Geniş yayılmış səhv fikrə görə fəlsəfə Platon və Aristotelin qızıl dövründən və ya ən azı, Kant və Hegelin vaxtından qalmış bir elmdir. Ümumiyyətlə, filosoflar indinin yox, qədim dövrlərin adamlarıdır. Amma səhvə yol verirsiniz! Cəmiyyətin bu intellektual hissəsinin bəzi nümayəndələri bu gün də yaşayır və gözəl ideyalar fikirləşir və böyük monoqrafiyalar yaradırlar. Budur, insan təfəkkürünün müasir liderləri:
Hilari Patnem
1926-cı ildə anadan olan Hilari Uaytholl Patnem ingilisdilli fəlsəfənin ən görkəmli nümayəndələrindən biridir. Çikaqodan olan filosof hazırda Harvard Universitetinin fəxri professorudur və az qala, yarım əsrdir dil və idrak fəlsəfəsi sahəsində işləyir. Onun fikrincə, "məna" sözü böyük hissəsi o qədər də dəqiq olmayan, lakin insanın yaddaşında nəsə canlandıran çoxlu sayda üsulla istifadə edilir. Anlamaq çətindir? Budur, ən sadə nümunə: "çörək" sözünü deyəndə o, kimdəsə kömbə obrazı, mühasirədə qalan adamda isə 200 qram çəkisi olan pay kimi canlanır. Patnemin sözlərinə görə, hətta əgər biz sözlərin hamının istifadə etdiyi mənalarını götürsək, onların, ən azı, iki mənası olur.
Derek Parfit
O, Böyük Britaniya fəlsəfəsinin parlaq nümayəndəsidir. Ikinci Dünya müharibəsi dövründə- 1942-ci ildə doğulub, Oksford Universitetində təhsil alıb, elə oradaca metafizika mövzusu- fəlsəfənin reallığın təbiətini öyrənən sahəsini və ya sadə dildə deyilərsə, mövcud olanları tədqiq etməyə başlayıb. Parfit öz fikrini daha konkret olaraq özünün fərdi eynilik məsələsi ilə bağlı fikir yürütdüyü əsas əsəri "Səbəblər və şəxsiyyətlər"də ifadə edib. Yəni müxtəlif zamanlar eyni insanla nə edir?
Filosof bildirir ki, insan vaxtla qarışan, bütöv eyniliyi alınmayan, amma əlaqəli olan, eyni zamanda fərqli şəkildə bir-birini əvəz edən "mənlər" zənciridir. Buna görə də siqaret çəkmək vərdişindən on illər sonra ziyan çəkəcəyini bilməsinə baxmyaraq, siqaret çəkməyə başlayan oğlanı ciddi mühakimə etmək lazım deyildir: "Bu oğlan özünü özünün gələcəyi ilə eyniləşdirmir. Onun öz gələcəyinə münasibəti, hansısa mənada, onun başqa adamlara münasibətinə bənzəyir"- Parfit yazır.
Tomas Nagel
Filosof ABŞ-da yaşayır, amma 1937-ci ildə Belqradda anadan olub. Nagel hazırda Nyu-York Universitetində fəlsəfə və hüquq elmlərindən dərs deyir, idrak fəlsəfəsinin tədqiqi məsələsində ən böyük mütəxəssislərdən biridir, eyni zamanda onun bir çox işləri siyasət və etikaya da aiddir. Onun sanballı "Yarasa olmaq necədir?" essesi yarasa şüuru nümunəsində müəllifin ideyasını açır.
O, həmçinin ən aktual fəlsəfə problemlərini asan və aydın dildə təsvir etdiyi "Hər şey nə deməkdir? Və ya fəlsəfəyə çox qısa giriş" kitabını yazıb. Orada ən anlaşılmaz fikirlər və terminlər aydın dildə yazılıb, buna görə də kitab çoxları üçün dərsliyə çevrilib və 21 dilə tərcümə edilib. Ümumilikdə isə, Nagel tərəfindən 62 məqalə və 40-a yaxın tənqidi esse yazılıb.
Devid Çalmers
Idrak fəlsəfəsi sahəsində ixtisaslaşan avstraliyalı filosofdur. Və yəqin ki, digərləri arasında ən gənc olan Devid Çalmers 1966-cı ildə doğulub. Özünün səs-küyə səbəb olmuş "Dərk edən ağıl" kitabında idrak problemlərini nəzərdən keçirir və ona fiziki proseslər nöqteyi-nəzərindən razılaşdırılmış baxışı təkzib edir.
The Sunday Times onun kitabını "İlin ən yaxşı elmi monoqrafiyası" adlandırıb.
1990-cı illərin əvvəlində isə Çalmers Elmi İdrak Tədqiqatları Assosiasiyasının təsisçilərindən biri və onun tədqiqinə həsr edilmiş dünyada ən böyük elmi konfransların təşkilatçısı olub. Bu gün İdrak Mərkəzinə rəhbərlik edir və Avstraliya Milli Universiteti və Nyu-York Unversitetində fəlsəfədən dərs deyir.
