67P / Çuryumov-Gerasimenko adlı ördək formalı komet artıq tarixə kosmik aparatın enə bildiyi ilk komet kimi düşüb. "Rosetta" kosmik aparatı və "Philae" roveri vasitəsilə alınan məlumatları öyrənən astronomlar bildiriblər ki, kometdə mikroorqanizmlər ola bilər. Bundan başqa, mütəxəssislərin fikrincə, bu komet "yaşamaq üçün hətta Yerin qütb regonlarından daha münasib ola bilər".
Kardiff Universitetindən olan doktor Maks Uollis və Bukingem Astrologiya Mərkəzinin direktoru, professor Çandra Vikramasinqhenin hazırladıqları modeldə güman edilir ki, kometin mikroorqanizmlər tərəfindən məskunlaşması üçün onlara maye halında su lazımdır (mikroorqanizmlər buz çatları arasında yaşaya bilər). Bu orqanizmlərdə mütləq mənfi 40 °C-yə kimi (indi kometin Günəşə tərəf istiqamətlənmiş hissəsindəki temperatur bu qədərdir) temperaturda yaşamağa imkan verən antifriz duzlar olmalıdır.
Alimlər hesab edirlər ki, buz altında canlı orqanizmlərin mövcud olduğunu kometin qara örtüyündəki zəngin üzvi birləşmələr, eləcə də onun səthindəki nəhəng qayaların çoxluğu göstərir. Orada həyatın mövcudluğunu "Rosetta" tərəfindən aşkar edilmiş üzvu maddələr, həmçinin buzdakı çatlardan çölə çıxan qaz-toz axınları da dolayısı yolla sübut edir.
Bunun necə olmasından asılı olmayaraq, nə orbital "Rosetta" aparatında, nə də "Philae" roverində canlı orqanizmlərin mövcudluğunu müəyyən etmək üçün cihazlar yoxdur.
Xatırladaq ki, Çuryumov-Gerasimenko kometi 23 oktyabr 1969-cu ildə sovet astronomu Klim Çuryumovun başqa bir komet- 32Komas Solanın Svetlana Gerasimenko tərəfindən çəkilmiş fotoşəklində tapılmasından sonra kəşf edilib.
2004-cü ildə onu tədqiq etmək üçün "Rosetta" kosmik aparatı buraxılıb. Və missiya çərçivəsində- 12 noyabr 2014-cü ildə dünyada ilk dəfə "Rostta"dan ayrılan "Philae" roveri kometin səthinə enib.