.

7. Beyin ağrını hiss etmir. Onda ağrı reseptorları yoxdur və buna görə o, ağrını öz-özlüyündə hiss etmir. Cərrahlar bunun sayəsində məhz həmin orqan üzərində tam narkoz olmadan , yalnız yerli keyləşdirmədən istifadə edərək bəzi mürəkkəb əməliyyatlar keçirə bilirlər. Bu cür üsul həyati dərəcədə mühüm orqanların (məsələn, görmə orqanlarının) zədələnməsinə imkan vermir. Ona görə də hamıya yaxşı məlum olan baş ağrısı beynin özündə yaranmır. Amma bu, miqrendən xilas etmir- bizim "idarəetmə mərkəzimiz" ağrılara həssas olan çoxsaylı toxumalar, əsəb və damarlarla əhatə olunub.

Yeri gəlmişkən, insan beyni başqasının ağrısını öz ağrısı kimi qəbul edir. Yəni başqa adamların əzab çəkdiyini görən vaxt bizdə beynin həmin nahiyələri fəallaşır.

8. İnsanlar dəqiqədə 15-20 dəfə göz qırpırlar, bu zaman hər göz qırpması yarım saniyəyə yaxın davam edir. Əgər bu anları cəmləsək, onda belə çıxır ki, biz hər gün bir saatdan çox qaranlıqda qalırıq. Insan nə üçün bu qədər göz qırpır? Birincisi, bunun sayəsində göz buynuzcuğu nəmlənir. Ikincisi, "yenidənyükləmə" funksiyasıdır. Alimlər müəyyən ediblər ki, insan nə vaxt lazım gələndə yox, hansısa bir fəaliyyətin başa çatmasından sonra, məsələn, danışıqda fasilə zamanı və ya filmin sonunda gözünü qırpır. Bu zaman beyin diqqəti kəskin şəkildə azaldaraq qısa müddətə "passiv rejim"ə keçir. Yəni biz gözümüzü qırparaq bir fəaliyyətdən digərinə keçirik.

9. Insan özü-özünü qıdıqlaya bilər. Əlbəttə, qıdıqlaya bilər, lakin bu zaman o gülməyəcək, çünki beynimiz xarici qıcıqlandırıcıları dərk etməyə reaksiya vermək üçün tənzimlənib. Eyni zamanda hərəkətlərin koordinasiyasına cavabdeh olan beyincik qəfil toxunmaları gözlənilən toxunmalardan fərqləndirə bilir, yəni əgər biz birdən özümüzü qıdıqlamaq istəsək, beyin bu barədə birinci bilir və avtomatik olaraq "hücum"a hazırlaşır. Bu istiqamətdə eksperimentləri ilk dəfə hələ Aristotel keçirib və bu qəribə faktı qeydə alıb.

10. İQ nə qədər yüksək olarsa, daha yaxşı yuxular görmək olar. Ən parlaq, rəngli və daha müfəssəl yuxuları yüksək intellektə malik insanların gördüyünü təsdiq edən tədqiqatlar vardır. Bununla belə, əgər siz yaxşı yuxular görə bilmirsinizsə, məyus olmayın. Insanların çoxu gecə yuxularını yadda saxlamırlar, çünki o, 2-3 saniyəyə yaxın davam edir. Eyni zamanda başqa bir nəzəriyyəyə görə, kino kimi yuxuları yaxşı inkişaf etmiş təxəyyülə malik insanlar görürlər.


Yeri gəlmişkən


Dünyanın ən dahi alimlərindən biri olan Albert Eynşteynin beyni tədqiqatçılarda xeyli maraq oyadıb. O, böyük fizikin ölümündən yeddi saat sonra çıxarılıb və diqqətlə tədqiq edildikdən sonra Eynşteynin nitq və dilə cavabdeh olan beyin nahiyəsinin kiçik olduğunu müəyyən etmək mümkün olub. Eyni zamanda müəyyən edilib ki, rəqəmli informasiya ilə bağlı olan və riyaziyyata cavabdeh olan nahiyələr isə böyükdür. Bundan başqa, nisbilik nəzəriyyəsinin ixtiraçısının beyni adi beyindən 25 faiz böyük olub. Amma onun çəkisi hətta orta beyindən azdır- 1230 qram.

Ginnessin Rekordlar Kitabında qeydə alınmış rekorda görə Missuri ştatından olan xanım Merilin vos Savant dünyada ən yüksək İQ sahibidir. Onun intellekt əmsalı müxtəlif testlər üzrə (şkaladan asılı olaraq) 186-228 olub, özü də Merililin ilk "ağıl rekordu"nu cəmi 10 yaşında olarkən müəyyən edib. Jurnalist, yazıçı olan bu qadın uzun illər Amerika jurnallarından birində "Merilindən soruşun" rubrikasının aparıcısıdır və orada oxucuların ən müxtəlif suallarına cavab verir.

Ümumiyyətlə isə, insanların təqribən 50 faizinin İQ əmsalı 90-110 səviyyəsindədir. Yeri gəlmişkən, intellekt əmsalı üçün testlər hazırlandığı vaxtdan "seçilmişlər"- İQ əmsalları standart əmsaldan yüksək olan insanlar üçün ictimai təşkilatlar da yaranmağa başlayıb. Bunlardan ən məşhuru və böyüyü 50 ölkədə nümayəndəliyi olan Mensadır. Təşkilata əhalinin 98 faizindən daha yaxşı test göstəricisi olanları qəbul edirlər. İndi Mensanın təqribən 110 min nəfər üzvü vardır. "Ağıllıar klubu"nun əsas məqsədi bəşəriyyətin rifahı naminə intellektə dəstək göstərmək və onun inkişafını təmin etməkdir.

Böyük Britaniyadan olan Uilyam Potter isə üç yaşında İQ testində 140 bal toplayaraq Mensanın üzvü olub.

Sizin Reklam Yeriniz