Əlaqə Arxiv
news Image
2015.07.07
20:20
| A A A
Yaddaşımızın elmi qanunauyğunluqları

Yaddaş insanın beyin və təfəkkürünə aid olan ən müəmmalı xüsusiyyətlərdən biridir. Biz nə üçün bəzi məlumatları yadda saxlayırıq, lakin digərlərini unuduruq? Nə üçün bəzən bizə elə gəlir ki, heç vaxt bizimlə baş verməyən hadisələri xatırlayırıq? Tədqiqatçılar hesab edirlər ki, möcüzə kimi görünən bu halların hamısının əsaslandırılmış elmi izahı vardır. Onlardan bəzilərinə nəzər salaq.


Sensorlu yaddaş sürətlə "yox olur"

Söhbət bizim hiss orqanlarımızdan beyinə daxil olan informasiyadan gedir. Bu zaman vizual məlumatlar, necə deyərlər, ikonik yaddaşda, eşitmə məlumatları isə əks-səda yaddaşında saxlanır. Ikonik yaddaş informasiyanı yarım saniyədən az bir vaxtda saxladığı halda, əks-səda yaddaşı xeyli çox- 3-8 saniyə yadda saxlayır. Ona görə də biz başqa bir adamın səsini onun üz cigilərindən daha yaxşı yadda saxlayırıq.


İnsanlar, orta hesabla, yeddi elementi yadda saxlaya bilir

Bu kəşfi 1956-cı ildə amerikalı psixoloq Corc Miller edib. O müəyyənləşdirib ki, əgər insandan dərhal bir sıra elementlərin, məsələn, hərfləri, rəqəmləri və ya obyekt adlarını xatırlamağı xahiş etsələr, o, bunlardan, ikisi artıq-əskik olmaqla, yeddisini yada salacaq. Bu, bizim, necə deyərlər, qısamüddətli yaddaşımızın xüsusiyyətləri ilə bağlıdır.

Əgər elementlərin sayı çoxdursa, onları yalnız yeddi-yeddi qruplara bölərək yada salmaq olar.

Yeri gəlmişkən, informasiyanın yaddaşda saxlanma müddəti 18 saniyə davam edir. Bundan sonra o unudulur. Mənası olmayan sözlər məna kəsb edən sözlərə nisbətən daha tez yaddan çıxır.


Uzunmüddətli yaddaşın həcmi tükənməzdir

Necə düşünürsünüz, biz tanış üzləri və ya bu və ya digər əşya ilə bağlı olan funksiyaları nə üçün xatırlayırıq? Buna uzunmüddətli yaddaş şərait yaradır. Alimlər onu prosedur və deklarativ yaddaşlara ayırırlar. Birinci yaddaş bu ya digər qıcıqlandırırcıların, həmçinin fəaliyyətlərin şərti baza reaksiyalarının yada salınması ilə əlaqədardır. Ikinci yaddaş isə adlar, üzlər, tarix və ideyalar kimi faktların xatırlanması ilə bağlıdır.

Ötən əsrin 60-cı illərində Rocer Sperri və Maykl Qezzenq beyin yarımkürələrini birləşdirən qabarıq cismi (latınca- corpus callosum) bölünmüş pasientlər üzərində təcrübə keçiriblər. Alimlər pasientdən solda hansısa bir əşyanı qoyan və ya onu pasientin sol əlində yerləşdirən vaxt o, əşyanın adını deyə bilməsə də, onun təyinatını çox gözəl dərk edib.

Əgər əşyanı pasientin sağ tərəfinə qoyublarsa və ya sağ əlində yerləşdiriblərsə, o, səhvə yol vermədən əşyanın adını yada salsa da, ondan praktikada necə istifadə etməyi izah etməkdə çətinlik çəkib.

Bununla belə, alimlər hesab edirlər ki, uzunmüddətli yaddaşın sərhədi yoxdur. O, beyin sinapslarının (yunanca- birləşmə, əlaqə) sayı- 1015-lə müqayisə edilə blər.


Yaddaşı "yenidən yazmaq" olar

Konstantin Anoxin başda olmaqla Kurçatov İnstitutunun (Rusiya) tədqiqatçılar qrupu informasiyanı yadda saxlamağın genetik mexanizmini kəşf edib. Məlum olub ki, insanlar nə vaxtsa nəyisə yada salan və əvvəllər yadda saxladıqları məlumatları xatırlayan vaxt onlarda eyni genlər "işə düşür". Alimlər bu nəticəyə gəliblər ki, bu zaman daha əvvəlki xatirələr silinir və yeniləri ilə əvəz olunur.

Onlar yaddaşın müəyyən fraqmentlərini həmişəlik olaraq silməyin mümkünlüyünü yoxlamaq qərarına gəliblər. İndi virtual reallığa dalmaq və "yenidən yazmaq" funksiyasını təcrid edən xüsusi maddələrin beyinə təsiri yolu ilə xoşagəlməz xatirələri silmək metodikası hazırlanır.


Yaddaşı "köçürmək" olar

"Yalançı yaddaş" fenomeni artıq çoxdan məlumdur. Belə ki, ötən əsrin 70-ci illərində ABŞ-da ailə zorakılığı ilə bağlı çoxlu məhkəmə işlərinə baxılıb. Insanlar uşaqlıqda hansısa qohumu tərəfindən fiziki və seksual zorakılğa necə məruz qaldıqlarını "xatırlayıblar". Amma istintaq bu faktları təsdiq etməyib.

Görünür, "iddiaçılar" hansısa psixi durumda olublar və uydurma hadisələrin onlarla həqiqətən baş verdiyinə inanıblar.

Çoxsaylı eksperimentlər göstərib ki, yaddaş və təxəyyülün fəaliyyəti arasında xüsusi fərq yoxdur. Əgər insana hipnoz altında onunla nəyinsə baş verdiyini təlqin etsələr və ya israrla onu buna inandırsalar, o, uydurma hadisəni öz tərcümeyi-halı kimi qəbul etməyə başlayır.


Müxtəlif informasiyalar beynin müxtəlif zonalarında saxlanır


Karnegi Mellon Universitetindən olan tədqiqatçılar 16 könüllüdən səkkiz ölmüş heyvana aid bir sıra faktları yada salmağı xahiş ediblər. Məsələn, söhbət onların yemək vərdişləri və yaşayış mühitindən gedib. Iştirakçılar informasiyanı yadda saxlayan vaxt alimlər onların beyinlərini skanirə ediblər. Məlum olub ki, söhbətin hansı heyvandan getməsindən asılı olaraq, məlumatlar xatırlanan vaxt eyni beyin nahiyələri fəallaşıb və fəallaşma kombinasiyaları fərqlənib.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf təhsil sistemini daha da effektivləşdirə, həmçinin qocalıqla bağlı əqli zəiflik və Alsgeymer xəstəliyindən əziyyət çəkən insanlara kömək edə bilər.

Sizin Reklam Yeriniz