Con Makdauell
Yuxarıda adları çəkilən filosoflardan fərqli olaraq o, bu gün nadir olan antifilosoflar cərəyanına məxsusdur. Onlar, əslində, fəlsəfi problemlərin həllini yox, onun "buraxılma" imkanlarını axtarırılar. Amma bununla fəlsəfə fəlsəfə olmağını dayandırmır. Çaşıb qaldınız? Əslində, bunu inam və ateistlərin nümunəsində anlamaq çətin deyildir: onlar heç nəyə inanmadıqlarını deyən vaxt inanmağı dayandırmırlar, sadəcə olaraq, Tanrıya inanmırlar, Tanrının olmamasına inamın özü isə, bir növ, inamadır. Eyni şey fəlsəfə və antifəlsəfəyə də aiddir.
Makdauell Cənubi Afrikada doğulub, indi isə Pittsburq Universitetinin professorudur. Özünün bir sıra elmi işlərində Kant və Hegelin əsərlərindən irəli gələn nəzəriyyələri inkişaf etdirir.
Marta Nussbaum
Fəlsəfə qadın işi deyildir? Amma bəzən istisnalar olmalıdır.
Kişilərin dominantlıq etdiyi sahədə Marta zərif cinsin nümayəndələrinin yoxluğunu kompensasiya edir. O, 1947-ci ildə Nyu-Yorkda doğulub, bu gün isə Çikaqo Universitetinin professoru və qadın hüquqlarının qızğın tərəfdardır. Və o, dəfələrlə Foreign Policy və Prospect Magazine jurnallarının versiyası üzrə aparıcı intellektualların Qızıl yüzlüyünə daxil edilib.
Marta hindistanlı Amartiya Sen və tədqiqatçılar qrupu ilə birlikdə 2003-cü ildə İnsanın İnkişafı və Bacarıqları Cəmiyyətinin təsisçisi olub, Sen tərəfindən əsası qoyulan Capability approach adlandırılmış və öz vaxtında insan potensialının inkişaf indeksinin ortaya çıxmasına səbəb olan yanaşmanın inkişafında böyük rol oynayıb.
Con Syörl
Güclü və ağıllı natiq Can Syörl 1932-ci ildə anadan olub, təhsilini Oksford Universitetində alıb. Dil fəlsəfəsi ilə məşğul olur. O, həmçinin özünün insan intellektinin semantik tərkib hissəsinin sintaksis vasitələrlə canlandırılmasını qəbul etməyən "Çin otağı" adlı eksperimenti ilə də məşhurdur. Və göstərib ki, süni intellektdən pay almış rəqəmli texnologiya insanın malik olduğu mənada təfəkkürə sahib ola bilməz. Yəni süni intellekt idrak deyil.
Sol Skripke
Amerikalı filosof, məntiqçi, 1940-cı ildə doğulub. Hazırda o, Prinston və Harvard unversitetlərinin fəxri professorudur və son 200 ilin 10 ən nüfuzlu filosofu sırasına daxildir. Onun əsərlərinin çoxu indiyə kimi dərc edilməyib, yalnız audioyazı və ya əlyazma şəklində qalmaqdadır.
O, ilk dəfə "Adlandırma və zərurət" kitabı dərc olunduqdan sonra məşhurlaşıb. Skripke kitabda təsdiq edir ki, əşyalar mövcudluğunu dayandırmadan itməyən bəzi xüsusiyyətlərə malik olur. Emprik yolla (təcrübəyə əsaslanan) müəyyən edilən lazımi həqiqətlər və bizə təcrübədən asılı olmadan məlum olan təsadüfi həqiqətlər ola bilər.
Skripkenin digər mühüm nailiyyəti "su H2O-dur" kimi təcrübəyə əsaslanan lazımlı həqiqətlərin nümyiş etdirilməsidir.
Daniel Dennet
Amerikalı filosof, nə vaxtsa Harvard və Oksford universitetlərinin tələbəsi olub, 1942-ci ildə doğulub. Bu gün onun tədqiqatları fəlsəfənin üç mövzusuna – idrak, elm və biologiyaya aiddir.
Bundan başqa, o, dini tənqid edənlərdən biridir Hesab edir ki, Kainat hadisələri tam olaraq təbiət qanunlarına tabedir.
Yurgen Habermas
1929-cu ildə Düsseldorfda doğulan Yurgen Habermas tanınmış alman filosofudur. O, həmçinin əsas intellektuallar sırasında yer alır. Sabiq Frankfurt məktəbinin məşhur tənqidi nəzəriyyəsinin tərəfdarıdır, onun baxışlarına keçən əsrin altmış və yetmişinci illərində Qərbdəki tələbə hərəkatı böyük təsir göstərib. Bu gün beynəlxalq terrorizm mövzuları üzərində işləyir, terrorizmin əmələ gəlməsi və yenidən yaranmasında "sivilizasiyaların toqquşmasını" əsas səbəblərdən biri hesab edir.