Tezliklə mobil telefonları xüsusi doldurma adapterlərinə qoşmaq lazım gəlməyəcək. Onları məsafədən doldura bilən elektromaqnit şüalanması özü otaqda boşalmış batareyanı axtaracaq və 40 dəqiqə ərzində onu enerji ilə dolduracaq.
Yeni yükləmə cihazının müəllifi Kuban Dövlət Universitetinin (Rusiya) magistrantı Dmitri Lopatin bildirir ki, telefonun məsələn, hava limanı zalında və ya otelin foyesində şüanı (elektromaqnit axınını) görməsi üçün onun dəstəyinə xüsusi yastı antena yapışdırılmalıdır. Əgər cihaz boşalmış batareyanı aşkar edərsə, avtomatik olaraq, məsafədən onu doldurmağa başlayır. Hələlik bu məsafə 1 m təşkil edir. Amma yenilik müəllifi gələcəkdə məsafəni 3-5 metrə qədər uzatmağı planlaşdırır.
Hava vasitəsilə ötürülən şüa insan üçün zərərli deyil, çünki cəmi 2 Vt təşkil edir, zərərli şüalar isə 10 Vt-dan başlayır.
Otaqdakı adamların elektromaqnit şüa və doldurulan aparat arasında əlaqəni dayandırmaması məqsədilə siqnalın ötürülməsi üçün cihazda iki kanal- radiodalğa və ultrasəs kanalı vardır. Ultrasəs kanalı istiqamətvericidir, o, enerji dalğasına kiçik maneələrdən keçərək, hədəfə çatmaqda ən optimal yolu tapmağa imkan verir.