Movqe.az xəbər verir ki, üzümüz duyğularımızın ortaya çıxdığı
bir bölgədir.
Sevinc, üzüntü, qayğı, əsəbilik, utanma kimi duyğularımız
üzümüzdəki ifadə və üz rəngimizin dəyişməsi ilə özünü büruzə
verir.
Bəzən isə duyğularımızı gizlətməli olduğumuz zamanlarda üz
ifadəmiz, yanağımızın qızarması bizi ələ verir.
Ani üz qızarıqlığı daha çox yanaqlarda və üzün ön bölgəsində ortaya
çıxır. Bəzi hallarda qulaqlar, boyun, sinənin yuxarı bölgəsi də
qızara bilər. Qızarma ilə birlikdə istilik basma halı da
yaşanır.
Üz qızarması normal və anormal olaraq iki cür yaşanır.
Normal üz qızarması utanma, səhv hərəkət etmə, pis vəziyyətdə olma,
günah işləmək, əsəbilik, həyəcan, narahatlıq kimi duyğu hallarında
təbii bədən reaksiyası kimi ortaya çıxır. Belə hallarda insan
bədənində adrenalin hormonu ifraz olunur və bədən istiliyi ani
olaraq artır. Bədənin ani artan istiliyi simpatik sinir sisteminə
təsir edir. Simpatik sinir sistemi üzün qan damarlarını
genişləndirərək isinmiş qanı üz bölgəsinə göndərir. Belə halda
isinmə hissi və üz qızarması ortaya çıxır. Bir müddət sonra yoxa
çıxan bu üz qızarması normal qəbul edilir.
Gündəlik olaraq adi vaxtlarda, səbəb olmadan yaşanan üz qızarması
anormal hesab olunur. Deməli, simpatik sinir sistemi çox işləyir və
həddən çox həssas olur. Bu insanlarda yuxarıdakı duyğulardan başqa
normal hallarda da sistem funksiyası pozulur və çox işləməyə davam
edir.
Belə qızarma problemi insanın psixoloji halına təsir edirsə, bu, üz
qızartısı xəstəliyi adlanır.
Kişi və qadınlarda eyni səviyyədə görülür. 10-20 yaş arasında
narahatlıq, əsəbilik və hormonal funksiya ilə bağlı olaraq daha çox
görülür.
Spirtli içki, isti və ədviyyatlı yeməklər, isti içkilər, ani olaraq
isti, ya soyuq bir yerə girmək, çox isti hava, isti hamam,
qızdırma, idman etmək kimi bədən istiliyini artıran hallar da üz
qızarmasına səbəb olur.
Bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərmanlar, qidalara
atılan bəzi qoruyucu kimyəvi maddələr, bəzi şəkər, döş xərçəngi,
angina və yüksək təzyiq, sümük xəstəlikləri, prostat xərçəngi üçün
istifadə edilən dərmanlar üz qızarmasına səbəb ola bilər.
Üz qızarmasının səbəb olduğu xəstəliklər hansılardır?
Rosacea: Bu, qızartıya səbəb olan geniş yayılmış bir dəri
xəstəliyidir. Bu xəstəlik zamanı üz damarlarında qalıcı genişlənmə
olur. Əsasən yanaq və burun bölgəsində ortaya çıxır. Bəzən gözlərə
də təsir edə bilər.
Hiperhidroz. Bəzi insanlarda üz qızartısı çox tərləmə (üz, əl,
qoltuqaltı tərləməsi kimi) ilə birlikdə yaşanır.
Menopauza. Üz qızarması menopauza ilə də bağlı ola bilər.
Karsinoid sindromu. Nadir rastlanan bir xəstəlik olan karsinoid
üzdə qızartıya səbəb olur. Bu xəstəlikdə üz qızarması əsasən 20
dəqiqə davam edir, mədə ağrısı, ürək döyüntüsü, ishal halları da
yaşana bilər.
Üz qızarması ilə bağlı insanlarda iki fobiya yaşanır:
Sosial fobiya - sosial şəraitlərdə ya performans göstərərkən tənqid
edilməkdən, ya özünə güvənsizlikdən dolayı insan narahatlıq içində
olur və üzü qızarmağa başlayır.
Utancaqlıqla da sıx bağlı olur.
Erotrofobiya - "İndi üzüm qızaracaq" qorxusu ilə həmişə qayğı
içində olan bir narahatlıq halıdır.